Skayp vasitəsi ilə sevişmək

Skayp vasitəsi ilə sevişmək
1 avqust 2019
# 13:10

Dünya çoxdan dəyişib. Gündə yeni trendlər, tendensiyalar, cərəyanlar, brendlər, ağıllı telefonlar...

Sosial şəbəkələr insan həyatına yeni cığırlar açdı. Artıq müasir insanı tanımaq, dərk eləmək üçün dünyamıza Enşteyn, Froyd, Hegel, Nitsşe kimi dahilər gərəklidir.

Feysbukdan demək olar, hamımız istifadə edirik. Bu sosial şəbəkədə qızla oğlan tanış olur. Onlar az qala Leyli və Məcnun kimi bir-birlərinə dəlicəsinə aşiqdirlər. Hər gün profildəki fotolarına ürək ifadələri yollayır, süni sevgi mesajları yazır, skayp vasitəsilə də görüşürlər.

Virtual sevişirlər. Qız soyunur, oğlan əriyir, ehtiras alovu monitoru bürüyür. Az qalır kompüterlər od tutub yana.

Başqa bir misal çəkək. Oğlan qızın saxta fotosuna aşiq olur. Onunla həftələrlə, aylarla yazışır. Qızı görmək üçün içini yeyir. Görüş zamanı da məlum olur ki, fotodakı qız Brazilyalı bir model imiş. Qız isə sısqa, bığlı, çirkin biri...

Yaxud da söhbətləşdiyin, hər gün ehtiras dünyasına yelkən atdığın adamın bir gün oğlan olduğunu anlayırsan. Qız adı ilə yazıb məzələnirmiş...

Sosial şəbəkələr bizim hisslərimizi korşaldır. Sevgilərimiz elektronlaşır. Bir-birimizi yalan hisslərlə boyayır, özümüzü də bu hisslərə inandırırıq. Kədərlidir.

İntellektuallar demiş, dövrümüzün post insanı tənhalıq zamanını yaşayır. Ciddi deyirəm, zarafat etmirəm. İnsanı insandan internet ayırdı. Daha heç kim heç kimə qonaq getmir, tez-tez görüşmür.

Hər kəs öz dünyasını yaratdı.

Hər kəs öz dünyasının Tanrısıdı...

Milyonlarla Tanrı...

Milyonlarla tənha dünya...

Daha qonşu qonşunun külünə yox, vayfayına möhtacdı.

Feysbuk şəbəkəsinə yenicə qoşulmuşdum. Günə üç-dörd status yazır, vaxtımı öldürürdüm. Paylaşımlarımı da üç adam bəyənirdi. Biri özüm, biri qonşum, biri də dostum. Bəzən statuslarım üç laykı ötəndə sevinir, rəy bölməsinə də “çox sağ olun, dostlar” deyə yazırdım.

Günlərin bir günü bir qızla yazışmağa başladım. Profil fotosundakı özü idi. Hər dəfə fotosuna baxanda, gözlərim kəlləmə çıxırdı. Əsrarəngiz görünürdü. Vaxt aşırı bu gözəlliyə tamaşa edir, zövq alırdım. Günlərlə, saatlarla yazışırdıq. Hər dəfə ona cavab yazanda həyəcanlanırdım. Əllərim titrəyir, sözlərim qəzaya uğrayırdı.

Qıza bir könüldən min könülə vurulmuşdum. Onun da məndən xoşu gəldiyini hiss edirdim. Adı Həmidə idi. Bir gün Həmidə telefon nömrəmi istədi. Dedi, səsini eşitmək istəyirəm. Onunla telefonda danışırdıq. İlk cümləmi heç vaxt unutmaram: “Sizin kimi gözəl bir xanımla danışdığıma inana bilmirəm”. Bu sözlərdən sonra gülüş səsləri eşitdim. Çevrilib baxanda gördüm bacımla qardaşım qaqqanaq çəkir. Həmidə ilə telefonda danışarkən səsim titrəyirdi. Buna görə də evdəkilər məni lağa qoyur, şaqqanaq çəkib gülürdülər. Həmidə bir gün yazdı ki, görüşək. Artıq bir-birimizi görməliyik. Nədənsə alınan qərarlar, fikirlər ancaq ona məxsus idi. Mən isə miskin, müti adamlar kimi qızın sözünə baxırdım.

Görüşəcəyimiz gün şalvarımı, köynəyimi ütüləmiş, saçımı bahalı gellə yağlamışdım. Dostumun bahalı ətrindən də üzümə, boynuma vurmuş, ruslar demiş “şıkarnı” oğlan olmuşdum. Həmidəni görəcəyim anın xəyallarını qururdum. Həyəcanım birə-on artırdı. Universitetdən çıxdım, dərsim bitmişdi. Vaxt gəlib çatmışdı. Telefonum səs elədi. Mesaj gəlmişdi: “Gəl da səni gözləyirəm axı”. Qaça-qaça qız dediyi yerə gəldim. Ətrafda heç kim görünmürdü. Arxadan səs eşidildi. Səsə doğru çevriləndə başımdan elə bil qaynar su tökdülər. Həmidə bumu idi, ilahi?

Saçları qısa və səliqəsiz, üzündə yekə-yekə sızanaqlar, boyu balaca, dişləri sap-sarı, ayaqları Roberto Karlosun ayaqları kimi əzələli və iri. Gözlərimə inana bilmirdim. Neçə gündü xəyalları ilə yaşadığım qız sən demə başqa planetin adamı idi. İlahi, mənim günahım nə idi?

- Salam, necəsən? Nə olub kefin yoxdu?

- Salam, yox dərsdən çıxmışam, yorğunam – özümü düzlətməyə çalışdım.

- Yoxsa məni bəyənmədin?

- Əksinə bəyəndim, təbii gözəlliyin var.

- Ay çox sağ ol!

Təəssüf dolu əhval öz ağuşuna almışdı məni. Həmin gün ağır travma almışdım. Gərginlikdən gözlərim torlanır, ayaqlarım buz kəsirdi. Qızdan qurtulmaq üçün bir bəhanə lazım idi. Beynim tormuzlanmışdı. Həmidə nəsə danışırdı. Ancaq dediyi sözlər havada asılı qalırdı. Şok vəziyyətim davam edirdi. O isə dil qəfəsə qoymadan üyüdüb tökürdü. İrəlidə bir dükanın qarşısında dayandıq. Bir şey almalıyam dedi və içəri girdi. Birdən beynim xoda düşdü. Ətrafa göz gəzdirdim. Hava buludlanmış, küçələrdə adamlar çoxalmışdı. Fikirləşdim ki, telefonumun zəngli saat bölməsinə vaxt qoyum, guya zəng gəlir və evə gedirəm. Həmidə dükandan çıxdı. Gəzdiyimiz an telefonum səs eləməyə başladı.

- Bəli, nə? Doğurdan? Hə, bu saat gəlirəm, gəlirəm.

Həmidə təəccüb dolu baxışları ilə üzümə baxdı.

- Evi su basıb. Təcili evə getməliyəm - deyə həyəcanlı tonda dilləndim. Qızı yola salıb, piyada evə getdim. Yol boyu bəxtsizliyimdən gileyləndim.

Bax beləcə elektron sevgilər bizi aldadır, məyus edir, kədərləndirir. Ədəbiyyatda da bu cür elektron sevgilər, süni hisslərdən gen-bol yazmaq lazımdır. Artıq heç kimə Mirzə Cəlil, Axundov, “Məlikəmmədin nağılı” maraqlı deyil. İndi dövr tamam başqa dövrdü. Virtual dünyadı da...

# 6293 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #