Nobel kimi seçir?

Nobel kimi seçir?
14 oktyabr 2016
# 13:29

2016-cı il Ədəbiyyat üzrə Nobel mükafatının sahibinin adı dünən açıqlandı. Bu, dünyanın daha çox rok musiqiçisi kimi tanıdığı Bob Dilan idi.

Doğrusu bu qərar məni də təəccübləndirdi. Axı, necə olur ki, dünyada Milan Kundera, Adonis, Haruki Murakami kimi qələm adamları qala-qala Nobeli Bob Dilan alır?

Və ya rokçunun vətənində Filip Rot, Don Delilo, Coys Kerol Oats, Pol Oster kimi nəhənglər dura-dura Amerikanı Nobel siyahısına Bob Dilanlamı salmaq olar?

Görünür, Nobel Komitəsi üçün bu bir-birindən fərqli adlar heç bir əhəmiyyət daşımır. Məsələn, Nobelə maraqlı deyil ki, Milan Kundera kimi nəhəng imzanın adı Nobellə hallansın. O, özü istəyir, kimin adı Nobellə yanaşı çəkilsin, kimin adı çəkilməsin. Lap “Gərək imam istəsin...” məsəlindəki kimi.

Nobellə bağlı bir məsələ də yadıma düşdü, yazım. Borxesin adı namizədlər arasında dəfələrlə hallansa da komitə hər dəfə başqa yazıçını nobelləndirirmiş. Buna görə Borxes zarafatla deyərmiş: “Mənə Nobel mükafatı verməmək milli Skandinaviya ənənəsinə çevrilib.”

Biz qəliblərlə yaşamağı öyrənmişik. Hamıya yarlıq yapışdırmağı sevirik. Hansısa bir şair nə vaxtsa roman yazırsa ona yazıçı demərik. Lap “Hər və sülh”ü yazsa belə. Məsələn, Ramiz Rövşən şeirlə yanaşı nəsr əsərləri də yazıb. Amma biz onun nəsrini xatırlamırıq, heç yerdə “şair-yazıçı” demirik, şairdir, vəssalam. Bəzən də tərsinə olur. Roman yazan bir qələm adamının şeirlərini ciddi qəbul etmirik. Həmin adamların ikinci işinə hobbisi kimi baxırıq.

Səbəb isə yuxarıda dediyim kimi çox sadədir. Biz qəliblərlə düşünməyi sevirik. Görünür, Nobel komitəsi belə düşünmür. Onlar bu cür qəliblərlə işləməyi sevmirlər. Məsələn, 1953-cü ildə Uinston Çörçill də ədəbiyyat üzrə Nobel mükafatını bu məqsədlə vermişdilər. Onlar Çörçilin memuarlarındakı bədii siqləti qiymətləndirmişdilər. Nə olsun ki, Çörçill dünyanın yaddaşında siyasətçi kimi qalıb.

Bob Dilan dünya rok tarixinin canlı əfsanəsi sayılsa da mahnı mətnləri Amerikada, eləcə də dünyada etirazçı sözün, müharibəyə qarşı hayqırışların öndəgedəni, ruporu olub. Bob Dilanın Vyetnam müharibəsinə qarşı, Karib dənizi böhranına qarşı, irqçiliyə qarşı yazdığı musiqilər təkcə etirazçı olduğuna görə yox, həm də yüksək poetik gücə malik olduğuna görə qiymətləndirilib.

Və dünya Nobel Komitəsi onun bu istedadını, bu zəhmətini unutmayıb.

O gün olsun Nobel komitəsi bizim sənətkarlardan da öz siyahısında görmək istəsin. Musiqiçiləri demirəm.

# 2856 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
#
#
# # #