Onlar elə sevmir, belə sevişirlər...

Onlar elə sevmir, belə sevişirlər...
23 aprel 2013
# 08:00

Uzun illər, bəlkə də əsrlərdir biz sevgi əzabıyla yanıb, qovurulmuşuq.

Sevgilinin əlinə toxunmaq dərdimiz olub.

O qara xalı versələr qanın içərdik.

Vermədilər o qara xalı...

Ən gənc və ən ehtiraslı şairimizin arzusu indi bir qədər solğun görünmürmü?

“Cumub alaydım səni

Dalğaların əlindən

Yapışaydım belindən”

Əslində pis başlanğıc deyildi, davamı “xəyalların sevda dənizlərində üzməklə” bitməsəydi…

Yar bizdən uzaq olub.

Gözümüzdən iraqda, könlümüzün içində…

Göyərçinin ayağına məktub bağlayıb yara yollamışıq.

Daşı məktuba büküb həyətlərinə atmışıq.

Biz çox uzaq qalmışıq.

Bu uzaqlığın həsrəti ürəyimizi dalayıb.

Həsrətlər o qədər uzun sürüb ki, həsrətə də alışmışıq, həsrət sevdalısı olmuşuq, həsrətsiz darıxmışıq.

“Həsrət nə qədər uzundursa, vüsal o qədər şirindir” demişik.

Biz belə görmüşük, belə sevmişik.

Və bir gün bir adam gəlib səni yuxudan oyadır…

“Əshabi Kəhf iti kimi nə 109 il yatıb qalxmısan, dur, gözlərini ovxala, yeni zamanı salamla”

Zəmanə dəyişib, qadınlar çox yaxınlaşıb, Facebook qədər yaxına gəlib.

İndi daha göyərçin lazım deyil, bir mesaj üç qəpikdir.

Daşa bükülmüş sevgi məktubları şeirlərdə qalıb.

Göy üzü daş saxlamır, amma… göydələnlərə də daş çatmır.

Bildiyimiz hər şeyi kimsə büküb zibil qutusuna tullayıb.

Göydən üç alma düşüb…

Nağıllardakı qadınlar, romanlardakı qızlar, dastandakı sevgililər, qəzəllərdəki yarlar hamısı buxarlanıb.

Bəlkə biz yanılmışıq, əzəldən yox imiş onlar?

Sevgililər çox yaxındadı, o ehtiras qoxan bədənlər bir addımlığımızdadı, o saçlar üzümüzə toxunur, qollar bizi qucaqlayır.

Amma yer üzündə cənnət qurulmadı.

İnsanlar çox yaxınlaşdıqca, könüllərdəki bahara qar yağdı, bir gül ilə bahar olmazdı çünki.

O qədər yaxın ikən, bu qədər uzaq oldular.

Darıxmaya-darıxmaya “darıxıram” mesajları yazıldı.

“Hardasan? Neynirsən? Axşam neyləyək?” mesajları ilə həyat durmadan çətinləşdirildi.

Telefonda danışığı bitirmək ərəfəsində kimin birinci “No”ya basmağı belə dəqiqələrlə müzakirə edildi.

Onun adı telefona min cürə yazıldı: Aşkım, Bir dənəm, Gülüm...

Facebook CİA-nın, Mossad, KQB-nin belə qibtə edəcəyi bir sistemlə insanların könüllü şəkildə öz əməlləri barədə hesabat verəcəyi bir sistem yaratdı.

Sevgililər də hər “like”nin söhbətini eləməyə başladılar.

Zamanla “niyə telefonu götürmürsən?” mesajları çoxalmağa başladı.

“Burdasan?” mesajları cavabsız qaldı...

İnsanlar bir-birlərinə tuşlarla yaxınlaşa-yaxınlaşa bir-birlərindən iyrənməyə başladılar, sanki turşumuz tər qoxuyurdu.

Hər an hesabat istəməyə və məruzə etməyə məcbur olan qızlar, oğlanlar yavaş-yavaş bir-birlərindən yorulmağa başladılar, "Ya qismət" deyib Facebookun başqa işıqlı pəncərələrinin qapısı döydülər.

Heyhat!!! Vəba hər tərəfdə tüğyan edirdi.

Heç kim onun amansız pəncəsindən xilas olmamış, heç kim ona güc gələ bilməmişdi.

Uzaqlıq yaxşı düşürmüş insanlara...

Amma xoşbəxt olmaq insanlar üçün hələ də ən böyük arzu kimi qalırdı.

Ən müasir münasibətlər necə olmalıydı?

Sevgilisini yormayan, onun qarşısında məsuliyyət hiss etməyən insan tipini yetişdirmək hələ də mümkün olmamışdı.

Kommunizmi yaradacaq Yeni İnsan Tipi də yetişdirilə bilməmiş, kommunizm də yarımçıq qalmışdı.

Bəs necə xoşbəxt olacaqdılar?

Bu suallar çox sənət adamını düşündürəcəkdi.

“Friends with benefits” (ruscası "Секс по дружбе") filmi də bu axtarışlardan biridir.

Hər zaman asan deyil sevmədən sevişmək.

Münasibətlər israrla çağdaş qılaf tələb eləyirdi.

Amma Ceymi və Dilanın başqa çarələri yox idi.

Onlar dost qalaraq sevişəcək, bir-birilərini qısqanmayacaqdılar.

Bir-birlərinə münasibətdə məsuliyyət hiss etməyəcəkdilər.

Bir-birlərinin zəhləsini tökməyəcəkdilər.

Yataqda da bir-birlərini həzzin yeddinci qatına çıxardacaqdılar.

Seks anında çox yaxın, ruhən çox uzaqda olacaqdılar.

Sevgi tərəfə yollarını salmayacaq, eşq tərəfə atılan bir baxışı belə dostluqlarına xəyanət sanacaqdılar.

Keçmiş zamanların uzaqlığını sevgidən imtina etməklə dadacaq, bu günün ruhunu da yataqda yaşayacaqdılar.

Onlar belə sevişəcəkdilər.

P.S. Yazıda Seyid Əzim Şirvaninin, Mikayıl Müşfiqin, Orxan Vəlinin, Süleyman Rüstəmin, Yılmaz Ərdoğanın, Ramiz Rövşənin, Nüsrət Kəsəmənlinin, Teomanın, Aqşinin misralarından birbaşa iqtibas, ya da dekonstruksiya yolu ilə istifadə olunub.

# 6518 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #