“Toylara yox deyək” aksiyası bir dəfə də başlanmışdı. Kimlər başlamışdı, hamı tanıyır. Hamısı ciddi adamlardır - şairdirlər, yazıçıdırlar, ziyalıdırlar, redaktordurlar və başqa “-dır və -dur”durlar. Bu “dır və dur”u pis başa düşməyin, kimin xətrinə dəyirsə, düyməsini tutub, “öz payına” desin, axırda gəlib mənə çatacaq.
Üstündən bir az keçdi, yalançı toy əleyhdarları tək-tək, cüt-cüt şadlıq saraylarında göründülər, yeyib-içdilər, şəkil çəkdirdilər, dava salıb, sağollaşdılar. Yəni başladıqları aksiyaya birinci hörmətsizliyi özləri elədilər, qaydaları öz əlləri ilə pozdular. Niyə? Bunun səbəbi o qədər çoxdur, yazıb sadalamağa nə həvəs var, nə lüzum. Kəsə desək, sayıb toyuna getdiyi adamlar dostlarıdır, qohumlarıdır. Keçmək olmur. Adam 15 il bir yerdə işlədiyi, pilləkənləri bir qalxıb düşdüyü yoldaşının tək oğlunun toyuna necə getməyə bilər? Bu tək oğul məsələsini qabardıb düşük sentimentallıq, lazımsız dramatiklik yaratmaq istəmirəm, di gəl, mənzərə belədir. Özüm ölüm, belədir!
Yəni bu qoca Şərq ölkəsinin qohumbaz-dostbaz əhli özünü avropalı kimi aparanda pis çıxmasın, adamın lap əti tökülür. Əşşi, lap ucuzundan götürürəm: tutalım, beş il əvvəl oğlunun toyuna məni çağırıbsan, gəlib, 100 manat pul salmışam. Mən də qızımın xeyir işinə səni dəvət edirəm. Nə adla gəlməyəcəksən? Deyəcəksən, onun puluna uşağımı teatra aparacam? Adama deməzlər ki, alə, get işinnən məşğul ol?!
Yox, bir dəqiqə! O sözü, məsələn, müdirinə deyən azərbaycanlının əlindən öpərəm, hətta cəsarətinə görə ona BMT-nin Nelson Mandela mükafatını da vermək olar. Amma canım-gözüm, sözüm-söhbətim, get, o yanda oyna da!
Bizim dostlar bu köhnə oxunmuş bayatını təzədən gündəmə gətiriblər. O qədər faydasız, lazımsız iş bildim ki, mırta e, özüm ölüm, mırta dedim, mənim də adımı ora yazın. Dostumuzun biri qayıtdı ki, get ee, amma şəklini paylaşma, hərdən biz də elə edəcəyik.
Bu gülüşü onların şərəfinə ucaldıram!
Başa düşürəm, toylar lap ağını çıxarıb, bizi bezdirib, bu gün çay içdiyin adam sabah dəvətnamə verir. Üstəlik, aylıq gəlirimiz buna imkan vermir. Amma bu heç nəyi dəyişmir axı! Adama deyərlər, atam-qardaşım, pulun yoxdur, getmə də, nə məcburdu?! GETMƏ! Yoxsa, bu dəfə-darağa nə hacət?!
Kasıb 50 manatlıq restoranda toy edəndə, əlbəttə, kreditə girəcək, ürəyi xəstəlik tapacaq, infarkt keçirəcək. Bu məsələdə filosofluq eləmək lazım deyil. Yəni tipik, orta-statistik azərbaycanlı kimi danışmaq lazımdır. Kasıb 20 manatlıq yox, 45 manatlıq restoran danışırsa, deməli, parabeyindir, normal adam deyil, ağıldankəmdir! Ona nə olursa, haqqına olur! Lap günü sabah kreditin dərdindən infarkt keçirib ölsün, başqalarına da dərs olsun! Xəbərini böyük məmnuniyyətlə şəxsən özüm yazaram!
Filosof Rəhman Bədəlovun bir müsahibəsini xatırlayıram. Demişdi, mən Azərbaycansayağı yaşamıram, toya getmirəm. İndi axtarış verib o müsahibəni tapdım: “Özüm də, uşaqlarım da toysuz evləndik. Rəsmi nikah bağladıq, onunla da qurtardı. Mən hesab edirəm ki, hansısa mafiya insanları zombiləşdirib və onları soyur. İnsanlar onlara təslim oldular, amma mən təslim olmayacam. Qohumlar məni toya çağırmır, bilirlər ki, mən getməyəcəm”.
Vəssalam, məsələ bu qədər sadədir. Özünə və övladlarına toysuz nikah kəsdirməyə cəsarəti çatan, ümumiyyətlə, bu həyat tərzi ilə qəlbən barışan adam buyursun, mən onun əlindən öpüm!