Mənim saçyuyanım

Mənim saçyuyanım
7 sentyabr 2016
# 12:36

Səhər Əhməd

O, elə ilk baxışdan gözümə bir obraz kimi, ən azından bir yazı materialı kimi görünmüşdü. Amma mövzu o qədər çiy idi ki, onu yazıya çevirmək kələ-kötür bir daşdan bəzək əşyası düzəltmək qədər çətin görünürdü. Odu ki, elə ilk dəfədən bu fikri özümdən qətiyyətlə qovmuşdum, “axı kimə lazımdır sənin saçyuyanın?”

Amma istək eyni qətiyyətlə də üstümə qayıtmışdı.

O, bir gözəllik salonunda xadimə işləyir və həm də boyanmış və yaxud səliqəyə salınacaq saçları yuyur. İşində elə də səriştəli sayılmaz, müştərilər tez-tez üst-başları islandığına, qulaqları suyla dolduğuna görə şikayət edirlər. Cavabında o, elə hey gülür və bu nərmənazik, yaşı otuzdan çox olmayan qadının kişmişi gülüşü var.

Məni cəlb edən isə onun rabitəsiz və sadə danışığıdı. Bildiyimə görə, sintaktik əlaqələrdən fərqli olaraq məna əlaqəsi hamının danışığında olmalıdı. Dəlilərdən və uşaqlardan savayı. Səkinə isə nə dəlidi, nə də uşaq. Amma onun danışığında məna əlaqəsi tez-tez pozulur. Budaqdan budağa qonan quş kimi, mövzudan mövzuya elə keçid edir ki, hər özündən deyən yazıçı bunu bacarmaz.

Səkinə hər dəfə gah bir Azərbaycan filmindən, gah hansısa şou-biznes verilişindən danışır, detalları elə şərh edir, inandırıram sizi ki, onun danışığı obyektin özündən qat-qat maraqlı olur və mənim bütün məna və məntiq əlaqələrindən yorulmuş beynimə qəribə bir hüzur bəxş edir.

- Başını bir az da əy, ay sağ ol, “Qaynana”da deyir e, cigəriyanmış, indi səni gözəl-göyçək qız edəcəyəm. He, he, he. Bayaq bir klyent bilirsən nə deyir?

- Nə deyir?

- Deyir ağəz, yavaş də, ölü yuyursan, bəgəm? Ya moykada maşın yuyursan? Başımın şrupları töküldü ki... hi. hi, hi...

- Narahat olma, mənim başımın şrupları çoxdan tökülüb.

- Su necədi? Bura bax, səndən bir söz soruşum, məllim adamsan, doğrudan bu dünyada sevgi var?

- O, hardan ağlına gəldi? Bugünkü mövzumuzdu?

- Axşam bir verilişə baxıram, diyir, sizə sevirəm sözünü nə vaxt diyiblər, belə mənə gülməli gəlir ey, indi kim kimə sevirəm deyir ey? Kişi də içib yatmışdı divanda, dümsüklədim onu ki, adə, diginən görüm, məni sevirsən? Qayidasan ki, hə. Dedim de sən öl, dedi sən öl. Nə bilim, mənə qəribə gəlir e, sevgi var bəyəm?

- Var deyirlərsə, deməli, var.

- Xəbərin oldu? Məhəlləmizə təzə kirəçi köçdü axı..

- Doğrudan?

- Bə nə bilmişdin, yox bir ölmüşdü Xankişi, düm-düm halvasıdı bəyəm? Bütün gecəni onların köçməsinə baxmışam. Səhər də duran kimi bilirsən neynədim? Böyük çaydanı doldurub qoydum qazın üstünə, qazın bircə gözü yanır axı, əcəb elədim, bütün qonşular xeyli gözlədilər. Onlar məni gecə gözlədəndə yaxşıdı, işdən gedirəm, kuxna zanit, hamam zanit, tualet zanit, belə şey olar? Balzam vurum?

- İxtiyar sahibisən.

- Sən bizim adamsan, kaprizni deyilsən, səninlə sözüm də tutur. Bilirsən, ginekoloqa getdim axı.

- Həə, nə dedi?

- Deyir, sənin uşağın olar, nə olsun ərin qocadı, nə olsun içir, prosta müalicə lazımdı.

- Get də müalicəyə.

- Pul yoxdu axı, İndi məni burda öyrətdilər ki, çax-çuxu kişiyə bildirməyim, ayrıca yığım həkimçün, maaşımı verim kişiyə, onsuz da içir də. Mən də belə eliyciyəm. Mənə də Səkinə diyərlər. Amma qorxuram uşaq ola, sonra da yetim qala.

- Yetim niyə qalır?

- Anam məni qoyub ölmədi? Öldü. İndi sağ olsa, dərdim olmazdı, səninki ölməyib, ölüb, analar ölən olur axı. Nə bilim, vallah. Dur ayağa, cigəriyanmış, oğlana oxşayırdın, indi qıza oxşayırsan...

Mən qapıdan çıxanda Səkinə artıq məni unutmuş kimi görünür, oxuyur özüyçün:

Qoy var olsun yaradan əllər,

Sevinsin bəxtiyar ellər.

O qapıdan çıxıb girəcəyim o biri qapının qarşısında dayanıram. Orda bər-bəzəkli geyinmiş, təmtəraqlı danışan başqa qadınlar oturub. Bir-birinə telefondan maşın, geyim, səyahət şəkilləri göstərən, bir-biri ilə yarışa girmiş adamlar. Mən beş gediş sonranı görən şahmatçılar kimi onların hansı sözünün nəyə hesablandığını çox gözəl anlayıram. Səkinədən fərqli olaraq onların hər şeyi var, ev-eşiyi, maşını, pulu, uşağı, söhbətlərində məna və məntiq əlaqəsi. Bəs niyə onlar heç nəyi olmayan Səkinə qədər pozitiv deyillər, maddiyyat adamdan bu qədərmi əvəz çıxır?!

Bu suala cavab axtarırkən nədənsə özümə yazığım gəlir, iki qapının ortasında dayandığıma və sadəlövhlüklə hiyləgərlik arasında qaldığıma görə.

# 1364 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #