“Literaturşina” bənövşənin yanındakı broyler toyuğudu POLEMİKA

“Literaturşina” bənövşənin yanındakı broyler toyuğudu POLEMİKA
19 oktyabr 2013
# 07:15

Kamal Abdullanın müsahibəsiylə başlayan literaturşina müzakirəsi davam edir.

Kulis.Az yazıçı, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədlinin məqaləsini təqdim edir.

“İnanıram ki, o yazıçı Ekoya bənzəməyəcək”

Bizdən Eko-zad çıxan deyil, heç ürəyinizi sıxmayın. Düzdür, Azərbaycan müstəqillikdən dərhal sonra ECO-nun üzvü oldu. UMBERTO ECO-nun yox, İƏT ECO-nun. Çox dərinə getmirəm, bircə kəlmə – Eko kimi yazıçılar göbələk kimi yağışdan sonra üzə çıxmırlar. Onun kökü, bünövrəsi və ən nəhayət intellektual masştabı mənsub olduğu mədəniyyətin mənəvi keyfiyyətləri, hələ üstəlik coğrafi sərhədləri üzərində dayanır. Roma Papasından yaxşı katolik olmaq nə qədər gülməlidirsə, Ekodan yaxşı ekoçuluq elə həmən şeydi.

Portuqaliya millisi Bakıda oynayanda təbii ki, uduzduq. Uduzmaya bilməzdik. Amma yadımda bir şey qaldı, futbolçularımızdan biri demişdi ki, gördünüz, Ronaldoya necə badalaq vurdum. Ronaldo bizim futbolçulara badalaq vurmaq üçün lazım olduğu kimi, Umberto Eko da bizim yazıçılara özünü ona oxşatmaq üçün lazımdı.

Bəs bizim koloritli milli bünövrəmiz üzərində dayanıb Eko olmaq olarmı? Əli qələmli babalarımızın əsrlərdən adlayıb gələn irsinə söykənib dünyanı heyrətləndirmək olarmı? Təbii ki, olar. Mənim deyə bilmərəm, əgər kiminsə ömrü yetib o yazıçını, o günü, o tarixi görəcəksə ona salam olsun!

İnanıram, həmən yazıçı Ekoya bənzəməyəcək, Ekodan böyük Eko olacaq.

Bir neçə kəlmə də başsız atlı kimi dünya meridianlarında yorğa gedib, sonra da üstümüzə qayıdan tərcümə olunmuş kitablarımız barədə. Xaricdə kitab çap etdirmək vacib və məsuliyyətli məsələdi. Azərbaycan yazıçısı üçün, illah çətindi. Ən azı dünyaya sübut eləmək lazımdır ki, Bakıda neftdən başqa ədəbiyyat da var. Başqa sözlə desək, neft çıxan ölkədən yazıçılar da çıxa bilir – bu, zarafat iş deyil, imic məsələsidi.

O biri tərəfdən orta statistik Avropa oxucusu Azərbaycan yazıçısının əsərini oxuyanda orada nəsə tanış olmayan koloriti, bu vaxta kimi görmədiyi nəfəsi duymalıdır. Yoxsa kitabxanasının rəfinə otuz il bundan qabaq oxuyub yığdığı kitabların remiks variantı (sözə bax də) nə dərəcədə maraqlıdı? Bir sözlə, xaricdə kitab çap etdirmək bizim üçün yox, elə xaric üçün lazımdı. Bizim bir bölük mundirli yazıçımız isə bunu, necə deyərlər, «daxili istifadə üçün» edir. Beləliklə, bizim xaricdə çıxan kitablarımız monqol turistlərinin monqol dublyonkalarını almasına oxşayır. Onda sualı belə qoyaq – Ədəbiyyat nəyinə lazımdır: özünü ifadə eləmək üçün, yoxsa Məşədi İbadın hambalı kimi, ayağının altına qoyub yuxarı dırmaşmaq üçün?!

Dünyadan söz düşmüşkən, dünyanın icad elədiyi və bizim məişətimizdən tutmuş, bütün sahələrə qədər gündəlik istifadə etdiyimiz bir aparat var – kserokopiya aparatı. Mətbəxdə soyuducu nədirsə, hamamda vanna nədirsə, ofisdə kompyuter nədirsə, bizim «intellektual» camiədə kserokopiya aparatı da həmən şeydi. Azərbaycanda kserokopiya maşını gündəlik istifadə vasitəsidir. İnanmırsınız? Elmlər Akademiyasında ən çevik işləyən kserokopiyadı. Şartaşart! 80-ci illərdə yazılmış dissertasiyaların kserosurəti çıxardılır, cildi dəyişdirilir, olur təzə elmi iş. Guppagup! Sovetin elmlər namizədləri çönüb olur fəlsəfə doktorları. Hələ şou-biznesi demirəm, burada kserokopiya müğənnilər üçün dodaq boyasından vacibdi. Ksero-kliplər, ksero-mahnılar, ksero-imiclər. Hələ filmlərimiz… Çəkiliş qurtarandan sonra məlum olur ki, axı bunu deyəsən hardasa görmüşük. Kserokopiya ədəbiyyat üçün vacibdən vacib, necə deyim əşədüvacib atributdur. Camaatın yazdığını kopiyalamaq bir yana, hələ bir həmən kitabı orijinal yazıçının vətənində də basdırmaq, yəni çap elətdirmək istəyirlər. Ksero-mahnı, ksero-film, ksero-yazıçı… Hara gedirik biz?

Dünyadan danışırıqsa, olarmı postmodernizmsiz keçinək? Bizimkilər postmodernizmi belə başa düşür - sən demə Otellonu Dezdamona boğubmuş… Sən demə Otello heç kişi deyilmiş... Qopuzun sınsın Dədə… Bunlar hamısı sənin kitabının təsirindəndir. Həyata dəxli yoxdu. «Kitabdan gələn», «həyatdan gələn» - bu nə əllaməlikdi belə? Sözün həqiqi mənasında dünyada tanınmış, böyük azərbaycanlılardan biri Azad Mirzəcanzadənin bir fikri var, təxminən belə deyib: «Əzəldən məlumdur ki, «yeriyən kitabxanaya» bənzər adamlardan, adətən, yaradıcı şəxsiyyət çıxmır». Düzdür bir az sərt səslənir, amma «literaturşina» deyilən zada bundan yaxşı tərif təsəvvür eləmirəm.

Bəs «həyatdan gələn» nədi? Məmləkətimizin həyatdan gələn dəli-dolu yazıçılarından biri sevdiyim şairin qırx yaşında bapbalaca, ovuc içi boyda təbrik yazmışdı. Bu balaca təbrikə qəlbinin istisini elə hopdurmuşdu ki, onu dəftərimin küncünə yazıb indiyə kimi saxlayıram. «Təbiətdə güclü, selləmə, şıdırğı, leysan yağışlar olur, adicə, sakitcə, aram-aram yağan yağışlar da. Və lap bir anlıq, bircə dəqiqəlik sakit yağan yağışdan sonra hardasa bir yolun qırağında doğulub dünyaya gələn bir cüt bənövşə böyük sevinc olub bir uşağın xatirində ömürlük qala bilir. Sən mənim aləmimdə bu yurdun şairlərinin payına düşən, sonsuz-sərhədsiz, adsız-ünvansız, torpağa aram-aram yağan yağışsan, əzizim …». Mənim fikrimcə, həyatdan gələn ədəbiyyat həmən o sakit yağışdan sonra cücərən bir cüt bənövşənin bir kənd uşağının ürəyinə doldurduğu və bütün ömrü boyu özü ilə daşıdığı xatirədir. «Literaturşina» isə həmən o bənövşənin böyründə küllənən broyler toyuğudu, nə qədər əndamlı olsa da, bir kənd beçəsinin dadını vermir.

Kimlər etiraf eləməyib ki, mətndə təkcə qrammatik qayda-qanunlar deyil, həm də onun müəllifinin ürək döyüntüləri hiss olunmalıdır. Ürək yaman şeydi ha... «Bizə ürək göndərin». Yeri gəlmişkən, dırnaqda yazdığım təzə tamamladığım hekayəmin adıdı. Yazqabağı çıxacaq kitabımda oxuyacaqsınız.

Dünyaca məşhur tenor Xose Karreras deyib ki, opera müğənnisinin qəlbi nə qədər təmiz və xeyirxah olarsa, onun tembri də bir o qədər gözəl olar. Yəni pis adamın heç vaxt yaxşı səsi ola bilməz. Məncə, bu fikri ədəbiyyata da şamil etmək mümkündü. Pis ürəkli adamlar heç vaxt… İstəyirsən özünü lap İsa Məsihlə müqayisə elə…

Natiq Məmmədli

“Kaspi” qəzeti

Polemikanın digər yazıları

Kamal Abdulla: “Mən öz İtaka adama hökmən qayıdacağam” MÜSAHİBƏ

Şərif Ağayar: Kamal Abdulla ilə kənd söhbəti

Kənan Hacı: Kamal Abdulla öz sirrini açmır...

Cəlil Cavanşir: “Kitabdangələn”lərin ədəbiyyata dəxli varmı?

Mo Yan nə deyir?

Cavid Zeynallı: Aqrar istedad, yarımçıq intellekt

# 2257 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #