Rafiq Əliyevə niyə inanmıram?

Rafiq Əliyevə niyə inanmıram?
3 fevral 2017
# 13:02

Mirmehdi Ağaoğlu

Dünən Lent.azda professor Rafiq Əliyevlə müsahibə dərc olunub. Sözsüz ki, Rafiq müəllim Azərbaycan cəmiyyətinin ən ləyaqətli, təmiz simalarındandır. Və onun mütəmadi olaraq mənəvi məsələlər barədə danışması, cəmiyyətə yön verməsi, yeri gələndə yaşadığımız mənəvi böhranlar barədə həyəcan təbili çalması vacibdir, lazımlıdır. Elə müsahibədə də bu gün cəmiyyətimizi bürüyən mənəvi problemlərə toxunub. Bunlar öz yerində. Dəyərli alim bununla yanaşı bir sıra elmi məsələlərə də cavab verib.

Amma necə?

Rafiq Əliyev böyük alimdi, inanmış adamdı, fəqət onun inandıqlarının hamısına inana bilmirəm. İnanmaq istərdim, amma cavablarını görürəm və bu cavablar məndə heç bir ciddi təəssürat yaratmır.

Rafiq müəllimin elmi məsələlər barədə fikirləri alim cavabından çox bir ağsaqqalın öyüd-nəsihətini xatırladır. Açığını deyim, bu müsahibədə yeni bir fikrə rast gəlmədim. Tutalım, Rafiq Əliyevin elm barədə açıqlamaları dini ədəbiyyatın qıt olduğu doxsanıncı illərdə alim Əhmədağa Əhmədovun yazdığı dini kitablardakı fikirlərdən o qədər də fərqlənmir. Məsələ burasındadır ki, dünyagörmüş istənilən yaşlı bir adamını dindirsən Allahın varlığı, Təkamül nəzəriyyəsi barədə aşağı-yuxarı Rafiq müəllim kimi danışacaq. Halbuki Rafiq Əliyev Allahla bağlı, təkamül nəzəriyyəsi ilə bağlı suallara verdiyi cavablarla ciddi arqumentlər qoya bilərdi, son illərin elmi araşdırmalarının nəticələrindən söz aça bilərdi. Oxucuları sözlərlə deyil, faktlarla inandırardı.

Mənzərə göz qabağındadır. Cəmiyyətimizdə cəhalət artdıqca elmin çevrəsi daralır. Əgər Sovet dövründə elm sahəsi aç-çox inkişaf etmişdisə indi o da yoxdu. Açıqlama verən, danışan elm adamlarının əksəriyyəti isə özünü Milli Elmlər Akademiyasının əməkdaşından çox Qafqaz Ruhani İdarəsinin işçisi kimi aparırlar.

Bununla belə son vaxtlar barmaqla sayılacaq qədər gənclər yeni elmi nailiyyətləri öyrənirlər, dünya elmində baş verən prosesləri izləyirlər. Bilgilərini sosial şəbəkədə paylaşırlar, cəmiyyəti maarifləndirirlər. Məsəl üçün bir neçə ay əvvəl Kulis.az saytında “Təkamül nəzəriyyəsi” ilə bağlı müzakirələr aparmışdıq. Bu müzakirələrə neçə-neçə gənc elm adamları qoşuldular. Əsaslı arqumentlər gətirdilər, son illər Təkamül nəzəriyyəsi ilə bağlı əldə olunmuş yeni elmi faktları açıqladılar. Bunlar elə dəlillərdir ki, onların qabağına gərək elmi dəlillə çıxasan. Ənənəvi cümlələrlə Təkamül nəzəriyyəsini inkar etmək olmaz.

Rafiq Əliyev isə deyir: “Bu gün dünyada ən çox tənqid olunan Darvinin nəzəriyyəsidir. Əksər fikirlər darvinizmin əleyhinədir. Əlbəttə, mən də əleyhinəyəm. O nəzəriyyə yaxşı nəzəriyyə sayılır ki, real həyata daha yaxındır. İnsanın meymundan əmələ gəlməsini dünya qəbul eləmir. Elə yer var ki, ora sonsuzluqdur və sonsuzluq olan yerdə Allah var. Ona görə də insan nədən əmələ gəldi, necə əmələ gəldi, mən buralara yuvarlanmaq istəməzdim.”

Rafiq müəllim Təkamül nəzəriyyəsinin əleyhinə olduğunu deyir, amma fakt gətirmir. Elm isə fakta inanır. Bunu biz elə Rafiq müəllim və onun kimi alimlərdən öyrənmişik. Odur ki, uman yerdən küsərlər.

# 1711 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #