İlhamə Quliyevanın oyun havası

İlhamə Quliyevanın oyun havası
26 fevral 2016
# 11:49

Məmməd Orucun “Oyun havası” povesti var. Azərbaycan ədəbiyyatının ən gözəl povestlərindən biridir. Bir az da “Gözlənilən bir qətlin qısa tarixçəsi” havasında yazılmış əsərdir, amma öz nəfəsi, öz yeri olan povestdir.

İlin-günün bu vaxtı Məmməd Orucun ”Oyun havası” povestini xatırlamağım səbəbsiz deyil. Əvvəla əsərin qısa məzmunu anlataq sonra da keçək mövzumuza.

Rayonların birində Əlizaman adında qolu zorlu bir adam vardı. Baş kəsməklə, qan batırmaqla, xox gəlməklə ad çıxarmışdı. “Bakıdan, Gəncədən, Yerevandan belə onu hər yerdə tanıyırmışlar. Adı gələndə quş quşluğuyla qanad salırdı. Düzdür bir vəzifəsi yox idi, amma hamı bilirdi ki, bu rayonun vəzifəli adamlarının çoxusu onun əlinə baxır, hamı bilirdi ki, bu rayonun vəzifəli adamlarının çoxusu onun sözü, məsləhəti ilə oturub-durur. Hamı bilirdi ki, bu rayonda elə bir idarə, təşkilat yoxdur ki, orada Əlizamanın bir sözünü iki eləsinlər.”

Gün gəlir, namus üstündə ona dörd güllə vururlar, amma bu qədər adamı, zəhmi olan Əlizamanın dalınca xəstəxanaya gələn olmur. Meyitini kəndinə gətirib qapı-qapı gəzdirirlər, hətta doğma qardaşı da qəbul etmir, axırda çoxdan atdığı birinci arvadının qapısına aparırlar. Həmin gün kənddə toy olur, musiqiçilər acığa daha bərkdən çalırlar.

Əlizamanın heç kəsin qəbul eləmədiyi meyitini keçmiş arvadı torpağa tapşırası olur...

İlhamə Quliyevanın qəfil vəfatı və Facebookda ona olan reaksiyalar mənə həmin povesti xatırlatdı. Müğənni hələ cəsədi soyumamış sosial şəbəkədə məzə obyektinə çevrildi, hər kəs bacarığını işə salıb onunla bağlı “məzəli”, tikanlı bir şey yazmaq istədi. Rəhmət oxuyanlar, ölmüş adam haqqında ağzına gələni yazanları qınayanlar da oldu, təbii. Amma dəryada bir damla qədər.

Bunun təqsiri kimdədir? İnsanlar niyə belə amansız olub? Ölmüş, hələ cəsədi soyumamış bir adama qarşı niyə belə aqressivik? Yəni insanlıq bu qədərmi ölüb?

Bax bu yerdə dayanmaq lazımdır.

Həzrəti İsa zamanı iki min ildi keçib.

Son illərin İlhamə Quliyevası axı kim idi? Hansı yaxşı hərəkəti, davranışı ilə yaddaşlarda qalmışdı? Özünü qoçu kimi aparırdı, təşəxxüsü yerə-göyə sığmırdı. Onun geyindiyi o kraliça paltarlarının, o makiyajının, o davranışının arxasında öz eqosuna hakim kəsilə bilməyən, özünü ilahə sanan, ölümlü olduğunu unutmuş bir insan gizlənmişdi. Hələ efirdən işlətdiyi fikrə baxın: “Mən yemirəm, yedizdirirəm.” Bu onun fikirlərinin ən yumşağıdı.

Son qalmaqal isə ümumiyyətlə biabırçılıq idi. Onu tənqid edirdilər ki, xalq artistinin adına yaraşmayan ifadələr işlədir, hərəkətlər edir.

Bu davranışları hətta bir zamanlar oxuduğu yaxşı mahnıları da unutdurmuşdu.

İlhamə Quliyeva Azərbaycan şou-biznesinə bayağılığı gətirmiş, efiri kirləyən, insanları sənətdən uzaqlaşdırıb mənasız qalmaqallara urcah edənlərin başında dayanan adamlardan idi.

Son illər onun elədiyi yaxşı bir işi xatırlamağa çalışıram, xatırlaya bilmirəm.

O zaman belə bir insana sosial şəbəkədə göstərilən münasibəti niyə qınayaq?

Qınanılası bir adam varsa o da mərhumədir. Sosial şəbəkədə yazılanlar onun həyatına adekvat reaksiyadır. Yəqin ki, obyektiv səbəblərdən cəmiyyət başqa cür olsaydı, tutalım efirdə “yemirəm, yedizdirirəm” deyən adamı efirdəncə qınamaq imkanı olsaydı, o da bu qədər “uzağa” getməzdi.

İnsan öləndə müqəddəsləşmir. Necə yaşayıbsa o cür də ölür, arxasınca da lazımlı münasibəti göstərilir. Belə şeyləri sağlığında İlhamə Quliyeva düşünməli idi, düşünməyibsə, kefi istədiyi kimi yaşayıbsa ona başqaları neyləsin?

Birinci dəfə deyil. Hər dəfə kimsə öləndə sosial şəbəkədə bu məsələ aktuallaşır: ölənin dalınca danışmazlar. Sadə məntiqdi: adam ölür, gündəmə gəlir insanlar da onun haqqında son sözünü deyir. İndi nə edək, gözləyək, qırxı çıxsın, sonra fikir bildirək? Ya hər ölən üçün növbəti illərin birinə ayrıca gün ayıraq və o zaman fikrimizi deyək?

“Daş deyil, ürəkdi bu.” İlhamə Quliyeva bir zamanlar belə oxuyardı. İnsandı bu, daş deyil, onun da nifrəti, kini var. Və bu nifrət, bu kin asfaltdan boy verən ot kimi, haçansa üzə çıxacaq, ən azı öləndə, hələ cəsədin soyumamış.

Vaxtında “Oyun havası”nı oxuyub ibrət götürməyənlər, İlhamə Quliyevanın timsalında görüb ibrət götürsünlər.

Çünki...

...Ölüm hər qarışdadır!

# 1064 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #