Olanları görməzdən gəlməyək

Olanları görməzdən gəlməyək
9 fevral 2016
# 13:14

Kulis Mətanət Vahidin “Olanları görməzdən gəlməyək” məqaləsini təqdim edir.

Ədəbi mühitə yaxından bələd olduqca qrup maraqları, bir-birinin bostanını daşlamalar, üzə gülüb dalca danışmalar, şəxsi intriqaları ədəbiyyat müstəvisinə gətirib iyrənc çəkişmələrə çevirmələr... adamı “kaş ki...” deyə dərindən bir köks ötürməyə məcbur edir... Ha deyirəm susum, başqaları kimi mən də “nəyimə lazım?” deyə “başımı aşağı salıb” qulağıma pambıq tıxayım. Amma görünür, hər cür haqsızlığa göz yummağı bacarmaq da bir istedaddır.

Ötən ay “Kulis.az” saytında Qan Turalının “Seymurun iki ciddi problemi” adlı yazısını oxuyub bəzi fikirlərin yanlışlığına və daha çox da haqsızlığına təəccüblənmişdim. Üstəlik, haqpərəst, xoşgörülü, barışdırıcı mövqeyə malik bir insan kimi tanıdığım müəllifin aqressiyası mənimçün xeyli gözlənilməz olmuşdu. Məqalənin məni ən çox narazı salan məqamı ilə bağlı fikirlərimi onun özünə yazmışdım, hətta Rza bəysayağı “həvəsim olsa, səni qəzetimdə biabır edəcəm” deyə zarafat da qatmışdım söhbətin gözünə. Aramızdakı sayğıya rəğmən (hər halda mən belə düşünürdüm) Qan Turalı lütf edib cavab verməyi, bir yanlışlıq olduğunu qeyd etməyi belə lazım bilməmişdi. Elə mən də məsələnin üstünə getməyə gərək görməmişdim.

Amma təxminən 1 həftə əvvəl “Kulis.az” saytında “Anar məni təbrik etdi” başlıqlı müsahibəni oxuyanda anladım ki, təcrübəli həmkarların tövsiyələrinə əməl etmək heç də hər zaman özünü doğrultmur – söz gərək vaxtında deyilə. Bəlkə də, Qan Turalının yuxarıda adı çəkilən məqalədə “...Vəziyyət dəyişməyib” deyə, “Ədəbiyyat qəzeti”nin bostanına atdığı daş geriyə - atıldığı ünvana qaytarılsaydı, ikinci əziyyətə - müsahibəyə ehtiyac qalmazdı.

Məsələ tamamən aydın olsun deyə, həmin məqalədəki yanlış və qərəzli fikirlərdən başlamaq istəyirəm: “Seymurun iki ciddi problemi” məqaləsinə əvvəlcə dostunun şəxsi keyfiyyətlərini sadalamaqla başlayan Qan Turalı sonra Seymur Baycanın əsərlərinə keçid alır və ardınca yazır: “Lakin Seymura qarşı ədəbi tənqidin lazımınca diqqət göstərməməsi son nəticədə həm ədəbi prosesin, həm də Seymur Baycanın əleyhinə işləyir. Ədəbi tənqid küncdə-bucaqda qalmış, bəzən adı ancaq öz dostlarına tanış olan yazıçı barədə yazmağı özünə rəva görsə də, Seymur Baycan kimi məhsuldar bir yazıçıya lazımı diqqəti ayırmır. Bu mənada Azərbaycan ədəbi tənqidi tamamilə marjinallaşmış və ədəbi prosesi ifadə etmək gücünü itirmişdir.”

Mən tənqidçi deyiləm: bunu mənə bu şəkildə müraciət edənlərlə şəxsi söhbətlərdə də, saytlarda gedən yazılarımda adımın yanındakı “tənqidçi” sözünün çıxarılmasını israrla xahiş etdiyim zaman da dəfələrlə vurğulamışam. Odur ki, niyyətim ədəbi tənqidi müdafiə etmək deyil, zira özümün də ədəbi tənqiddən kifayət qədər narazılıqlarım var və yeri gəldikcə müxtəlif müzakirələrdə, saytlarda, “Ədəbiyyat qəzeti”nin səhifələrində fikirlərim meydanda olub. Di gəl ki, hər zaman doğrunun yanında olmağı lazım bilirəm. Bu baxımdan “künc-bucaqda qalmış” yazarların haqqında yazmağı tənqid üçün qüsur kimi görməyin əleyhinəyəm. Üzdə olanlar onsuz da bütün vasitələrlə üzdə qalmağı bacarırlar, məşhur fikirdə deyildiyi kimi, az qala soyuducunu da açanda içindən “məşhurlar” çıxır. Üzdə olmaq daha çox imkanlara və münasibətlərə, bir az da müəllifin fərasətinə görədir. Bəzən “künc-bucaq”dan elə dəyərli mətnləri üzə çıxarmaq olur ki, üzdəkiləri oxumaq belə istəmirsən. Üstəlik, məqalə müəllifinin qeyd etdiyi “məhsuldar” ifadəsinin nə dərəcədə yerinə düşdüyü də böyük bir sual altındadır: Yazıçı üçün məhsuldarlıq keyfiyyət göstəricisidirmi? Yazıçı təsərrüfatçı deyil ki, məhsuldar ola – onun yazdıqları keyfiyyəti ilə diqqət çəkməlidir, kəmiyyəti ilə yox.

Seymurun nəsrinin məziyyətləri danılmazdır, lakin qüsurlu dili, üslub xətaları və s. onun haqqında susmağı daha çox gərəkdirir. Doğrudanmı 10 ildən artıqdır yazan bir adama indi dil öyrətmək lazımdır və mümkündür? “Kulis.az” saytında “Adsız itin qayıdışı” kitabının təqdimatında S.Baycan qeyd edir ki, qəsdən kitabı redaktəsiz təqdim edirəm, qoy oxucu məni bütün qüsurlarımla görsün. Yəni bu, “oxucu məni qüsurlarımla qəbul etsin” anlamına gəlir. Başqalarının mətnlərində dil xətalarını zərrəbinlə arayanlar nədən, məsələn, Seymurun əsərlərində bunu bir elə əhəmiyyətli qüsur olaraq görmürlər? Təbii ki, tənqidin də görməzlikdən gəlmə problemi var, amma yaxşıya göz yumub yalnız yanlışları qabartmaqla bu dəfə siz də narazı qaldığınız ədəbi tənqidin yolunu getmirsinizmi?

Belə ki, məqalənin davamında deyilir: “Yaradıcılığının məhsuldar bir dövrünü yaşayan yazıçı (Seymur Baycan – M.V.) “Quqark”dan sonra “Ana ürəyi” kimi mənim çox bəyəndiyim və sevdiyim bir povestlə diqqətləri öz üzərində toplayır, öz yaradıcılığında mühüm bir dəyişiklik edir. Lakin “Ana ürəyi” haqda məqalələri kimlər yazıb? Cavid Zeynallı və Qan Turalı. Üçüncüsü varmı? Yoxdur! Və bu susqunluq, “görməmək”, özünü korluğa vurmağın nəticəsi o olur ki, “Quqark” və “Ana ürəyi” kimi ən azı ədəbi nəsil üçün mühüm əsərlər yazan bir yazıçı başlayır özünün də yaxşı tanımadığı bir yola yuvarlanmağa.”

Əvvəla, Seymur yaradıcılığında hansısa bir “yuvarlanma” yaşayırsa, bunun səbəbini onun haqqında yazılmamaqda deyil, öz yaradıcı potensialında aramaq lazımdır. Bəzən müəlliflər qəbul etmək istəmirlər ki, özlərini yüz kərə təkrar etməkdən qaçıb yenilənmək üçün bir müddət sadəcə yazmasalar, ən doğru yolu seçmiş olarlar. A.Talıbzadə, Z.Sarıtorpaq, N.Əbdürrəhmanlı və onlar kimi neçə-neçə yazıçı da haqqında lap az yazılan, sifarişli məqalələr yazdırmayan müəlliflərdəndir, amma əsərləri ilə həmişə qayğı uman gənclərdən bir addım öndədirlər. Bəs onlar niyə yuvarlanmırlar “yollara”?

Başqalarını “özünü korluğa” vurmaqda suçlayan Qan Turalı nədənsə mənim Seymur Baycanın povesti haqqındakı məqaləmi xatırlamır və üçüncünün olmadığını yazır. Halbuki üçüncü də vardı, dördüncü də... Cəmi ikicə il əvvəl bu povest haqqındakı “Ürəkdən tikan çıxaran “Ana ürəyi” adlı yazımı “Kulis.az” saytı “Seymur Baycan nəyi hardan götürüb?” adı ilə yayımlamışdı. Hətta o vaxt məqaləyə görə mənə təşəkkürünü bildirən povest müəllifi yazmışdı ki, axır ki, əsərimə bir ciddi münasibət gördüm. Qan Turalı isə şəxsi söhbətimizdə bu yazımı o ki var tərifləyib, onun ən yaxşı məqalələrimdən biri olduğunu bildirmişdi. Necə olur ki, mən yaddaş pozğunluğundan daim şikayətləndiyim halda, Qan Turalının “Gənc romançıya məsləhətlər” yazısını “Ədəbiyyat qəzeti”ndə görən kimi 1-2 il öncə onu “Kulis.az” saytında oxuduğumu xatırlayıram?! Axı nə vaxtsa oxuyub çox bəyəndiyin bir mətni belə qısa müddətdə tamamən unutmaq, yaddaşdan birdəfəlik silmək mümkün deyil.

Elə “Kulis.az” saytının əməkdaşı Sevda Sultanovanın həmin povest haqqında C.Zeynallı və Qan Turalının yazısından xeyli ciddi yanaşma sərgilədiyi “Seymur Baycanın qurduğu tələ” yazısı da yaddaşlarda qalmağa daha çox layiqdir. Sözüm onadır ki, biz nəyisə oxumuruqsa, görmürüksə, yaxud oxuyub da xatırlamırıqsa, hansısa yazını “google”da axtaranda çıxmırsa, bu, hələ ortada bir işin olmadığına dəlalət etmir və görülməyən işlər görülənləri unutdurmamalıdır.

Bu məqamda görülən işlərin unudulduğu, görməzlikdən gəlindiyi bir başqa məsələyə gəlib çıxırıq. Qan Turalı qəzetin 30 il öncəki fəaliyyəti ilə müqayisədə bu gün bir fərq görmədiyini yazır: “Bəs “Ədəbiyyat qəzeti” o zaman nə ilə məşğul idi? Ədəbi prosesə heç bir isti-soyuğu olmayan müəlliflərin təhlili ilə... Yubiley təbrikləri və ortabab istedada da malik olmayan ədəbi ölüləri bizə klassik kimi sırımaqla. Vəziyyət dəyişməyib.” Doğrudanmı 30 il ərzində vəziyyət dəyişməyib? Bu, daha bir görməzlikdən xəbər vermirmi? Nədənsə “Ədəbiyyat qəzeti”nin səhifələrində Elçin, Anar, Kamal Abdulla, Mirmehdi Ağaoğlu, Qan Turalı, Qismət, Natiq Məmmədli... haqqındakı yazılar yadımda qalıb, “ortabab istedada da malik olmayan ədəbi ölülər” haqqında yazıları isə xatırlamıram.

Görünür, Qan Turalı gündəm yaratmaq istəyir ki, əvvəlcə məqaləsində belə bir fikir ifadə edir, daha sonra AYB-nin mətbu orqanlarının fəaliyyətini “dəyərləndirmək” üçün müsahibə verir. Hansısa şəxsi münasibətlər üzündən, ya qarşı tərəfin hər zaman susub, cavabı yalnız ortadakı işi ilə verəcəyini bilərək hücuma keçməyin nə dərəcədə doğru olduğunu bilmirəm. Çünki istənilən qəzet, jurnal və saytın işində istənilən qədər qüsur da tapmaq mümkündür, məziyyət də – bu, nəyi axtardığına bağlıdır.

Məqsədim nə Azər Turanı müdafiədir, nə də qəzeti. Hz. Əli demişkən, Məkkə bir tərəfdə olsa, həqiqət başqa bir tərəfdə - mən həqiqətin yanında olmağı seçərəm. Necə ki, “Kulis.az” saytı “Qısa hekayə” müsabiqəsi keçirəndə hərənin bir cür tənqid etdiyi bu təşəbbüsü dəstəklədim; necə ki, “Əsrin şeir sorğusu”nu keçirəndə nəticələr elan olunmazdan az əvvəl “Rutin ədəbiyyatımız” adlı yazımda saytın bu üsullarla ədəbi prosesi canlı saxlamaq çabasını təqdir etdim. Halbuki bu kimi müsbət yönlərlə yanaşı, onlardan qat-qat artıq olan mənfi tərəfləri biz də görürük. İş varsa, mütləq qüsur da olacaq. Lakin mən daha çox təqdir etmək tərəfdarıyam, nəinki tənqid.

Maraqlıdır ki, Qan Turalı üç ədəbi orqan arasında inkişafı ən çox göz önündə olanı ən çox tənqidə məruz qoyur. Baş redaktorun “entuziazmını” vurğulamaqla yanaşı, bu qədər zəhmətlər bahasına xeyli dəyişməsinə, inkişafına nail ola bildiyi “Ədəbiyyat qəzeti” haqqında “belə qəzet olmur” deyən Qan Turalı “Biz bir ailəyik. Ona görə də bir-birimizə dəstək olmalıyıq.” fikrindəki səmimiyyətinə kimisə inandıra bilirmi görəsən? “Azərbaycan” jurnalının ədəbi gəncliyə daha çox yer ayırarsa, ideal mətbu orqan olacağı fikri isə ən yaxşı halda üzdə təbəssüm yaradır. Çünki Qan Turalının intellekt və dünyagörüşünə bələd olduğum üçün onun “ideal” ədəbiyyat dərgisinin necə olmalı olduğunu hamıdan yaxşı bildiyindən əminəm.

“Ədəbiyyat qəzeti”nin inkişafı da, tutduğu yol da göz önündədir. Son bir ildə qəzet hər hansı bir qurum ayrıntısı aparmadan layiqli mətnləri çap edir – müzakirələri, mübahisələri şəxsi münaqişə və təhqir səviyyəsinə gətirməyən hər kəsi və mətni haqqındakı yazını çap edir – bir şərtlə ki, mətn də mətn ola. Bəlkə də, yazılarının çapı və redaktəsi ilə bağlı Azər Turanla məndən çox mübahisə edən ikinci müəllif yoxdur – bununla belə, atalar deyib, igidi öldür, amma haqqını yemə.

“Ədəbiyyat qəzeti” son bir ildə bir çox imzaları saytlardan “qoparan” qəzetə çevrilib və bu, tamamən baş redaktorun xidmətidir. Şəxsi münasibətlər sağlam yaradıcı söhbətlərin, polemikaların aparılmasına mane olmamalıdır. Məqsəd həqiqətən, ədəbiyyata xidmət olsaydı, saytlar sağlam rəqabət və dost münasibətini seçərdilər, özlərinin yaratdığı imkanlar çərçivəsində qəzeti gözdən salmağı deyil. Hər halda, Qan Turalının bu müsahibəsini gündəm yaratmaq, sakit sulara daş atmaq cəhdi kimi dəyərləndirməyi çox istərdik. Əks halda “Allah bizi dostlardan qorusun...” deyən atalarla həmfikir olmaqdan başqa bir çarəmiz qalmır.

“Ədəbiyyat qəzeti”

# 2317 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #