Nə Paris, nə Praqa - ən gözəl yer Əhmədli

Nə Paris, nə Praqa - ən gözəl yer Əhmədli
10 iyul 2019
# 10:46

Buddizimdə belə bir fikir var: “Harada doğulmusan, orda da xoşbəxtsən”.

Bu sözləri inkar edirəm. Mənə görə, harada uşaqlıq illərin maraqlı, əyləncəli, bir az da kədərli keçibsə orda xoşbəxtsən.

Uşaqlığım Əhmədli qəsəbəsində keçib. Hər küçəsində, tinində, parkında, məhəlləsində, stadionunda, məktəbində, avtobus dayanacağında xatirələrim var. Əhmədli mənim üçün müqəddəs məkandır. Bəlkə də çox pafoslu çıxdı. Neyləyim, sevginin izahı olmur! (gülüş smayliki) Qəsəbədən uzaqlaşanda içimdə boşluq, darıxmaq hissləri baş qaldırır. Elə ki, Əhmədliyə gəlirəm, nəfəs aldığımı, içimdə hüzur nəğmələrinin baş qaldırdığını duyuram. Bu da çox sentimental çıxdı. Neyləyim, Əhmədlisiz qala bilmirəm...

Məhəlləmiz, qoca çinar ağacı, qara itimiz, pişik balaları üçün düzəltdiyimiz yuvalar, poliklinikanın həyətindəki dərman qoxulu meydançamız, dəli Həsənin xarab kamazı, Azad əminin bağı, partlayan toplarımızın qəbiristanlığı və daha nələr, nələr...

Biz 90-ların uşaqları “zamaska”, qapaq, “turbo” kağızları, siqaret qutularının üz qabıqlarını toplayar, qarşılıqsız, heç bir təmənna olmadan mutlu olardıq. Bizim üçün bağdan ərik oğurlamaq kimi əyləncəli bir oyun olmazdı.

Yataqxanada böyümüşdük. İşıqlar sönəndə qaz peçini yandırar, növbəylə yemək bişirərdi analarımız. Şam işıqları günəş kimi parlayardı qaranlıqda. Doyulmaz söhbətlər edər, işıqlar da yananda bayram sevinci kimi qarşılayardıq.

Uşaq vaxtı məhəllədə "qadağan olunmuş" yerdə futbol oynayırdıq. Meydanın sağındakı binada bir kişi yaşayırdı. Heç kimi yox idi, çox vahiməli görkəmi vardı. Uşaqlar ondan it kimi qorxurdu. Bir dəfə top necə oldusa evinin pəncərəsinə dəydi. Bir də gördük, əli çomaqlı üstümüzə gəlir. Hamı qaçdı. Top ortada qaldı. O əsəbi halda topu götürüb cibindən bıçaq çıxartdı. Hamımız bu səhnə qarşısında donub qaldıq. Top partlayan an uşaqlar qəfil ağladı. Bu günə qədər hardasa bir uşaq ağlayanda qulağımın dibində futbol topu partlayır.

Yadıma düşür, qonşudakı kişilər bizim evə atamla şahmat oynamağa gəlirdilər. Biz uşaqlar da kirimişcə onları seyr edərdik. Qar yağanda gün çıxandan batana kimi məhəlləmizin səkilərində qar topuyla üst-başımızı ağardırdıq. Hətta atamgil yatanda axşamlar dan yeri ağarana kimi gizlincə pəncərəmizdən qarın yağmasına baxardım. Qar güclənən kimi həyəcandan ürəyimin döyüntüsünü eşidərdim. Zəifləyəndə isə içimdə ilıq kədər hissi yaranardı.

Əhmədli yaşadıqlarımın şahidi olmuş qəsəbədir. Bu qəsəbədə xoşbəxt günlərim çox olub. İlk dəfə şeir yazmağım, qız sevməyim, dəli olmağımı bu qəsəbəyə borcluyam. Bilirəm ki, bir gün Parisə, Romaya, Praqaya getsəm də Əhmədli üçün burnumun ucu göynəyər.

Ötən gün Əhmədli üçün bərk darıxdım. Suya can atan balıq kimi yerimdən götürüldüm. Əhmədliyə çatanda akvariumunda xoşbəxtcəsinə üzən yapon balığı kimi hüzurluydum. Günəş əllərilə qəsəbəni narıncıya boyayırdı. Adamların üzün narıncı görünürdü. Bir məhəllədə ayaq saxladım. Kürəyimi divara söykəyib gözlərimi ağaclara tuşladım. Siqaretimi yandırdım. Düşündüm. Üzümə təbəssüm quşu qondu. Birdən ağaclara pıçıltıyla dedim: “Əhmədli, səni sevirəm!”

# 2726 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #