Qaçqın şəhərciyində yaşayan müəllimim

Qaçqın şəhərciyində yaşayan müəllimim
19 noyabr 2013
# 08:15

Heç unuda bilmədiyiniz, qəlbən minnətdar olduğunuz, çoxdan görmək istədiyiniz, müəyyən məqamlarda xəyalən məsləhət aldığınız müəlliminiz var? Çox gözəl duyğudur bu. Mənim belə müəllimlərim olub. Əjdər müəllim, Zəkiyyə müəllimə, Fərhad müəllim, Telman müəllim. Orta məktəb müəllimlərimdir. Hansınızsa ağız büzdünüz, bilirəm, amma mən orta məktəbdə oxuyanda müəllimlər nüfuzdan salınmamışdı, əksinə bizim bənzəmək istədiyimiz, ideallaşdırdığımız müəllimlərimiz olardı. Əksəriyyətimiz müəllim olmaq istəyirdik, bu onlara olan sevgimizdən qaynaqlanardı. Onlar təmənnalı sevmirdilər bizi, həqiqi, saf sevgi ilə sevərdilər, bildiklərini bizə satmazdılar, sidq-ürəkdən, bütün varlıqları ilə beyinlərini beynimizə köçürərdilər.

Çoxdan minnətdar olduğum bu müəllimləri axtarırdım. Hansı, harda məskunlaşıb, necə yaşayırlar, necə dolanırlar? Bəlkə adı bir qayğıya ehtiyacları var, bəlkə də heç nəyə ehtiyacları yoxdur, amma onları görüb o vaxtlar da bildirə bilmədiyim sevgimi bildirmək istəyirdim.

Nə yazıq ki, Zəkiyyə müəllimənin dünyadan vaxtsız köçdüyünü bildim. Allah rəhmət eləsin. Ona demək istədiklərim qəlbimdə qaldı. Şəhla müəllimə də dünyadan vaxtsız köçdü, qəlbi apardı onu, nə yaxşı ki, buna qədər onunla görüşə bildim. Əjdər müəllimlə də görüşüb ayaqüstü də olsa söhbətləşmişəm.

Bu gün sosial şəbəkə vasitəsilə Fərhad müəllimi tapmaqda mənə kömək olan dosta təşəkkür edirəm.

- Salam, Fərhad müəllimdir?

- Bəli mənəm, kimdir?

- Ramilə

- Hansı Ramilə? Qurbanova?

25 ildən artıq vaxt ərzində soyadımı unutmayan əziz müəllimim. Nə tez də xatırladı. İnanıram ki, mən yox, başqa bir şagirdini də belə tez tanıyandı Fərhad müəllim, çünki MÜƏLLİMDİR.

Əvvəl telefon xəttinin o başından gələn səsə mənə doğma gəlmədi, amma danışdıqca həmin səs olduğunu xatırladım. Mənə Mirzə Ələkbəri, Axundovu, Məmmədquluzadəni, Molla Nəsrəddin lətifələrinə qədər bütün Azərbaycan ədəbiyyatını damla-damla sevdirən Fərhad müəllim.

10-cu sinifdə oxuyanda hər gün mənə deyirdi ki, yazdıqlarını gətir baxım, məsləhətlərimi verim. Təəccüblənirdim, o, niyə düşünür ki, mən nə isə yazıram. Mənim qabımda olanı, özümə hələ bəlli olmayan qabiliyyətimi məndən əvvəl duyan müəllimim.

Hər dərsin axırına beş dəqiqə qalmış bizə Molla Nəsrəddin lətifələri danışardı. Bir dəfə “rəhmətlik molla” demədiyi üçün boynuna qoyduq ki, 7 lətifə danışacaqsınız. Bir-birinin ardınca düşünmədən 7 lətifə danışdı.

İndi Biləsuvarda Cəbrayıl şəhərciyində yaşayır, mən zəng eləyəndə də dərsdə idi, hal-əhval tutduq, dərsdə olduğu üçün çox məşğul etmədim, hiss elədim ki, dərsdən ayırıram onu. Sadəcə indi onun dərsində olan uşaqlara qibtə elədim və sağollaşdım.

Təşəkkür edə bildiyim üçün rahatam. “Bizi bağışlayın” bədii filmi düşdü yadıma, yəqin telefonu qapadan kimi Fərhad müəllim şagirdlərinə məndən danışacaq, fəxrlə. Mənə verdiklərinin müqabilində heç olmasa bunu ona bəxş etdiyim üçün çox xoşbəxtəm.

# 5911 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #