Ədəbiyyata geyindirilmiş dəli köynəyi

Ədəbiyyata geyindirilmiş dəli köynəyi
29 oktyabr 2012
# 09:00

Aşağıdakı oxuyacağınız məqalə “Polis qorxusuyla öpüşmək” kitabıma yazdığım giriş sözüdür


Şair olmaq istəyən, lakin ola bilməyən dahilər çox olub. Onlardan bəlkə də ən məşhuru, yüzlərlə şeir yazan, amma dərin poetik istedadı olmayan, “Kapital”ın müəllifi Karl Marksdır. Marksın reallaşmamış şairliyi özünü, “Kapital”ın tərcüməçilərini çətinə salan obrazlı ifadələrdə, cinaslı təşbehlərdə göstərirdi. Eyni şeyi Platon haqda da yazmaq olar.

Mən də şair ola bilmədim, amma rəssam olmaq istəyib, uğursuzluğa düçar olan Hitler kimi əli qanlı diktator olmadım, daha zərərsiz yolu seçdim, nəsr yazmağa başladım. (Yazıçı oldum demirəm)

Hər adam şeir yazmaz bəlkə, amma hər adam bircə cümlə də olsa nəsr yazıb. Avtobioqrafiyadan inşaya, Facebook statusuna qədər olan bütün yazılar nəsrdir. Həmid Herisçinin “alın yazısı şeirdir yoxsa nəsrdir” bədii sualının cavabı da, məncə, nəsrdir.

Şeirin daşını atıb nəsrə keçən, amma düz yazıları Marksın əsərləri kimi şeiriyyətlə dopdolu olan Əkrəm Əylisli bir vaxtlar belə yazmışdı : “... Amma bu dünyada elə şeylər var ki, onları ancaq şeirlər demək olar...”

Bu kitabı nəsr kitabından çox, şeir hesab edirəm, çünki hər nə qədər cümlələrin mübtəda-xəbəri yerində olsa da, şeriyyatı ilə poeziyadır və deyəsən mənim yarımçıq şairliyimin davamıdır.

Jurnalistikada olduğum 7 il ərzində dəhşətli dərəcədə çox yazırdım, dovşan kimi balalayırdım. Kobud bir hesablama aparsaq, 3 mindən artıq yazı yazmışam. Bir günə iki məqalə yazdığım günlər olurdu. Həftə sonları, bütün insanların dincəldiyi günlərdə, dolu siqaret qutuları ilə bilgisayar başına oturur və “Reytinq” qəzetinin ədəbi əlavəsi üçün yazmağa başlayırdım. İki qəzet səhifəsi həcmində olan bu əlavəni yazıb hazırlamaq, nə qədər yorucu olsa da, mən hər həftənin əvvəli, yenə o bol siqaretli yazılar üçün darıxırdım.

Gündəlik siyasətin yorucu, cari hesablaşmalarında, o iki qəzet səhifəsi mənim üçün nəşə qaynağı idi. Zaman keçdikcə, o iki səhifədə gizlənən mətləblər məni daha çox özünə çəkməyə başladı və mən həftə içi yazılara da o mətləbləri yazmağa başladım. Əlbəttə ki, redaktorlar bu şeyləri sevmirdilər, günün tələblərinə cavab verən yazılar tələb edirdilər, amma mən inad edirdim, öz istədiklərimi yazmaq üçün, onların sevdiyi cari məsələlərdən də yazırdım. Bu özümlədöyüş bir neçə il çəkəcəkdi.

Qəzetçinin alnına yazılan fanilik möhürü, mənim də alnıma həkk olunmaq istəyirdi və mən nəyin bahasına olursa-olsun, ölümdən qaçmaq istəyirdim. Əlimdən sürüşən balığı ovucda saxlamaq istəyiydi bu.

“Yazmaq ölümün əlindən bir şey almaqdır. Yazar ölər, yazı qalar. Köşə yazarlığında bu kiçik təsəllini də tapa bilməzsiniz. Çünki yazılarınız sizdən qabaq ölər. Bir qum dənəsi kimi düşər və yox olar. Sabahkı gün bir qum dənəsi yenidən düşəcək. Yazdıqlarının ölümünü görür köşə yazarı”. Romançı və köşə yazarı Ahmet Altanın sözləridir.

Elə bir gün gəldi ki, yazının anlamı qədər, onun gözəlliyi haqqında da düşünməyə başladım və elə o gün anladım ki, mən köşə yazarı deyiləm, çünki köşə yazarlığı ideoloji-siyasi məzmun kəsb edirdi və gözünü şüarlar tutmuş kimsələr üçün, şüarın bədii-estetik keyfiyyətləri vacib deyildi.

Siyasət köşə yazarlığına geyindirilmiş dəli köynəyi idi.

Yazının məzmunu qədər, onun ifadəsi önəmliydi mənim üçün. Hamının bildiklərini təkrarlamaq istəmirdim, üstəlik də yazacaqlarımı orijinal bir formaya salmaq istəyirdim, orijinal ifadə tərzi yox idisə, deməli yazı da yox idi, o zaman da belə düşünürdüm, indi bu cür düşünür və ədəbiyyat dininin üslub təriqətinə iman edirəm. Şəriətdən yüksəlmiş, təriqət yoluna çıxmışdım. Mərifətə çox qalırdı, amma deyəsən bu yol mərifət yolu idi.

Qəzetçinin faniliyi məni çox narahat edirdi, imkan tapan kimi “Mustafa” romanının üzərində işləyirdim, amma imkan çox az idi. Mən imkan deyəndə, vaxtı nəzərdə tutmurdum, köşə yazımın yazılması maksimum bir saat çəkirdi, amma qalan vaxtlarda nəsr yazacaq ruhi müvazinətə sahib ola bilmirdim, daxilən çox narahat idim, məni yeyib-bitirən cari siyasi suallar vardı.

Bir gün öz-özümə, “Madam ki, nəsr yazmağa zamanım yoxdur, köşəmi nəsr kimi istifadə edəcəm”- dedim. Ömrü bir gün olan fani yazılar üçün ölümsüzlük iksiri axtarmağa başladım və beləcə, ayda bir yazını xilas etməyə nail oldum. İndi əlimdə zəngin bir arxivim yoxdur, amma bir neçə illik fani qəzetçilik savaşında, səngərdən “qaçırıb”, arxa cəbhəmdəki ağacların kölgəsində gizlətdiyim yazılarım az da olsa, oldu. Məncə, köşə yazarı öldürdüyü düşmən leşləri ilə yox, arxa cəbhəyə çıxara bildiyi dirilərlə fəxr etməlidir.

Bir müddət sonra biz Elminlə Abzas.net-i , başqa cür desəm, arxa cəbhəni yaratdıq və orda mənə görə uzunömürlü olan xeyli məqalə yazdım. Əlinizdəki kitabın bir hissəsi Abzas.net yazılarıdır.

Sonra isə Kulis.az yarandı və o, mənim üçün etibarlı arxa cəbhə oldu, burda artıq qəzetçi ovua çıxmış zamanın ( bəlkə də zəmanənin ) ovundan xilas olmuş, həsrətində olduğum ruhi müvazinətə qovuşmuşdum.

Bu kitabdakı məqalələr, fanilikdən xilas olmuş məqalələrin mühüm bir hissəsidir. Onları kitab üçün hazırlayanda da, üzərində bir-bir işlədim, bəzilərinin içində olan cariliyin alaq toxumlarını təmizlədim.

Amma kitabın təkcə döyüş meydanından xilas olmuş məqalələr toplusu olmağını da istəmirdim. Buna görə də, bu kitabda, ancaq beynimdə qurduğum sxemlə hərəkət etmədim, yəni yalnız xilas olmuş yazılarımı sıralamadım, həm də bu sxemi tamamlamaq üçün, ilk dəfə bu kitabda oxuyacağınız bir neçə yeni məqalə yazdım.

Bəs nəyə görə eşq yazılarını seçdim? Bu sualın cavabı kitabı oxuyub bitirəndən sonra sizə daha aydın olacaq.

Eşqin insanın mənəvi inkişafında oynadığı rol bu seçimin əsas meyarı olub.

Əsrləri keçib gəlmiş bir bayatımız sevgisiz insanı qalaylanmamış qaba bənzədir. Eşqin insan həyatındakı rolunu bu bayatı, məncə, çox yaxşı ifadə edir. İnsan metafizik bir varlıqdır, onun psixikası, mənəvi qatı, məhz, eşq ilə açılır. Eşq insanı dərin fəlsəfi suallara qərq edir, bu suallar insanı özünə, özünüdərkə aparır. Eşq bir gəncin qarşısına fəlsəfi suallar çıxaran ilk tənlikdir. Bu tənliyin həlli insanın özünüdərk probleminin ilk məchulunun tapılmasıdır. Məhz sevgi ilə, məhəbbət ilə, insan özünü özündən kənarda, başqasının yanında təsəvvür edir, özünə kənarda baxır və öz daxili aləminin mirvarilərini kəşf edir.

Fərdin həyatında bu qədər mühüm bir rol oynayan bir fenomenin, ictimai həyata təsirini gözardı etmək, əlbəttə, olmaz. Bu fenomenin bizə verdiyi imkanlarda eşqdən danışa-danışa, cəmiyyət həyatına da nüfuz etmək imkanı qazandıq, hərçənd, cəmiyyət çoxcəhətli varlıqdır, onu ancaq eşqlə izah etmək mümkün deyil, amma eşq pəncərəsindən görünən cəmiyyət də maraqlıdır, bəlkə də cəmiyyətin indiyənə qədər heç fikir vermədiyimiz tərəfini eşq pəncərəsindən görürük. Özünü anlamış insanların cəmiyyəti də müdrik olur.

Azərbaycan cəmiyyəti eşqsiz bir cəmiyyətdir, hələ də xalq öz eşqini tapa bilmir, Qarabağ boyda nakam sevgisi olan xalq, hələ də problemin həllini özündən aralı görür, demaqogiyaya, ya da pafoslu millətçiliyə, bəzən faşizmə yuvarlanır, gözəlim Qarabağ isə düşmən əlində inləyir. Sevən bir şeylər edər, sevməyən isə öz yoluna gedər, biz isə yardan doymadığımız kimi, əldən də qoymuruq. Cıdır düzündə konsert eşqi - bu da bizim milli ideya!!!

Eyni hissi Təbriz haqda da demək olar, Borçalı, Dərbənd haqda da. Biz xalq olaraq, sevgimizi qoruya bilmirik, onu itirdikdən sonra günümüz ah-vayla keçir.

“Sevdiklərimizi təpikləməyə ana qarnında başladıq”.

Məncə, bizim ictimai sevgisizliyimizin kökündə də, məhz fərdi sevgisizlik dayanır, sevgisini ata-ana əlinə təslim etmiş, qızlara “evlənəcəyim-gəzəcəyim” qızlar kimi fərq qoyan, ilk seksini fahişələrlə yaşayan oğlanların, “məni alacaqsan ?” soruşan qızların xalqı da, bu cür olmalıdır.

Bu kitab fərdi sevgilərdən danışır.

Füzulinin mədh etdiyi O Sevgini yaşadanlar, hələ də var.

Riyakarlıq mühitində özü olmağa çalışanlar, hələ də var.

Cəmiyyətin içindəki şikəstlik ruhundan, məğlubiyyət ovqatından xilas olub, öz fərdiyyətinə can atanlar, hələ də var.

Nə qədər ötən əsrlərdən qalma, köhnə bir mətləb kimi səslənsə də, mən sevginin ən böyük məlhəm olduğuna inanıram.

# 2046 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #