I hissə - Hədəfə doğru
- Bu gün kukla teatrında tamaşa var, gedəkmi? – sualından sonra yüz min işıq sürətində düşünməyin, sənə verilən sualı guya eşitmədiyinə görə təkrarlanmasını istəmək və əslində bir az daha düşünməyin (gedəkmi, yoxsa getməyəkmi) adı, ya həyat yoldaşıdır, ya da ata.
Tərəddüdümün əsas səbəbi sonuncu dəfə “Mənim ağ göyərçinim” (“Gənc Tamaşaçılar Teatrı”nda) tamaşasından aldığım “həzz”i hələ də unutmamaqdı. Ağlamaq əvəzinə gülüşmək faciə idi əslində.
Naviqatorda istiqamət Kukla Teatrıdı. Əslində hər dəfə təkrar-təkrar Bakının eyni küçələrindən keçib, eyni bölgələrində ayaq saxlamaq, eyni nöqtələrində əyləşmək və eyni keçid altından popkorn alıb, bulvarda eyni əyləncələrdən istifadə etmək mənim bezdiyim, yorulduğum nöqtədir. Ancaq nə etməli, o balaca bədənin tez-tez döyünən ürəyi, eyni adları hər dəfə yeni eşidirmiş kimi “yes” deyərək qəbul etməsi, qışqırması “öncə buna minəcəm, sonra maşın sürəcəm” sıralaması sənin nədən bezdiyini, yorulduğunu “vecə” belə almır. Əslində bu dəfə şəhərə getmək üçün yaxşıca bəhanə də var – Kukla Teatrı. Bu teatr məsələsi hədəfdi. Deməli hədəf varsa irəliləyiş də labüddür.
Kassaya yaxınlaşanda eşitdiyim ilk söz “Tamaşa rus dilindədir” cümləsi oldu. Və ardınca mənim “Nolsun!” ironiyam. Kassir bir az duruxsunur, üzümdə görmək istədiyi peşmançılığı hiss etmir, sonra tamaşanın adını deyir: “Karlson”, biletin qiyməti adambaşı 2 manat – əlavə etməyi unutmur – saat altıda başlayacaq, ancaq altının yarısı burda olun.”
Əslində yarım saatlıq tamaşaya 2 manat verməyimlə, bulvarda elektron maşının 4 dəqiqəsinə 2 manat verməyimin arasında izah olunacaq dərəcədə faciə var. “Mədəniyyətin dəqiqəsi nə qədər ucuzlaşıb?” – deyə beynimdə fikirləşirəm. Və həmin dəqiqə 2 manatı yarım saata bölüb çıxardığım nəticəyə gülürəm. Mədəniyyətin dəqiqəsi, şəhərdə ayaq yolunun dəqiqəsindən qat-qat ucuzdu. Bu ucuzluğa sevinəsən, yoxsa ayaq yolunun bahalığına qəzəblənəsən, bilmirəm.
Saat atının yarısı və biz mədəni şəkildə pillələri qalxıb teatra daxil oluruq. Rus dilində olan tamaşaya arxa çevirməməyimin səbəbi başqa-başqadır. Birincisi, təyin olunmuş hədəfi sonlandırmaq, ikincisi, uşağa teatr mühitini aşılamaq, üçüncüsu, azərbaycanlıları bəyənməyən rus mühitinin teatra münasibətinə şahidlik etmək. Mənə hər üçü, sizə isə sonuncu lazımdır.
Tamaşaçıları görəndən sonra anladım ki, teatra gəlişin məqsədi tamaşanın məzmunu, dili, forması deyil iştirakın mühümlüyüdür.
II hissə. Alman əsgərlər
Zala daxil olanda bizi iki “alman əsgəri” qarşılayır. Gələn tamaşaçılara “Sən orda, sən burda, siz ikiniz ayrı-ayrı oturun, siz bura keçin” kimi əmrlər verilir və yerinə yetirilməsi üçün məcbur edilir. Üzlərində heç bir təbəssüm yox, geyimləri qədim “sovet” televizorları kimi ağ-qara. Bu insanlarla ünsiyyətin 9 kanalından hansına çevirirsən-çevir rəngləri eynidir.
Özümü almanlara əsir düşmüş yəhudi kimi hiss edirəm. Əsirlərə təyin olunmuş iki cür tələb var;
1. Uşaq qabaqda əyləşəcəksə ata, analar yan-yana deyil, kənarlarda ayrı-ayrı oturmalıdı.
2. Əgər uşaq sizinlə oturacaqsa o zaman, zalın ən arxa hissəsindəki bölmədə əyləşməlidir.
Məqsəd uşaqların səhnəni aydın görməsidir. Məqsəd məntiqlidir, ancaq məqsədin rəftarı kobuddur.
Biz ikinci tələbə boyun əyirik.
III hissə - Müşahidə
İşıqlar sönənə qədər zala xeyli sayda insan axışır. Qapıdan əvvəlcə uşaqlar girsə də arxalarınca böyüklər daxil olur. Hər kəs bu mədəni marofonda iştirak etmək istəyir. Alqış. Qapıdan içəri daxil olanların üzündə, hərəkətində “Kim daha mədənidir?” və ya “Teatrda insan özünü necə aprmalıdır?” nümunəsi var. Uşaqlarını ön cərgədə oturdub onların müxtəlif “pozalarda” şəklini çəkən analar səhnədə yarışa girir. Məqsəd “Facebook” profilində yeni şəklin və “bizim ilk teatrımız” başlıqlı göstəriş fotosunu çəkməkdi.
“Как вам не стыдно”. Qulağım gözümə əmr edir ki, sol tərəfə bax. Rus mühitinin nümayəndəsi yer üstündə mübahisə edir. Hansısa uşağın atası öz yerini ona vermək, lap arxaya keçmək istəmir. Qəzəbli ana öz uşağını da götürüb arxa sıraya gəlir və eşikdə “paltar dayanacağı” (qarderob sözünə alternativ təklif edirəm) olduğunu unudaraq öz geyim əşyalarını yaşlı qadına mane olacaq tərzdə soyunur.
- Ну что вы. Почему вы так говорите? Как вам не стыдно – yaşlı qadın mədəni ortamda bu mədəniyyətsizliyə davam gətirmir və ananı acılayır.
IV hissə. Fonda teatr səhnəsi
Önümüzdə oturan iki valideyn və yaş yarımlıq uşaq planşetin ekranından necə xoşbəxt görünür. Bir dəqiqəlik diqqətdən sonra anlayıram ki, məqsəd uşağı yaradıcı formada, teatr səhnəsinə baxdığı anın kadrını tutmaqdı. Nənə uşağın atasına işin öhdəsindən necə gələ biləcəyini başa salır və ata ön, arxa, yan oturacaqlarda yer dəyişməklə fonu tutmaqla əlləşir. Ancaq nəticə sıfır. Kədərin dibi görünür.
İşıqlar sönür, nağılı danışacaq qadın səhnəyə daxil olur və hər yer zülmətə büründüyü anda fotonun göz qamaşdıran ağ işığı zalda ildırım kimi çaxır. İki “alman əsgəri”nin addım və ön cərgədə uşağı səhnə fonunda şəklini tutmuş atanın sevinc səsi eyni anda eşidilir. Sonra hər növ uça bilən, ancaq kürəyində pəri olmayan “Karlson” (mən nə qədər desəm də ki, o Piter Pendir, heç kim inanmadı) keyfiyyətsiz kukla hərəkətləri, uğursuz aktyor nitqi, toyları yada salacaq exolu musiqi sədaları, pıçıldaşmaqdan yorulmayan tamaşaçı səsi ard-arda düzülür. Sonda işıqlar yanır, hər kəs balaca qapıya üz tutur, “alman əsgərləri” əsəbiləşir, məhbuslar onlara əsəbiləşir, hamı əsəbiləşir və nəhayət zal boşalır.
V hissə. Sonluq
Uşağa tamaşadan xatirə olaraq nə qaldığını, nə başa düşdüyünü soruşuram:
- Qadının pərdəni tez-tez açması, sonra isə bağlaması – deyir. Mən “şükürlər” olsun deyirəm və hədəfi sonlandırdığım üçün özümə alqış edirəm.
Bu arada, düşünməyin ki, mən özümü mədəni toplumun ən ali nümayəndəsi kimi apardım. Misal olaraq deyə bilərəm ki, tamaşa başlayana yaxın uşaq ön cərgədə oturduğu halda mən onu görmədim və ucadan “Kənan” deyə səsləndim. Yoldaşım mənə tərs-tərs baxandan sonra yerimdə qısıldım və “yaşasın özgürlük” deyə pıçıldadım. Bəli, məhz “yaşasın özgürlük” dedim, azadlıq yox.