Milli Məclisdə yubka qanunu

Milli Məclisdə yubka qanunu
3 mart 2014
# 11:08

Abbasqulu atdığı şeş-qoşanı oynayıb əvvəl gülümsədi, sonra özünü saxlaya bilməyib sevincindən gəyirdi. Zahid müəllim oyun yoldaşının əlindəki pivə şüşəsinə diqqətlə baxıb dedi ki, bizim arvadağa da bu pivədən içir. Abbasqulu dostunun dediyini nərdin tamaşasına dayananlar eşitməsin deyə bu dəfə daha şövqlə gəyirsə də xeyri olmadı. Kimsə bərkdən güldü. Zahid müəllim özünü sındırmayıb başladı pivənin xeyrindən danışmağa...

Əslində müəllim-zad deyildi Zahid. Qadın bərbəriydi. Bir arvadı, iki qızı var idi o vaxtlar. Sonra arvadından boşandı. Qızlar da qoşuldu analarına. Tək qoydular Zahidi. Niyə boşandıqlarını qapı qonşuları Gülsənəm daha dəqiq bilirdi. Arvadı xəyanət eləyirmiş Zahidə. Günlərin bir günü işdən həmişə olduğundan bir az tez gəlib evə. Qapıdan girən kimi evdə yad adamın olduğunu hiss eləyib. Keçib yataq otağına. Görüb arvadının qucağı boş deyil. Arvadının qucağında eşələnən əğyar arxaya boylananda gözü sataşıb Zahidə. Qazıntı işlərini istəmədən yarıda saxlamalı olub. Sığınıb çarpayının bir küncünə. Arvadı da xınalı başını soxub yastığın altına. Zahidin amiranə səsi eşidilib: “Qalx , şalvarını geyin və rədd ol burdan!” “Arxeoloqu” nifrətli baxışlarla sağ-salamat yola salandan sonra yaxınlaşıb arvadına. İstəməyib ailə səadətləri hansısa kürəyi qıllı namərdin ucbatından dağılsın. Arvadının gözlərinin içinə baxıb diqqətlə. Kədərdən boğula-boğula soruşub: “Əzizim, niyə belə elədin?”

Arvadı da Zahidin gözlərinə göz gəzdirib. Ürəklənib bir az. Cavab vermək əvəzinə isti və yuxulu səslə darıxdığını deyib. Səhəri gün Soçiyə biletlər alınıb. İstirahətdən qayıtdıqdan sonra arvadı bir müddət darıxmağına ara verib. Ancaq çox çəkməyib ki, yenidən başlayıb darıxmağa. Yenə gediblər kurort şəhərlərindən birinə. Üçüncü dəfə arvadının sahəsində əkin-biçinin şahidi olanda dözməyib. Boşanıblar. Gülsənəm sözünü bitirib əlini aparardı ağzına. Gülüşü danışdığı əhvalatdan daha iyrənc idi...

Qəribə və bədbəxt adamıydı Zahid. Hansısa zənən xeylağını dar şalvarda, qısa yubkada görsəydi ağzı köpük gətirənə kimi milli mentalitetdən üyüdüb tökərdi: “Sahibi olan belə fasonda bayıra çıxmaz, əsil azəri qızının yubkasının ətəyi dizdən dörd barmaq aşağı olmalıdı! Mən bu barədə Milli Məclisə məktub yazmışam. Yəqin bu yaxında yubka qanunu çıxar.” Sözünü tamamlayıb susardı məhləmizin qeyrət inspektoru...

Gözlərinə baxmaqdan çəkinərdim. İstəmirdim utansın. Çünki öz qızları küçəyə çıxanda axirət hazırlığı görən qoca kişilərin belə damarlarında axan qan səmtini dəyişirdi. Çox istəyirdi qızlarını. Böyük qızı Dubaya getmişdi işləməyə. Zahidin bu dünyada ən çox qorxduğu xəstəlik quş qripiydi. Vicdanım ağrıyırdı o, kiçik qızından danışanda. Dilində qüsuru olsa da çox gözəl qızıydı Lalə. Dünya boyda arxası varıydı... Bir dəfə necə olmuşdusa arxasına baxıb bir bayatı çağırmışdım:

əziziyəm hal səndə

şəkər səndə, bal səndə

baxmaqla doymaq olmur

hardandı bu dal səndə?

Bayatı dilimdən çıxar-çıxmaz məhlədə dillər əzbəri olmuşdu. Lalə bu bayatını eşidəndə qızarmışdı bir az. Bəlkə də həyatında ilk dəfə utanmışdı.

Çox şeydən xəbərsiziydi Zahid...

# 3251 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #