Akif İslamzadəyə qulaq asanda o dünyanı görüb gəlirəm. Və Akif İslamzadənin ilahi səsinin məni apardığı o dünya o qədər qeyri-adi, qələməgəlməz, təsvirəgəlməz və o qədər maraqlı bir dünyadır ki, elə hərdən bu dünyadan bezəndə (bu da tez-tez olur) Akifə qulaq asıb çıxıb gedirəm o dünyaya. Akifin səsi tutur qolumdan aparır o dünyada bir bulaq başına. Sonra əlini salır çəkir ürəyimi çıxarır, sıxır içində nə qədər zəhərlənmiş qan var hamısını axıdır, sonra bulağın gözündə təmiz-təmiz yuyur, qaytarıb qoyur sinəmə. Deyir, yazıqsan, get hələ yaşa. Deyir, hələ yaşamağa dəyər bir az da. Deyir hələ Şuşaya gedəcəyik, bayraq sancacağıq, nə tələsirsən?
Eh, Akif İslamzadə, o nənəsi ölməli olan Sarı gəlinin nənəsinin günahı yox idi ey, özü maa gəlmədi. Sevdi məni, amma gəlmədi. Dedi, şairlər sevilmək üçündü, ərə getmək üçün deyil. Dedi, şairsən deyin gedib mən kirəkeş evlərdə canımı çürüdə bilmərəm. Dedim, ruhən varlıyam. Dedi, ruhunu yemək olmur, geymək olmur, içmək olmur, nə də ruhunun içindəyaşamaq olmur. O ruhun, o sən, get kefini elə. Mən də o vaxtdan ruhumu götürüb kef eləyirəm. Heç indi onu qınamıram. Və hətta şer də yazdım ki,lap Allahın özüylə də bu kirəkeş otaqlarda gül ömrünü çürütməyə dəyməzmiş. İndi şairləri sevib özgəsinə gedən qızları qınamıram, şairlər sevilmək üçündü. Məkkə torpağı tək öpülüb göz üstünə qoyulmaq üçündü. Elə Akif İslamzadə kimi.
Məni sevib
özgəsinə gedən qız,
Heç nənən də ölməsin!
Akif İslamzadə, neçə illərdi ha istəyirəm sənin səsindən, səsiyin məni apardığı dünyadan nə isə yazım, yaza bilmirəm. Gücüm çatmır. Bəlkə də gücüm çatar ey, amma "burası Şuşa olmayan" dünya qoymur. "Burası Şuşa olmayan" dünyada o qədər dərd, kədər, ağrı, xəyanət, çirkab. Hansı ilə mübarizə aparasan? Ramiz Rövşən demiş:
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi.
Hər halda bizi aldadıb bu dünyaya gətirən ananın günahı bağışlanandır. Bəs bizi aldada-aldada öldürənlərin günahını hara yazaq? Bəs bizi çərlədə-çərlədə öldürənlərin günahını hara yazaq? Deyirəm, nə yaxşı sən varsan ey, Səttar Bəhlulzadə var, Füzuli var, Üzeyir bəy var, Qara Qarayev var, Bəxtiyar Vahabzadə var, dünyada Sara Qədimova qədər ilahi səsi olan başqa bir sənətkar tanımayan Məmməd Araz var, Alim Qasımov var, Qədir Rüstəmov var... Yoxsa çoxdan bezin qırağını qatlamışdıq. Deyirlər Allahın bizə yazığı gəlmir. Yalan sözdü, Allahın bizlərə yazığı gəlməsəydi, sizləri öz məkanından hərənizə bir 60, 70, 80 il, bəzən lap 25 il ömür verib bu dünyaya göndərməzdi.
Allah bu dünyanı təmiz yaratmışdı. Sonra murdarlandı, çirkaba batdı. 124 min peyğəmbər göndərdi dünyanı çirkabdan təmizləmək üçün. Və sizləri göndərdi. Və sizlər də olmasa, bu dünya Zimbabveyə dönər. Allahın bizlərə yazığı gəldiyindən sizlərin əlinizlə qoymur dünyanı Zimbabveyə dönməyə. Şükür, ilahinin qüdrətinə!
Hacı Arif bir toydaymış. Biri babat vurandan sonra gəlir durur Hacının qarşısında, deyir, məni tanımadın? Deyir, tanımadım. Necə ola bilər ki, məni tanımadın? Tanımadım də, qardaş. Axı, niyə tanımadın, yadına düşür 72-ci ildə Gədəbəydə Məmmədin toyunda sən oxuyurdun, mən də bəyin sağdışıydım. Hacı gülüb deyir:
- Bağışla, qardaş, mənim səhvim, böyük günahım, səni tanımadım.
İndi o Gədəbəydəki dostumuzun sözü olmasın, yadından çıxmayıbsa, 1981-ci ildə mənim toyumu da sən eləmişdin. Mən Qədiri istəyirdim, Məmməd Araz səni. Qorxdum, razılaşdım. Dedim birdən qızı verməz.
Akif İslamzadə, o ilahi səsiyin xeyir-duası 19 ildi üstümdədi. O ilahi səsiyin xeyir-duasıdı ailə xoşbəxtliyim.
Akif İslamzadə, sənin səsin batmayıb. Sənin səsin Allaha o qədər xoş gəldi ki, götürüb apardı öz məkanına. Allahın da dərdi var, nə olar Allah olanda. Biz bəndələri Allaha dərd yaradır. Və onda sənin səsinə qulaq asır.Və bu dünyada heç kim bilmir ki, Akif İslamzadənin səsi olmasa, Allah bir gün əsəbiləşib dünyanı Zimbabveyə döndərər.
Akif İslamzadə, Qaçay Köçərli Qədir Rüstəmova deyir ki, səsini yaramın üstünə bağlayım. Şair qardaşımız Vətən yolunda qeyrətlə vuruşub qeyrətlə şəhid olan balasının təsəllisini Qədirin səsində tapır. Sizlərin səsinizi yaramızın üstünə bağlayırıq, Akif İslamzadə!
Cavanlıqda Səttar Bəhlulzadənin əsərlərinə baxandan sonra demişdim ki, bu əsərlər gözlə görünən musiqidi. Mən o əsərləri görmürəm, eşidirəm, hər rəngin, hər çaların səsini eşidirəm. Özü də vallah, dəli-filan deyiləm. Akif İslamzadə, mən sənin səsini eşitmirəm, görürəm. Min bir rəng görürəm sənin səsində, belə qaynayır. Amma su kimi qaynamır ey, od kimi qaynayır, dağın başında vulkan qaynayıb od püskürür ha, bax elə. Sonra bu od axır, belə çay kimi, vulkanın lavaları kimi. Vulkanın lavaları qarşısına nə keçsə, hamısını yandırıb kül eləyir, məhv eləyir. Sənin səsindən axan o od içimizdəki pislikləri məhv eləyir, fərqi budu.
Mən sənin səsini eşitmirəm (bağışla "sən" deyə müraciət edirəm), görürəm. Daşaltı çayında üzən pırıl-pırıl balıqlar kimi görürəm, Gülablı meşələrindəki bənövşələr kimi görürəm, Kirsin başındakı duman kimi görürəm. Qurban ola bilmədiyimiz Laçın kimi görürəm. Dəli dağda bir gündə beş dəfə açılıb-tutulan göy üzü kimi görürəm. Bəlkə də heç kəs inanmayacaq, durub "Qur'an"a and içəsi deyiləm ki!
Akif İslamzadə, çox istəyirəm sənin gördüyüm səsindən nə isə yazam, amma yuxarıda dediyim kimi, hələ yaza bilmirəm. Günlərin bir günü yazacam.
Dilxor olma, Akif İslamzadə, dilxor olma səsinin batmağına. Səsin Allahın məkanındadı. Və Allahı bəndələrinin dərdi götürəndə sənin səsinə qulaq asır. Günlərin bir günü sən də gedəcəksən Allahın məkanına (Allahın məkanına yalnız o məkandan yer üzünə göndərilənlər qayıdır) və onda görəcəksən ki, səsin orda-Allahın yanındadı. Çox istərdim mən də Allahın məkanına gedəm, neçə ildi həsrətini çəkdiyim səsini görəm. Amma kimdi məni ora buraxan?
Mənimki uzaqbaşı Ağdamın Qarağacı qəbiristanlığıdı. Sonda. Akif bəy, sizi ad gününüz münasibətilə öz adımdan və qəzetimizin oxucuları adından təbrik edirəm və sizə Allahın məsləhət bildiyi qədər ömür arzulayıram.
Bakı 2000-ci il