Cavid Zeynallı yazır
- Alo...
- Bəli, Zərdüşt əfəndi!
- “Şam bağı”nda oturacağıq, vaxtın olsa, gələrsən.
- Gələrəm.
- Gələrsən, yoxsa gəlirsə- əə -nn?
- Gəlirəm, Zərdüşt, boğazıma çökmə.
- Maşınlasan, piyada?
- Maşınla.
- Çatanda xəbər elə, çıxım parkın başına, məni də götür.
... İki ildir nə o nömrədən zəng gəlir, nə də parkın başında siqaret tüstülədə-tüstülədə gəzişən o eynəkli oğlan var. Və iki ildir telefonumun yaddaşındakı “Z” hərfli nömrələri gözdən keçirəndə onun adını displeydə görmək bəsdi ki, içimdə nəsə qırılsın, o yeddi hərflik ad sahibindən sarı dəli bir darıxmaq keçsin könlümdən.
Zərdüşt üçün darıxmaq...
Zərdüştdən ötrü darıxmaq...
Zərdüştdən sarı darıxmaq...
Zərdüştdən yana darıxmaq...
Zərdüştə görə darıxmaq...
Zərdüşt deyib darıxmaq...
***
2009-un fevralı... Yazıçı olmaq arzusuyla “Gənc Ədiblər Məktəbi”nə yığışan o gələcəyə ümidli uşaqların üçü-beşi dəstələnib bir tərəfə çəkilər, yazı-pozunu bəhanə edib bir-birinə könül bağlayardılar. O saqqallı, eynəkli oğlana ayrıca diqqət var, adı tez-tez çəkilir. Papağını gözünün üstünə basıb girdə gözləri ilə hamını altdan-altdan süzür. Yaxınlaşıb ərklə qoluna girirəm:
- Zərdüşt, bu papaqda Heminqueyə oxşayırsan...
Yanaqları dartılır, siqaretdən bir qullab vurub deyir:
- Bilsəm sən də oxşayacaqsan, papağı sənə bağışlayardım...
O bu, aramızda yaranan o doğmalıq nəydisə, yoldaşlıqdan, həmkarlıqdan daha böyüküydü. Və axşamüstülər darıxanda, tıncıxanda ta gecə keçənəcən hər şeydən danışardıq: gələcəyi bölüşdürməkdən tutmuş, “Nobel” almağa qədər hər şeydən...
***
Bu gün onun doğum günüdür. Və bu yazını yazmaq məndən ötrü çətindir, çox çətin. İndiyəcən nə qədər olub: üç cümlə, beş-cümlə yazıb ardını gətirməyi bacarmamışam. Qəbələnin dostumuzu udan o hündür-hündür ağaclı qəbiristanlığı, o qəbiristanlıqdakı baş daşından boylanan şəkil, qardaşı Atillanın nisgilli-acılı gözləri, yasa gəlib gedənləri lal-dinməz yola salan o qəddi əyik ata durub gözümün qabağında, qoymayıb ürəyimi boşaldam.
***
Ölümündən bir həftə əvvəl yolum Qəbələyə düşmüşdü. Atilla ilə görüşüb Buma getdik. Xeyli vaxtdı telefonu bağlıydı, zəng çatanda da bircə “alo” deməz, sms-ləri cavabsız qoyardı. Ürəyim atılır onu görmək üçün, bircə boynuna sarıla bilsəydim. Və eyvanın sağ küncündəki divanda onu dirsəklənən görürəm: əlləri, üzü şişmişdi, ayağa qalxıb görüşmək istəsə də, bacarmır. Bacarmır ey, bacarmır...
Xərçəng qanına yerikləmişdi...
Özümü birtəhər sıxıb-saxlayıram. Alnının tərini silirəm, qoluna girib gəzdirmək istəsəm də, yox deyib, durur. Hamını bir-bir soruşur, hər cümləsinin əvvəli də, axırı da nə olsa yaxşıdır:
- Ağrılarım keçib. Həkim deyir, beş-on günə əllərimin, üzümün şişi çəkilib gedəcək, gəzə biləcəm. Uzağı bir aya Bakıda görüşərik. Uşaqları qorxudub eləmə, inan ki, get-gedə sağalıram.
Və nə biləydim ki, heç kimi əziyyətə salmasın deyə, bu boyda yalan danışar. Amma buna yalan da demək olmaz, billah. Zərdüştün gözlərində yaşamağa ümid vardı, inam vardı. Yoxsa niyə desin ki:
- Bir iki yazım var, sənə göndərəcəm, ora-burasına bax, ver “525-ə”. Özüm də eləyə bilərəm, ... hələlik kompüterin qarşısında çox otura bilmirəm.
O yazıların əvəzinə Zərdüştün ölüm xəbərini aldıq...
Ondan qalan bir dünya arzuları, adını əziz tutan sevgili dostlarının məhəbbəti, bir də “Başqa adamlar” kitabı oldu. O kitab ki, Zərdüştün böyük istedadının ilki, əvvəlincisidi...
***
Bu gün Zərdüştün ad günüdür. Dostlarla görüşüb, onu xatırlayacağıq. Məclisin ilk sözünü mən deyirəm:
- Məzarını o hündür-hündür ağaclara, o hündür-hündür ağacları da səni bətnində əzizləyən qara torpağa amanat deyirəm, dost!
Hə, bir də yadıma düşmüşkən: sənnən sora sevdiyin qızlar da həminki deyillər, billah. Bir az qaşqabaqlı, bir az kədərli, bir az da... məsələn, bir az da eybəcər! İnanmırsan, çıx parkın başına, şəkillərini göstərim...