Seks niyə vacibdir?

Seks niyə vacibdir?
6 may 2013
# 19:32

Problemin özü bir qırağa, yazı olduqca səmimi, rahat yazılmışdı. Hiss olunurdu ki, xanım müəllif yazını yazmazdan əvvəl bədii-publisistik mənada «muskul» yığmayıb. Sakitcə oturub, öz xalqının seks problemindən normal bir yazı yazıb.

O ki qaldı problemə, xanım müəllif rus qadınlarının seksə münasibətini avropalı qadınların eyni konuya yanaşması ilə müqayisə edir, problemləri, çətinlikləri sadalayır, müasir rus insanının get-gedə əks cinsdən uzaqlaşmasından, yadlaşmasından, cinslər arasındakı anlaşılmazlıqların artmağından, sosial şəbəkələrin insanda seksual istəyi azaltmağından yazmışdı. Heç bir vulqar ifadə işlətmədən, yersiz açıq-saçıqlıqdan istifadə etmədən.

Bəzi dostlarım bu yazını sosial şəbəkələrdə paylaşdılar. Kimisi yumorla yanaşmışdı, kimi də eyni problemin Azərbaycan variantından danışmışdı. Amma elə ki «top»u orta statistik azərbaycanlılar qəbul elədi, həngamə burda başladı. Qadınlı-kişili hamısı başladı əxlaq dərsi keçməyə. Nəymiş, bu ayıb mövzu imiş, belə şeylər müzakirəyə açıq deyilmiş, bu biabırçılıq imiş. Mənə ən qəribə gələn isə bəzi qadınların yazını paylaşdıqları halda «bəyəm bu belə vacibdir? Bəs 17-18 yaşlı gənclər bu yazını oxuyub, əxlaqları pozulsa nə olacaq?» tipli şərhlər yazmaları oldu.

Cem Yılmaz demişkən, mən başa düşə bilmirəm, biz bu seks problemini niyə çözə bilmədik? Ümumiyyətlə, azərbaycanlıların cinsəl münasibətlərə qarşı riyakar, saxta, ikiüzlü, vulqar münasibəti mənə həmişə çox iyrənc görünüb. Bu ölkədə qadınlı-kişili hamı üzdə, adam arasında özünü elə aparır ki, elə bil seks deyilən şey yoxdur. Varsa da kişilər üçündür. Qadının isə nə sekslə məşğul olmaq, nə də bu barədə danışmaq haqqı var. Seksdən açıq danışa bilən qadın o dəqiqə əxlaqsız elan olunur. Onun atası, qardaşı, əmisi oğlu, məhlə uşağı, kirvəsinin oğlu, qonşusu, dayısı – bir sözlə, qeyrət-namus kimi yaraq-yasaqla silahlanmış mütəşəkkil qohum dəstəsi belə qadının ipini yığmaq vəzifəsini öz boynuna götürür.

Bu kişiciklərə başa salmaq olmur ki, su içmək, yemək yemək, kürəyi qaşımaq, hava almaq kimi zəruri və normal ehtiyaclardan biri də cinsəl yaxınlıqdı. Burada ayıb, çirkin, iyrənc, vulqar heç nə yoxdur. Vulqar, iyrənc, ayıb, çirkin olan sizin seksə münasibətinizdi. Vaxtında normal, azad, insanca yaşaya bilmədiyiniz üçün, əlinizə imkan düşəndə heyvan kimi, bunu sonralar qəhrəmanlığa çevirmə, öyünmə cəhdinizdi. Cinsi partnyorunuza münasibətinizdi. Onu gözdən salmaq, yaxınlığınızı telefonlara çəkib, internetə yerləşdirmək, bu yaxınlığı o qadının yaxınlarına çatdırmaq və bununla da guya onların üzərində çaldığınız məzlum, düşük «qələbəniz»di.

Sizin milli-mənəvi dəyərləriniz, mentalitetiniz insanların cinsəl həyatını elə nəzarətə götürüb ki, siz adam kimi rahat seks həyatı yaşaya bilmirsiz. Valideynlər, qonşular, qohumlar sizi güdür. Mentalitet sizin tələbə yoldaşlarınız olan qızlardan, sevgililərinizdən, nişanlılarınızdan bakirəlik tələb edir. Sevdiyiniz qadınla toysuz, zaqssız, sənədsiz, kağız-kuğuzsuz sevişə bilmirsiz.

Azad seksual həyatın olmaması, mentalitetin özünü yengə kimi aparması qızlarımızı daha faciəvi günə salıb. Çoxu ərə gedənə qədər bakirə qalmağa məcburdu. Bəziləri himenoplastikaya əl atır. Bəziləri 30-35 il bakirə qalmağının acığını ərə gedəndən sonra hər şeyin başını buraxmaqla çıxır. Özünü açıb-buraxır. Ərə gedənə qədər isə milli-mənəvi dəyərlərin çılğın müdafiəçisi, tərəfkeşi kimi göstərir. Öz bakirəliyini, bakirə qalma məcburiyyətini var gücü ilə müdafiə edir. Çoxunun başı xarab olur. Əsəbləri pozulur. İnsanlara, hadisələrə qarşı aqressiv olur. Bəziləri dini fanatizmə yuvarlanır. Belə meyllərin səbəbini uzun-uzadı açıqlamağa hacət yox, mən bir qırağa, Freyd özü deyib. Bəziləri öz kasad, yanlış bilgilərinə arxalanaraq, kimya, tibb, fizika, tarix elmləri doktorları ilə mübahisələrə girişirlər. Qabaqlarına keçənə nələrsə sübut eləməyə çalışırlar. Gərgin, əsəbi, deyingən, həyatdan narazı olurlar.

Azad seksin olmamasının ən pis, iyrənc fəsadları özünü bölgələrdə büruzə verir. Mətbuata baxanda adam dəhşətə gəlir: bir rayondan bacı qardaşdan hamilə qalır, birində əmi qardaşı qızını zorlayır, birində qardaş iki bacısını zorlayaraq görüntüləri telefona çəkir, ata qızını, oğul ananı, qayınata gəlinini zorlayır. Bunlar son dövrdə yerli mətbuatda oxuduğum xəbərlərdi.

Bu xəbərlər adamı dəhşətə gətirsə də, təəccübləndirmir. Çünki ölkədə azad, sərbəst cinsəl həyatın olmamasının nəticəsi məhz belə olmalıdı.

Yazının dabanı

Yazını oxuyan namus, qeyrət, ana-bacı keşikçiləri, «ev qızları», «yaxşı oğlanlar» - hamısı yenə tumanlarını atacaqlar başlarına. Deyəcəklər ki, bunlar bir dəstə əxlaqsız, pozğun, düşmən dəyirmanına su tökən yazarlardı. İşləri-peşələri gəncləri yoldan çıxarmaq, onların əxlaqlarını pozmaqdı. Belə ittihamlara çox yox, bircə cümlə cavabım var: telefonlardakı, internetdəki yerli, milli pornolardakı «məktəbli», «kamazlı», «aeroportlu» pornoulduzların heç biri bizim oxucumuz deyil...

# 60423 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #