Məxməri seksual inqilab

Məxməri seksual inqilab
12 sentyabr 2014
# 13:32

Lap gənc yaşlarından televiziya sahəsində çalışan, cəmiyyəti kifayət qədər tanıyan dostum ölkədə baş verən bir proses haqqında danışdı. Dedi ki, belə baxırsan seksual inqilab olmayıb, amma həm də belə baxırsan elə bil ölkədə seksual inqilab artıq baş vermiş kimi görünür.

Bu mövzuda bir az söhbət etdikdən, xeyli detallara vardıqdan, müxtəlif səpkili əhvalatlar danışdıqdan sonra qərara gəldik ki, baş verən bu prosesə məxməri seksual inqilab adı qoyaq. Bəs niyə məxməri, əməlli-başlı seksual inqilab yox? Ona görə ki, adamlar olduqları kimi yaşamaqdan qorxurlar. Özlərini evdə bir cür, küçədə başqa cür, iş yerində tamam başqa cür aparmağa məcburdurlar. Partizan həyatı yaşayırlar. Bacardıqları qədər münasibətlərini gizli saxlamağa çalışırlar. Küçədə tamam sakit görünən, işdə tamam özünü başqa cür aparan fərd iki görüşdən sonra tamam özünü buraxır. Bütün fantaziyalarını reallaşdırmağa çalışır. Bu qədər fantaziyayla belə artistcəsinə sakit, ikili, üçlü həyat necə sürmək olar? Ona görə də bir çoxunun başı xarab olub. Üstəlik istəklərlə danışdıqları sözlərin bir-birinə tərsmütənasib olması onları çox qorxulu adamlara çevirib.

Bəzən adamlar özləri özlərinə yaratdıqları obrazın qurbanına çevrilirlər. Bəzən hətta xalqlar belə özünə yaratdığı obrazın qurbanına çevrilir. Bəzən adamlar qeyrətli, namuslu, əxlaqlı görünmək məcburiyyətində qalırlar. Amma əslində yaşadığı həyat, törətdiyi əməllər danışdıqları ilə heç uyğun gəlmir. Məhz bu səbəbdən adamlar öz həyatlarını gizlətmək məcburiyyətindədi. Baxırsan ki, nə qədər adam əxlaqdan, qeyrətdən, namusdan, ailə səadətindən, xəyanətdən, dəyanətdən danışır, amma bununla belə hər gün də namus üstündə qan tökülür.

Ölkədə nə baş verdiyini bilmək üçün kriminal verilişlərə bir balaca diqqətlə baxmaq kifayətdi. Adamlar özləri özlərinə yaratdıqları obrazların qurbanına çevrilərək qan tökmək məcburiyyətindədirlər. Bu hələ prosesin başlanğıcıdı. Getdikcə proses daha da şiddətlənəcək. Bu prosesin hardasa təxminən iyirmi min qurbanı var. Çünki bu dəqiqə aləm bir-birinə qarışıb. İt yiyəsini tanımır. Tikən kim, sökən kim. Tikdirib təzədən sökən kim.

Köhnə dəyərlər adamların hələ də üzərində bir məsuliyyət kimi dayanıb. Ona görə də adamlar bir müddət bir-birlərini öldürməyə məcbur olacaqlar. Sonra bəlkə daha öldürməkdən yorulacaqlar, ya da beləcə bir-birlərini qırmağa davam edəcəklər. Çünki prosesin dayanması mümkünsüzdü.

Bəs nə baş verdi? Heç nə. Adamların bir-birlərini tapması üçün vasitələrin ortaya çıxması məxməri seksual inqilabın baş verməsini şiddətləndirdi. Sosial şəbəkələr, tanışlıq saytları, mobil telefon, çat...

Əvvəllər adamların bir-birini tapması çox çətin idi. Hamının üzərində ailə nəzarəti vardı. İndi nəzarət mexanizmi xeyli sarsılıb. Adamlar tanış olurlar, dərdləşirlər, şərtləşirlər, sakitcə yarıaçıq, ya da tam gizli şəkildə görüşürlər. Yuxarıda qeyd etdiyim kimi əsl partizan həyatı yaşayırlar.

Seriallar isə adamları seriallarda gördüklərini öz həyatlarında yaşamağa həvəsləndirdi. Bəli, bir çox insanlar seriallardan ciddi şəkildə təsirlənərək həyatlarına rəng qatmaq qərarına gəldilər. Baxır seriala görür ki, orda, serialda bir qadın başqa bir kişiylə görüşür. Deyir mən də görüşüm, görüm nə olacaq. Ta peşman olacaq, olmayacaq, bu sonranın işidir. Detallara və təfərrüatlara varmıram. Buna heç ehtiyac da yoxdu.

Çox adam özlüyündə düşünür ki, bütün bu baş verənlərin mənə dəxli yoxdur, amma elə deyil. Kənd, şəhər, qəsəbə fərqi olmadan proses kifayət qədər kütləviləşib. Məkanın və şəxsin hansı təbəqədən olması da elə bir önəm daşımır. Bunu yazmağa xeyli əsasım var.

Düzdü, bir çox adamlar hər zaman olduğu kimi cığallıq edərək qətiyyətlə deyəcəklər ki, yox bu proses kütləvi deyil, ayrı-ayrı fərdlərin işidi, məxməri seksual inqilabın bizə bir qram da dəxli yoxdu. Bu adamlara mən də öz növbəmdə qətiyyətlə kriminal verilişlərə bir az diqqətlə baxmağı məsləhət görürəm. Əgər onlar kriminal verilişlərə bir az diqqətlə baxsalar və xəbər saytlarında kriminal xəbərləri bir balaca diqqətlə oxusalar görərlər ki, doğrudan da ölkədə məxməri seksual inqilab baş verib.

# 5684 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #