Dərisi beş qəpiyə dəyməyənlər

Dərisi beş qəpiyə dəyməyənlər
15 iyul 2019
# 12:23

Bir şir, ya da bir tısbağa bioloji kimliyi ilə kifayətlənir, ikinci, üçüncü kimlik verildikdə təbiət sakinləri komik və ya eybəcər şəklə düşürlər. İnsan “heylə” deyil; insanı günümüzdə ən komik və ən eybəcər şəkildə göstərən onun “əl dəyməmiş” bioloji kimliyidir. Zəmanəmizin ən mənasız insanı, türklər demiş, “orqanik” insandır. Son 20-30 min ildə insan özünə oxşamamaq üçün əlindən və ağlından gələn hər şeyi edib, özünə yüzlərlə dini, siyasi, fəlsəfi, sosial kimlik uydurmaqla yanaşı, dərisindən, dırnağından, saçından tutmuş ruhuna, psixologiyasına qədər bütün var-yoxuna cürbəcür dizaynlar verib ki, insandan başqa nəyə desən oxşasın.

İnsanı bu 20-30 min ildə şəkildən-şəklə salan bəşər olma fantaziyasının yeganə amacı budur: mən heyvan deyiləm! Buna görə insan həmişə bioloji saflığını korlayaraq öz bədənini mənalandırmağa can atır. Mədəniyyət dediyimiz şey bu iddianın sübutundan başqa bir şey deyil və insan bu subutun özünü sübut etmək üçün min illər boyunca heç bir heyvana yaraşmayan bütün vəhşilikləri edib; qurbanlar qətlə yetirilib, qatillər yaşayıb və insan nəslinin davamlılığını qoruyublar. Ancaq heyvanlardan fərqli olaraq insanlar bu vəhşiliyi şüurlu şəkildə həyata keçiriblər.

Bu gün, az qala, bütün dünyada saqqalın və tatunun dəbə çevrilməsi onu göstərir ki, insan bir vəhşi olduğunu unutmaq istəmir, öz yabanı ehtiraslarını daha modern vasitələrlə təmin etdikcə, vaxtı ötmüş təcavüzkar imicini də aksessuarlaşdırıb keçmişin xatirəsi kimi yaşatmağa çalışır. Saqqal və tatu insanın yırtıcı kimliyinin simvolik qalıqlarıdır. Bir vaxtlar qədim döyüşçülərdən dindarlara, dindarlardan sənətçilərə ötürülən sosial kimlik göstəricisi idi üzdəki bu tük yığını, çiyindəki bu yaşıl ilan başı, bu gün isə sənətçilərdən bütün kütlələrə yoluxmuş bir fərqlənmək xəstəliyidir.

Yəqin ki, bu gün çoxları şəhərə çıxarkən küçələrdə qaynaşan modern geyimli, hətta bəlkə modern düşüncəli, amma qədim-qaba üslublu saqqalı, dustaq həyatını obrazlaşdıran tatusu olan adamları görəndə öz-özünə bu sualı verir: “Mən çoxmu geridə qaldım? Niyə cin ürküdən saqqalım yox, hanı boğazıma sarılan ilan döyməsi?”

Özünüzə belə bir sual vermisinizsə, əmin olun ki, siz öz dövrünüzdəsiniz, ətrafınızdakı saqqallı, tatulu, döyməli adamlar geri qayıdıblar. İzah edəcəyəm.

Saqqal da, tatu da mənşəcə psixoloji aksessuarlardır. İlk işıldayan boyunbağılar, parıldayan sırğalar, bərq vuran üzüklər də seksual aksessuralar idilər, erkək və dişi cütlər arasında cinsi cazibədarlığı şiddətləndirmək üçün istifadə olunurdular. Son illər kişilərin ucdantutma saqqal saxlaması tüklənən post-modernizmin kütləviləşmiş təzahürüdür; zəmanəmiz modernizmdən öncəki dini, imperativ tarixə qayıtdıqca, artan güc, şiddət göstərisinə uyğun olaraq kütlənin kosmetik reaksiyası da dəyişir. Saqqal tarixi qəhrəmanlıqlara işarə edən gizli barbarlıq əlamətidir. Bədənlərinə ilk tatuları döydürən qədim döyüşçülər bununla öz qəhrəmanlıqlarını şərəfləndirərək digərlərindən fərqli olduqlarını nümayiş etdirirdilər.

“Koroğlu” dastanını oxuyanlar razılaşarlar ki, bizim bu yarıtarixi, yarıəfsanəvi qəhrəman dastanda döyüşçüdən daha çox döyüşçü manikeni kimi təsvir olunur. Sanki, bir yığın aksessuar mücəssiməsidir. Misri qılınc – nə üçün adi yox, məhz misri qılınc? Qırat – niyə sıradan bir at yox, Qırat? Və nəhayət, bunları tamamlayan yarımmetrlik burma bığ. Bonus olaraq da daşçatladan nərə! Bütün bu zahiri effektlər olmadan Koroğlunu nəinki əfsanəyə, heç son zamanlar Azərbaycanda dəbə minən kişi toyuna da buraxmazlar. Hətta dastanı oxuyanda mənə elə gəlirdi ki, Koroğlu-Qırat vəhdəti dastanda dekonstruksiya olunmuş kentavr mifidir. Yəni Koroğlu-Qırat vəhdəti özü bir qəhrəmanlıq aksessuarıdır. Onları bir-birindən ayırsan, belə deyək, bu aksessuarı parçalasan mif yox olacaq.

Yaxud gənclərin boğazında, köynəyində inqilabi aksessuarlara çevirilən, kapitalizm asisi, sovet hökumətinin latın Amerikalılar üçün yaratdığı siyasi azadlıq Məcnunu Çe Gevaranın şəkillərini götürək. Sanki, Çe Gevaranın şəklini boynumuzdan asmaqla özümüzü bir anda inqilabçı manikeni kimi hiss edirik. Balaca bir asqı bütün davranışlarımızı dəyişir. Özümüzü qarşımızdakından fərqli biri olaraq görürük. Həmin an boğazımızdakı Çeni biri dartıb çıxarsa, dərhal həqiqi özümüzə çevriləcəyik, şüşədəki canı ələ keçirilmiş div kimi sürətlə balacalaşacağıq.

Eləcə də saxladığımız saqqal bizi tarixə yaltaqlanan postmodern dövrümüzün ruhuna uyğun olaraq qədim bir döyüşçü manikeninə çevirir. Anında! Və bütün bunların bizim daxili azadlıq duyğumuzla ilə heç bir bağlılığı yoxdur. Hamı necə, biz də elə, fəlsəfə bu!

İlk dəfə Qrenlandiya mumiyalarında üzə çıxsa da, tatu sənəti adını dünyanın bu biri başından – Okeaniyadan gələn “tattoo” kəlməsindən alır. İnsanlar bədənlərinin ancaq məhrəm yerlərini örtdükləri dövrlərdə tatulardan vəhşi heyvanları ürkütmək, ovlanan heyvandan daha çox pay almaq, qəbilədə liderliyi, güc və üstünlüyü nümayiş etdirmək üçün istifadə edirdilər.

1700-cü illərdə maori tayfaları ilə tanışlıqdan sonra tatu sənəti Avropaya da yayıldı. O zamanlar maori döyüşçüləri güclərini göstərmək üçün üzlərinə moko adı verilən tatular döydürürdülər. İngilis istilaçıları maori döyüşçülərini öldürdükdə başlarını kəsib suvenir kimi mumiyalayır və Londona göndərirdilər. İngilislərin maori tatularına olan marağı sonralar kəsik baş ticarətinə yol açır. Bu dəfə pulgirlər üzü tatulu maori döyüşçülərinin gizlincə başlarını kəsib suvenir düzəltmələri üçün ingilislərə satmağa başlayırlar. Bir müddətdən sonra bu vəhşilik üz tatularına - moko sənətinə son qoyur. Qəhrəmanlıq nümayişi olan moko tatuları ömrünü bəzək aksessuarları kimi başa vurur.

Yeni dünyada isə tatu daha çox cinayətkar mafiyaların, həbsxana qruplaşmalarının “yaradıcılıq” sahəsinə aiddir. Məsələn, yapon mafiyası Yakuzanın üzvləri öz samuray kimliklərini bütün bədənlərinə tatu döydürməklə təsdiqləyirlər. Yaxud kriminal aləmə aid şəxslər qorxu, şiddət, kədər bildirən müxtəlif həbsxana simvollarını bədənlərinə döydürərək, bir növ, həyatlarının mənasını şifrələyirlər. Məsələn, ABŞ-ın Arizona həbsxanasında cinayətkarlar bir dəstənin rəmzi tatusunu döydürmək üçün bir başqasını ya öldürməli, ya da hücum etməlidirlər. Dəstə üzvü olmadan o dəstənin tatusunu gəzdirənlər ya öldürülür, ya da tatu onu haqqı olmadan gəzdirənin bədənindən dərisi soyularaq çıxarılır. Həbsxanadakı tatular sahibinin kriminal kimliyini, hansı cinayəti törətdiyini simgələyir və s.

Qədim döyüşçülərdən, şamanlardan, sənətçilərdən, mafiya üzvlərindən, dustaqlardan fərqli olaraq günümüzdə yayğın olan saqqal saxlama və tatu döydürmə adi insanlar üçün heç bir xüsusi məna ifadə etmir, daha çox vaxtilə ifadə olunmuş mənaları yamsılayır. Müasir insan öz keçmişini yamsılamaqla özünü mənalandırır; orijinal olan da elə budur – yaxşı unudulmuş keçmiş.

Bu yazı gəzdirdiyi saqqalın xərcindən ucuz olan başlara, nümayiş etdirdiyi tatu ilə müqayisədə beş qəpiyə dəyməyən dərilərə aid idi. /oxu.az/

# 4440 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #