Seymur Baycanın çeynə-tüpür mətni

Seymur Baycanın çeynə-tüpür mətni
7 fevral 2015
# 12:00

Nəsrdə dil faktoru o qədər zəhlətökən məsələdir, heç kimlə axıra qədər “dirəşmək” olmur. Tutalım, böyük epik təfəkkürü, geniş fantaziyası olub da, dildən axsaq bir gənc dostumuz rəvan, koloritli yazan birinin zibil mətnini qoyar adamın qabağına ki, di, buna nə sözün, əfəndim?! Mövzu köhnə, təhkiyə 70-ci illərin lap əldə-ayaqda qalan uğursuz yazıçılarının təqlidi, IPhone dövrünün qəhrəmanı nümunəvi kommunist əxlaqlı birisi, pafos, vətənşüvənlik haqqında da danışmağa dəyməz. Di gəl, cümlələr səliqəlidir, koloritə söz yoxdur, hələ desən, sözlərin yaxasından dağ çiçəyinin ətri, yovşan qoxusu gəlir.

Onda ədəbiyyat dil hadisəsidir bəhanəsi ilişib qalır adamın boğazında. Bu, bizim 80-ci illər nəslinə mənsub bəzi yazıçılara daha çox aiddir. Görünən odur ki, bizim 80-cilər Əkrəm Əylislinin, Mövlud Süleymanlının sahmanlı dilini mənimsəyə bilsələr də, İsa Hüseynovun, İsi Məlikzadənin təfəkkürünə yaxın düşə bilmədilər. Bunun da səbəbi sadə: dili öyrənmək olur, nəsr təfəkkürü isə... qəliz məsələdir.

Kulis.az-ın yeni layihəsi, Seymur Baycan-Şərif Ağayar “atışma”sından yazmaq istəyirdim, çox uzaqdan başladım. Əvvəlcə Seymurun “Elm və Həyat” hekayəsi haqqında: nüvəsi, mahiyyəti olan, amma çeynə-tüpür edilən ədəbi nümunə. Mən Seymurun romanları haqqında da eynən bu cür düşünmüşəm. Məsələ sadə, publisistik dildə deyil, Seymur əl bulaşdırdığı mövzunun anasını ağladır, sonra dalına bir təpik ilişdirib leşini atır oxucunun üstünə. Sadə cümlələr, 300-500 sözlük nəsr romanda adamı nə qədər yorsa da, hekayədə hiss olunmur. Ən azı “Elm və Həyat”da mən bunu hiss eləmədim. Şərif Ağayarın sadəlövhcəsinə “On min işarədə ən azı bir-iki dənə bədii priyomlar işlənən cümlə olmalıdır, yəni, “bunu bacarıram, sadəcə, özüm reallığa yenirəm, səmimi oluram” anlamında” qənaətini elə sadəlövhcəsinə bir az inkişaf etdirmək yerinə düşər: dilinə görə bu qədər tənqid olunan adam iki rəvan, koloritli hekayə yazsa, camaatına da canı rahat olar, elə Seymurun özü də dilə-dişə düşməz. Ki, ey dilbaz-koloritxor kəslər, al bu da sizə təmtəraqlı cümlələr, əl çəkin yaxamdan!

Bunu demək gərək: Seymur Baycan sadəcə, dilin o qatında düşünməyi bacarmır. Əl-əlbət, dostumuzun istedadını, nəsr üçün vacib olan mütaliəsini, müşahidə qabiliyyətini danmaq... Nöqtələrin yerinə nə istəyirsiniz, yazın. “Filankəsin dili rəvandır” qiymətini bekarçılıq əlaməti hesab edən yazıçı gərək ki, nəsr üçün lazım olan digər keyfiyyətlərin “heykəlini” ucaltsın, sonra yaradıcılığında dil məsələsini biryolluq qatlayıb qoysun dizinin altına.

Amma bu da var: adamın yaradıcılığı bu qədər müzakirə olunursa, deməli, Seymur istəyinə elə hər mənada dilli-dilavər yazıçılardan daha çox nail olub. Yazıçı oxunmalı və müzakirə olunmalıdır. Sabah ümid eləmək olmaz. Kənd toyuğuna bərk deyib, broyler toyuğu ilə böyüyən istedadsız “şəhər intellektuallar”ına bənd olmamaq gərək. Çün onların ziyanlı 40 günlük zövqü ilə uzağa getmək müşkül məsələdir.

# 1871 dəfə oxunub

Oxşar xəbərlər

Qələbəmizi urvatdan salan qazilər

Qələbəmizi urvatdan salan qazilər

15:00 11 mart 2025
Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

15:49 7 mart 2025
Xalq artistinin saxtakarlığı

Xalq artistinin saxtakarlığı

14:25 6 mart 2025
"10 dəqiqədən artıq baxa bilmədim"

"10 dəqiqədən artıq baxa bilmədim"

13:15 6 mart 2025
Sevdiyin qızı vermirlər?

Sevdiyin qızı vermirlər?

21:00 3 mart 2025
Dünyanın sonu yaxınlaşır?

Dünyanın sonu yaxınlaşır?

09:00 28 fevral 2025
#
#
# # #