Aşkım məni aldadır

Aşkım məni aldadır
30 avqust 2013
# 14:08

Cavid Zeynallı yazır

Bəri başdan deyim, zəhləm o adamdan gedir ki, yalançı intellektuallıq azarından ötrü hər şeydə vasvasılıq edir, kütləyə yaxın olan dəyərlərə ağız büzür. Deməzsənmi, dostumuz günəşi Luçano Pavarotti ilə qarşılayır, gecəyə Mohsem Namjo ilə əlvida deyir. Adım kimi əminəm: həmin adamlar tək qalan kimi Bayram Kürdəxanılının meyxanalarını ana südü kimi canlarına nuş edirlər, meyxana sənətinin hikməti ürəklərini ovsunlayır.

Nolar, adam meyxanaya da qulaq asar, “çıqqıdı-çıqqıdı” janrında mahnılara da. Təkrar olsa da, yazım: zövqlər dartışılmır. Bu yaxınlarda şahidi olduq: Nadirin “Maral, maral” mahnısını “youtube”da iki milyon 300 min nəfər dinlədi. Bu rəqəmi bu yerə kim çatdırıb?

Biz! Və əlbəttə, hər kəsin zövqünə hörmətlə yanaşmaq kimi borcumuz da var. Üstəlik, nə gizlədim, hərdən vaxtilə evimizdə, rayon toylarında, bazarda səslənən ara mahnılarının havasına düşürəm, xatirələrə hopan nəğmələrə ləzzət ala-ala qulaq asıram.

Burda eyni mahnını kimin oxumağı da şərtdir. Məsələn, “Səkinə dayıqızı nay-nay” mahnısını Ququş, Mənsur da oxuyub, bizim Cavad Rəcəbovla Xuraman Şuşalı da. Di gəl, məsələ elə həddə çatır ki, hörmət-izzət aradan götürülür, sən də dönüb olursan, Motsartşünas! Yəni, özünü artistliyə qoymağa məcbur olursan!

İş elə gətirdi, ötənlərdə rayona gedəsi oldum. “Şamaxinka”da maşına oturar-oturmaz sürücü diskləri seçib-sonalayıb birinin üstündə dayandı. Və konsert başlandı:

Balama yolda söz atıbdır,

Zəng edib çağırdım mən,

Məhlə uşağının tutdum,

Qolunu-qıçını qırdım mən.

Çağırdılar post-patrul,

Tez aradan cırdım mən.

Mənim aşkım, bal dadır, bal dadır,

Ancaq məni aldadır, aldadır.

Küsdüm ondan ayrıldım, ayrıldım

Ağlayır, pis haldadır, haldadır.

Rayona çatınca azı on dəfə bu meyxana səsləndi. Diski yazan kimdisə, içinə bir iki ciddi mahnı da atmışdı. Sürücü zalım, növbə çatanda tezcənə mahnını dəyişdi və dözməyib sakit-sakit “qoy, qulaq asaq” deyəndə, qayıdasan ki:

- Qardaş, hamımız cavanıq da. Bu qoca mahnılarına necə qulaq asırsan?

- İşin yoxdu, mən də qoca kişiyəm, qoy oxusun.

Xub!!! Sağ olsun, sözümü yerə salmadı. Mahnı bitər-bitməz yenisi başladı və qardaş mənim acığıma janrını təyin edə bilmədiyim musiqiyə səs verdi, nə verdi:

Cavanlıq eliyirəm həyatda sadəcə,

Zır kayıfda heç nə almıram vecə,

Dostlarımla yeyib-içirik hər gecə,

Vururuq isgan-isgana, hoppa.

Yağ kimi yayılır cana, hoppa.

Bu qədər içmə ay dana, hoppa.

Sürücünün yanında oturan qardaş musiqinin təsiri altında çırtıq çalıb oynamağa başladı, sonra bir qıza zəng vurdu ki, sabah qayıdıram Bakıya, sən gəl, sonrası ilə işin yoxdu; atanı vecinə alma, ev pulunu da mən verəcəm, yeyib-içməyini də. Sürücü tanışının maraq kəsildiyini görüb telefonu səsucaldana qoydu və qız “Mamamın canı üçün gələcəm” deyib ardınca nə istəsə yaxşıdır:

- Vüsal, “mənim balam bal dadır” mahnısını oxut, telefonda qulaq asım da...

Bakıya qayıdanda isə şahidi olduğum hadisə məni əməllicə özümdən çıxardı. Yanımda çəlimsiz, bığ yeri təzəcə tərləyən bir oğlan “Mənim balam bal dadır”a telefonda qulaq asmağa başladı. Bir dəfə, iki dəfə, üç dəfə... Dözmədim, qulağına əyilib pəsdən dedim ki, əsəblərim tab gətirmir, evə çatıb doyunca qulaq asarsan.

İnsafən oğlan artıq-əskik danışmadı. Və birdəncə gözüm sataşdı ki, oğlanın əlində Üzeyir Mehdizadənin diski var. Yanındakı hər kimdisə, tanışıydı. Dərindən köks ötürüb ona tərəf əyildi: “Evə çatan kimi yemək yeyib Üzeyirə qulaq asa-asa yata bilsəydim, dərdim olmazdı”.

Şekspir haqlıydı: “Yemək və yatmaqdan başqa peşəsi olmayan adama heyvandan başqa nə ad vermək olar?”

# 2731 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #