Narkoman Şerlok Holms-ARAŞDIRMA

Narkoman Şerlok Holms-<span style="color:red;">ARAŞDIRMA
13 avqust 2014
# 11:54

Cəlil Cavanşir

Bir neçə aydır ki, Ser Artur Konan Doylun detektiv hekayələrini Azərbaycan dilinə çevirməklə məşğulam. Türkiyə türkcəsindən çevirdiyim kitablardan biri artıq “Hədəf” Nəşrləri tərəfindən oxuculara təqdim olunub. İki kitab isə çapa hazır vəziyyətdədir. Məşhur detektiv ustasının hekayələri məni o qədər əyləndirir və zövq verir ki, Konan Doylun hekayələrindən təsirlənərək qələmə alınmış, əsas qəhrəmanı detektiv Şerlok Holms olan 6-7 filmə də baxmışam. Eyni zamanda Konan Doylun türk dilinə tərcümə olunmuş bütün yaradıcılığını da oxuyub bitirmişəm. Dünyanın bir nömrəli detektiv ustası olan Konan Doylun yaratdığı hekayələr və romanlar illər keçməsinə baxmayaraq yenə də insanları əyləndirməyi və həyəcanda saxlamağı bacarır. Əgər yay tətilinizin sonlarını əyləncəli keçirmək istəyirsinizsə, rejissor Qay Riçinin çəkdiyi “Şerlok Holms”(2009) və “Şerlok Holms : Kölgə oyunları”(2011) filmlərinə və britaniyalıların çəkdiyi “Şerlok” serialına baxmağınızı tövsiyə edirəm.

Eyni zamanda əyləncənizi maraqlı etmək üçün Ser Arturun qəhrəmanı məşhur detektiv Şerlok Holmsla bağlı kiçik bir araşdırmamı sizlərlə bölüşmək istəyirəm.

Böyük Britaniyalı detektiv ustası Konan Doylun yaratdığı obraz Şerlok Holms, detektiv obrazlar içərisində bəlkə də ən məşhurudur. Hadisələri müşahidə yoluyla həll etməsi onun ən önəmli özəlliyidir. Şerlok Holms deyiləndə ilk ağlımıza gələn onun zərrəbini, ovçu papağı və qəlyanıdır. O nəticə çıxarma (deduction) üsulunu yaxşı istifadə edə bilir, verdiyi suallarla aldığı cavabların bir-biriylə əlaqəli olmasına diqqət yetirirdi. Tətbiq etdiyi üsulun fərqi budur ki, Şerlok Holms dəlilləri bir araya gətirib bir həll yolu tapmaq əvəzinə, əlindəki dəlillərdən istifadə edərək mənalı bir nəticəyə çatmağa çalışır. Eyni zamanda laboratoriya araşdırmaları nəticəsində əldə etdiyi məlumatları hadisələrə tətbiq edir və siqaret kötüklərindən, əlyazmalardan, ayaq izlərindən və hər cür məlumatdan istifadə edərək hadisənin üstünü açmağı bacarır.

Şerlok Holms qəribə xarakterdir. Dəri çantasında kokain, eyni zamanda morfin istifadə etmək üçün ləvazimatlar gəzdirir. Skripka çalmağı bacarır. İrina Adlerdən başqa heç bir qadını sevmir və onun fotosunu çərçivəyə salıb otağında saxlayır.

Onun daimi köməkçisi Doktor Uatson (Dr. Watson) isə bu “dərmanların” – kokain və morfinin onun zehnini açdığını iddia edir. Əslində bütün bunlar o dövrün İngiltərəsindəki vəziyyəti xarakterizə edir. Hadisələrin baş verdiyi dövrdə kokain və morfin istifadəsi İngiltərədə qadağan edilməmişdi.

Şerlok Holms bohem həyat tərzinə üstünlük verir. Yaşadığı mənzil daima dağınıqdır. Yazıçı bu dağınıqlığı Şerlok Holmsun üstünlüyü kimi təqdim edir. Çünki bu dağınıq mənzildə usta detektiv hər şeyin yerini gözüyumulu bilir. 50-dən çox əhvalatın qəhrəmanı Şerlok Holmsun xarakterini yazılan hekayələr və romanlar yaxşı bir şəkildə açır.

Bəs Konan Doyl Şerlok Holms obrazını kimdən təsirlənərək yaradıb?

“Köhnə müəllimim Co Belli, onun qartala bənzər siması, istifadə etdiyi əcaib üsullar, detalların fərqinə varmasındakı tükürpədici qabiliyyətini düşündüm. Əgər bir detektiv olsaydı, əminəm ki, bu təsirli və dağınıq işi elm halına gətirə bilərdi.” (Artur Konan Doylun avtobioqrafiyası)

Əsl Şerlok Holms Cosef Bell adlı bir həkim və müəllimdir. Konan Doyl tibb fakültəsində oxuyarkən onun tələbəsi olub. Cozef Bell detektiv olmasa da, xəstələri müayinə edərkən istifadə etdiyi üsullar detektivlərin iş prinsipinə uyğun gəlir. Yazıçı məşhur obrazını bu həkimdən və müəllimdən təsirlənərək yaradıb.

Holms, işiylə əlaqədar olmayan heç bir mövzuya diqqət göstərmir, işinə faydası olduğu üçün kübar cəmiyyətdə baş verənləri izləsə də siyasi proseslərlə demək olar ki, maraqlanmır. Hətta macəralardan birində Holms deyir; "Dünyanın günəş ətrafında fırlanmasını bilmək işimə yaramırsa, niyə bu məlumatı beynimdə saxlayım?" . Holms, karyerasına bir universitet şagirdi olarkən başlamağa qərar verir. “Qloriya Skot əhvalatı” adlı hekayədə dostunun atası tərəfindən təqdir edilən Holms bu sahəylə peşəkar şəkildə məşğul olmağa qərar verir.

Avropanın kral ailələri və seçmə şəxsiyyətlərinin olduğu geniş bir müştəri çevrəsi ilə işləyir. Bütün bunlara baxmayaraq Holms müştərilərini özü seçir. Yoxsul müştərilər üçün işləməsi, yeri gələndə ölkəsinin mənafeyi naminə araşdırmalar aparması onu sevilən bir obraza çevirir. Musiqiylə, ədəbiyyatla, arıçılıqla maraqlanır. Eyni zamanda çox yaxşı döyüşçü hesab olunur.

Şerlok Holms haqqında maraqlı faktlar

Şerlok Holmsun macəralarından bildiyimizə görə o Londonda, Beyker küçəsi 221b ünvanında yaşayıb. Hazırda bu ünvanda “Şerlok Holms Muzeyi” yerləşir.

Yenə də macəralara əsasən bilirik ki, 1854-cü ildə Londonda doğulub və 1904-cü ildə vəfat edib.

Şelok Holms heyranları “Baker Street Irregulars” adlı dərnək qurub və bu dərnək Konan Doyl qəhrəmanına olan heyranlığın bariz nümunəsidir. Eyni zamanda dünyada 400-dən artıq Holms dərnəyi fəaliyyət göstərir.

Şerlok Holms 200-dən çox filmdə obraz olaraq canlandırıldığı üçün “Ginnesin rekordlar kitabı”na düşüb. 75-dən çox aktyor Şerlok Holms rolunu canlandırıb.

Konan Doylun Şerlok Holmsla bağlı macəraları 85 dilə tərcümə edilib. “İncil” dən və lüğətlərdən sonra dünyada ən çox satılan kitablar Konan Doylun əsərləridir.

Şerlok Holms o qədər məşhurlaşır ki, Konan Doyl məcburən Doktor Moriarti tərəfindən onun öldürülməsini yazır. Bununla bağlı Konan Doyl anasına yazırdı: “Holmsu öldürməyi düşünürəm... Əsərin bitməyini istəyirəm... Beynimi daha yaxşı şeylərdən yayındırır, ana”.

Anası isə Doyla yazırdı: “Sən necə məsləhət bilirsənsə elə, ancaq insanlar bunu xoş qarşılamayacaqdır”.

Oxucular arasında böyük narazılıq yaranır və Doyl məcbur olub, Holmsu yenidən “dirildir”.

Hər il Amerikada beş milyondan artıq Şerlok Holms macəraları çap olunur. Eyni zamanda indiyədək Şerlok Holms haqqında on mindən artıq məqalə və kitab yazılıb.

Azərbaycan oxucusu Konan Doylun bu qeyri-adi qəhrəmanını daha çox sovet dövründə tərcümə edilmiş “Baskervillərin iti” romanından tanıyır. Ancaq əminəm ki, tezliklə Konan Doylun bütün kitabları dilimizə tərcümə ediləcək və oxucular tərəfindən seviləcəkdir.

# 5941 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #