Efirdə iki manata əl çalanlar

Efirdə iki manata əl çalanlar
8 may 2019
# 11:30

Evimizdə televizor yoxdu. Heç almağı da düşünmürük. Nəyə lazım? Guya alsaq, inkişaf edəcəyik? Televizorsuz da yaşamaq olur. Amma kitabsız, filmsiz dözülməz olar yaşamaq.

Bir yerdə oxumuşdum ki, televizor izləməyin üç buddist yöntəmi var. Mahiyyət etibarı ilə hamısı eyni üsuldur, sadəcə olaraq müxtəlif təlim səviyyələrində müxtəlif cür görsənir. Öncə sən televizora səsi alınmış vəziyyətdə baxırsan. Təxminən yarım saat, öz sevimli tele-verlişlərinə. Əgər televizorda nə isə vacib və maraqlı bir şeyin deyildiyi ilə əlaqədar fikir ortaya çıxsa, sən həmin an bunu dərk edirsən və onu neytrallaşdırırsan. Əvvəlcə sən özünü itirib səsi qaldıracaqsan, amma vaxt keçdikcə öyrəşəcəksən. Əsas odur ki, özünü saxlaya bilməyəndə günah hissi yaranmasın. Təzə-təzə bu, hamıda belə olur, hətta lamalarda da. Daha sonra sən televizora səsli, lakin görüntüsüz baxmağa başlayırsan. Ən nəhayət isə sən söndürülmüş televizora baxmağa başlayırsan. Bu, ən əsas texnikadır, ilk ikisi isə hazırlıq xarakteri daşıyır. Bütün xəbər verilişlərinə baxırsan, amma televizoru yandırmadan. Çox vacibdir ki, bunu edərkən qamət düz olsun, əlləri isə qarın nahiyəsində mövqeləşdirəsən - sağ bilək aşağıda, sol isə yuxarıda. Bu kişilər üçün idi, qadınlar üçün isə əksinədir. Fikri bir saniyə də olsun yayındırmaq olmaz. Əgər 10 il dalbadal, heç olmasa gündəlik 1 saat bu cür televizor izləsəniz, televiziyanın təbiətini dərk edə bilərsiniz. Elə başqa şeylərin də həmçinin.

Azərbaycan televiziyalarına niyə baxmıram? Bunun cavabı sadədən də sadədir. Kanallarımız bayağılığı, savadsızlığı, toyu təbliğ edir. İndi də deyirlər, ANS açılır. Deməli TV-lərdəki boşluğu ANS dolduracaq? Heç sanmıram.

Yəni televizora baxmadan belə ordakı durumu görə bilərsən.

Bəli, bizim evdə televizor yoxdur, ancaq mən o televizoru xəyalən salonumuzda görəndə gözümün qabağına Ay Zaur, Elgiz, Xoşqədəm gəlir. Və oturub onların heç kimə lazım olmayan verilişlərinə baxıram. Arada onların yerinə başqa mövzular da qoyuram. Sonra da yoldaşım gəlib deyir, hara baxırsan? Deyirəm, televizora. O, divara baxdığımı görüb gülümsünür. Nə fərqi var ki, ya divara baxırsan, ya da bizim televiziyalara?

Yadımdadır, bir dəfə ATV-dən çağırmışdılar məni. Mövzu da yuxular idi. Qonaqların heç biri yuxu haqqında maraqlı, yaxud qeyri-adi bir söz deyə bilmədi. Psixologiyada yuxunun yeri, Quranda yuxu haqqında ayə varmı və ilaxır kimi boş söhbətlərə qulaq asmalı oldum. Verilişdə ola-ola televizoru söndürdüm və məni yuxu tutdu. Yuxular mövzusunda yuxum gəlirdi, hərdən operator əsnəməyimi görüb mənə irad tuturdu.

Növbəti qonaq olduğum veriliş Space TV-dənidi. Adını demirəm, eldən ayıbdır. Mövzu müasir ədəbiyyat idi. Nə gözəl! Amma orda ədəbiyyat qaldı bir kənarda, ürəkləri nədən istədi, ondan da danışdılar. Məzmunsuz bir şair mənim saqqalıma irad tutdu, başqası mentalitetdən dəm vurdu, o biri gənclərin pozulub getdiyini dedi. Bilmədim, bunların ədəbiyyata nə dəxli var? Hətta bir nüansı da deyim, mənzərə daha aydın olsun: qonaqlardan biri tamaşaçıların hər birinə iki manat pul vermişdi ki, o danışanda əl çalsınlar. Tamaşaçıların üzündə həyat sönmüşdü, yaşayan ölülər idi onlar. Cəlil Məmmədquluzadənin “Ölülər”i kimi. Cəlilin yaratdığı obrazlar indi, həm də kanallarda at oynadır.

Günün hansı saatında hansı kanala baxırsan şablon mövzu, monoton söz-söhbət, tutuquşu kimi eyni sözü deyən qonaqlar. Elə bil hər şey əvvəlcədən düşünülüb ki, tamaşaçılar manqurtlaşsın. Mən Azərbaycan kanallarını izləyən tamaşaçılara bu yazı vasitəsilə demək istəyirəm ki, ondansa gedib bulvarda gəzsinlər, hava alsınlar, bəlkə beyinlərinə oksigen gedər. Onsuz da kitab, qəzet oxumayacaqlar, heç olmasa təbiəti hiss etsinlər.

Müasir Azərbaycan TV-lərinə mətbuat gözü ilə baxsaq, onları bu nəzəriyyələrə uyğun təyin edə bilərik:


- Bayağılıq, səviyyəsiz şou

- Toy adətləri, ənənəçilik, süni aparıcılıq

- Savadsızlıq, kütləvi filmlər, idman...

Bu kanallara ancaq futbol izləmək üçün baxasan. Ən azından Messiyə baxıb zövq almaq olar. O da ki dünən uduzan komandada idi.

# 2640 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #