Azərbaycan filmləri niyə “Oskar” almır?

Azərbaycan filmləri niyə “Oskar” almır?
12 mart 2013
# 08:15

Sevda Sultanova

“Ədəbiyyata necə gəlmisiz”, “Necə oldu ki, rejissor olduz”, “Dünyaya ikinci dəfə gəlsəydiniz aktyor olardınızmı” klişe suallarına son illərdə “Yazıçılarımız nə vaxt Nobel alacaq”, “Azərbaycan filmləri niyə “Oskar” almır” kimi ittihamedici intonasiyada səslənən suallar da əlavə olunub.

Belə sualların verilməsi bilgisizlikdir, vəziyyəti düzgün və obyektiv qiymətləndirmədən uzaqdır.

Əvvəla sual-konkret “Oskar”la bağlı sualı nəzərdə tuturam- Azərbaycanda kino sənətinin inkişafına adekvat deyil.

Azərbaycan kinosunun qayğısı “Oskar”, ümumiyyətlə, beynəlxalq festivallarda mükafatlar yox, başqa nəsnələrdir. Məsələn, kino təhsilə diqqət, yeni tədris metodlarının tətbiqi, özəl prodüser şirkətlərinə geniş imkanların verilməsi, kinoya verginin götürülməsi, yerli film istehsalının artırılması, çevik, işlək prokat sisteminin yaradılması...

Normal kino mühiti olmadan, milli filmlərin xarici bazara çıxışı da çətinləşəcək. Həm də kinomuz Avropanın əsas kinofestivallarından öncə dünyanın digər xarici kino müsabiqələrinə müntəzəm qatılmalıdır.

Ümumiyyətlə, festival absolyut qiymətləndirmə, etalon deyil. Məlum məsələdir ki, festivallar bir az da konyunkturadır.

Bu mənada “Oskar” etalon deyil. “Oskar” sənət meyarından çox brenddir. Amerikanın daxili bazarına, xüsusən, daha çox Hollivud məhsullarının təbliğatına hesablanmış mükafatdır. Və siyasi mükafatdır.

“Oskar” (digər mükafatlar da həmçinin) rejissorlara ən çox ona görə lazımdır ki, prodüserlərdən növbəti filmləri üçün rahat maliyyə ala bilsinlər, kinoşirkətlərin qapıları üzünə açılsın. Bu, art house çəkən müəlliflər üçün xüsusən, vacibdir.

Hərçənd, Hollivud popsa mədəniyyətinin istehsalçısı olduğundan, ciddi, intellektual rejissora belə öz siyasətini diktə edir.

Ona görə Orson Uellesin, Alfred Hiçkokun, Semuel Füllerin, Frensis Ford Koppolanın, Devid Finçerin, Vudi Allenin Hollivudla vaxtaşırı problemləri olub.

Yaradıcılığına ciddi filmlərlə başlayan, Verner Herzogun təbirincə desəm, Hollivudun vəd etdiyi pullara görə məxsus olduğu mədəniyyətdən, identikliyindən imtina edən rejissorlar da var. Hollivdun cazibəsinə, vədlərinə etinasız qalanlar da.

Onlardan biri müasir ispan rejissoru Xulio Medemdir. Amerikanın ən gəlirli film müəlliflərindən biri, prodüser Stiven Spileberq 1993-cü ildə Medemə “Zorronun maska”sı filmini çəkmək təklifi etsə də, rejissor imtina etmişdi. Medem layihənin konsepsiyasının onda yad olduğunu demişdi.

Hollivud təfəkküründən uzaq, Amerika müstəqil kinosunun ən istedadlı nümayəndələrindən sayılan Pol Tomas Anderson isə bu nəhəng kino bazarında belə demək mümkünsə, “persona non qratada”dır. Yaxınlarda rejissorun bir müsahibəsindən mütəəssir oldum. Rejissor deyir: “Master” filminin çəkilişləri zamanı maliyyə problemi ilə üzləşdik. Belə vəziyyətdə istəmədən təslim olursan, böyük studiyalar üçün sifariş etdikləri hansısa zibili çəkməyə razılaşırsan. Amma mən hətta yoxlamaq imkanından məhrumam ki, belə təklifdən imtina etməyə iradəm çatarmı? Çünki böyük studiyalardan artıq mənə zəng etmirlər. Conatan Demmi (“Quzuların susması” filminin rejissoru-S.S.) mənə dedi ki, son illərdə onun prioritetləri dəyişib. Conatanın uşaqları böyüyüb, artıq yüksək büdcəli blokbasterlər ona maraqlı deyil. O, ruhunun diktə etdiyi şeyləri çəkir, yalnız instinktlərini dinləyir. Bu gün bu, mənim idealımdır: uşaqlarım böyüyənə kimi yaşamaq, mən isə yalnız özümə maraqlı olan şeyləri edəcəm”.

...Kəsəsi, həmkarlarım məlum sualı ünvanlamadan öncə, məsələnin mahiyyətinə varsınlar, gündəmə milli kinonun problemlərini gətirsinlər və “Oskar”ı mütləq dəyərə çevirməsinlər.

# 3138 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #