Şəhiddən yazırsansa “Vətən uğrunda öldü” demə...

Şəhiddən yazırsansa “Vətən uğrunda öldü” demə...
16 fevral 2013
# 08:00

Bir neçə gün öncə Mübariz İbrahimovun ad günü idi. Onun haqqında yazılan bəzi məqalələrə nəzər saldım...

Jurnalistika təcrübəmdə Qarabağ müharibəsinin iki iştirakçısı haqda portret yazı işləmişəm. Onlardan biri Cəbrayılın işğalı zamanı şəhəri tərk etməyən, erməni hərbçilərinə əsir düşən İlqar Mehdiyev idi (İlqar Mehdiyev əsirlikdə ikən “ya yemək, ya da Azərbaycan bayrağını təhqir etmək” dilemması qarşısında qalır. O isə Ermənistan bayrağını təhqir edir. Buna görə ona cəza məqsədilə damarlarına dizel yanacağı yeridilir - red.). Gənc həmkarlarımla, illər öncə yazdığım, “525-ci qəzet”də yayımlanan “Uçuş” adlı məqaləmin yazı prosesini bölüşmək istəyirəm.

Ağlasığmaz işgəncələrə məruz qalan insanın dözümlülük limiti bir gün hardasa tükənir. Yox, əgər bu dözümlülüyün, gücün sərhədi yoxdursa, tükənmirsə onda necə... İlqar Mehdiyev haqda yazmağa, onu anlamağa, daha yaxından tanımağa məni hər şeydən əvvəl bu cəhəti vadar etdi.

Yazıdan öncə hazırlıq prosesinə başladım. Portret janrının ustalarından biri Stefan Sveyqin Franz Anton Mesmer, Meri Beker Eddi və Ziqmund Freyd haqda yazığı “Ruh yoluyla müalicə” (Die Heilung durch den Geist) trilogiyasını oxudum. Portret janrının təməl qaydaları ilə tanış oldum. Bu barədə mükəmməl bilikləri olan dostumla məsləhətləşdim.

Yazımda “namuslu”, “qeyrətli”, “vətəni üçün canında keçən” və s. sözlərin heç birindən istifadə etmədim. Çünki, onun obrazını bu sözlərsiz, fərqli ifadə tərzi seçməklə açmaq istədim. Və vətən yox, insan amilini, insan ağrısını önə çəkdim.

İlqarın ailəsi, dost-tanışları, əlim çatan hər kəslə görüşdüm. Uşaqlığından tutmuş son anınadək yaşantıları, xarakteri haqda ən müxtəlif, bəsit, əhəmiyyətsiz görünəcək onlarla sual verdim. Çünki ən əhəmiyyətsiz sualın cavabı gözlənilməz ola, yazıda mühüm rol oynaya bilər. Ona görə ağlıma gələn hər şeylə maraqlandım.

Hətta yadıma gəlir ki, valideynlərindən ayrılanda, dəhlizdə ayaqqabılarımı geyinənə kimi anası Zoya xanımdan yenə nələrisə soruşurdum. Təsəvvürümdə qəhrəmanımın obrazını dolğun canlandırmaqdan ötrü İlqarın zəif, çatışmayan tərəflərinin nələrin olması ilə bağlı da suallar ünvanladım. Maraqlısı odur ki, onun “çatışmayan yanı” yazımın ana xətlərindən birinə çevrildi.

Onun haqqında bütün yazıları təkrar-təkrar oxudum, məqaləm üçün yararlı olacaq qeydləri götürdüm. Mövzu üzərində bir aydan çox işlədim. Materialları toplayanda eyni zamanda necə yazmağı, nədən başlamağı düşünürdüm. Hansı formanı seçməli, ən əsası bu əhvalatı necə nəql etməliyəm? Araşdırma prosesində öyrəndiklərim tədricən forma və təhkiyənin necəliyini diktə etdi.

Yazını kiçik fəsillərə böldüm. Hər fəsildə İlqarın xarakterinin mühüm cəhətlərini və o cəhətləri açan faktları bir səhnə kimi təqdim edərək, onların həm də bədii ifadəsinə çalışdım. “Pauza” adlandırdığım kiçik hissələrdə isə öz nəzər nöqtəmdən İlqarın xarakterini təhlil etdim.

Yazıya Ken Kizinin “Qu quşu yuvası üzərində uçarkən” romanı ilə başladım və finalı əsərin qəhrəmanı Makmörfi ilə İlqar arasındakı paralel aparmaqla bitirdim.

Onların situasiyası mənə identik göründü. Hər ikisi ən sərt şərtlər altında mübarizə aparan azadlıq və ləyaqət savaşçısı idi.

Və bütün ay yarımı İlqarın həyatı ilə yaşadım. İş o yerə çatdı ki, ağrı daxilimdə emosional partlayışa gətirdi və yazının bir fəslində sarsıntımı ifadə etdim.

Məqalənin çapından sonra Qarabağ müharibəsində döyüşən bir neçə məşhur adam haqda yazmaq təklifi alsam da, açıqlamaq istəmədiyim səbəblərdən imtina etdim.

11 il keçib və əlbəttə ki, indiki halda yazımda nələrisə dəyişərdim, daha mükəmməl işləyərdim. Amma bu, başqa söhbətdir.

Əgər bir qəhrəman haqda yazmaq istəyirsinizsə, onu basmaqəlib, ümumi sözlərlə, ənənəvi üslubda xarakterizə etməyin. Ümumiyyətlə, yazmağa tələsməyin. Onun həyatına daxil olun, yaşantılarını öz başınıza gəlibmiş kimi yaşamağa çalışın, ən azından buna cəhd göstərin. Daha vacibi, qəhrəmanınıza öz baxışınızı formalaşdırın, onun şəxsiyyətinə individual yanaşın, onu fərqli rakursdan görün. Və mütləq iti, həssas müşahidə qabiliyyətiniz olmalıdır.

Yazınızın sanballı olması üçün çox mütaliə edin, bioqrafik əsərləri oxuyun, filmləri izləyin, müəlliflərin qəhrəmana yanaşmasını, xarakterini necə açmasına diqqət yetirin. Əjdər Olun portret janrındakı yazılarını, Alpay Azərin “Dinc dövrün şəhidi”, Mirmehdi Ağaoğlunun “Mənə qalan şəkil oldu” hekayələrini oxuyun.

Yazıya əmək sərf edin, ruhunuzu verin. Nəhayət, qəhrəmana layıq yazın ki, ruhumuza toxunsun.

Foto: Xəzər Məmmədov

# 3295 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #