Anamın oxşarı

Anamın oxşarı
16 oktyabr 2017
# 11:30

Anam neçə vaxtdır ki, yuxularımdan didərgin düşüb. Onu yaddaşımın dərinliklərində itirmişəm, ora işıq saça bilmirəm. Bilmirəm, anam niyə məndən küsüb...

Bir dəfə metroda fikirli-fikirli gedirdim. Vaqonun içində ortaboylu, qara saçlı, iri gözlü, ağbəniz bir qadınla qarşılaşdım. Bir an fikirlərdən yaxa qurtarıb heyrətlə qadına baxdım. Gözlərim bərəldi. Qadın anama bənzəyirdi. Elə bil bir almanın yarısıydılar. Baxışlarımı ondan heç cürə çəkə bilmirdim. Anama bənzəyən qadın diqqətimi hiss etmişdi. Qara saçlarını anamın saçı kimi yığmışdı. Vaqonda adamlar seyrək idi. Ona hər dəfə baxanda duyğularım sevinc və hüznlə yoğrulurdu. Anama bənzəyən qadın gözlərini məndən çəkir, laqeyd-laqeyd qatarın pəncərəsindən qaranlıq tunelə boş-boş baxırdı... Bir an mənə elə gəldi ki, bu qadın həqiqətəndə anamdı. İncik olduğuna görə məni tanımamazlıqdan gəlir. Bu gərçəyə bir neçə dəqiqə o qədər güclü hisslərlə inandım ki, yaşadığım bütün ağrılar sevgiylə, hüzurla əvəzləndi. Duyğularımın rahatlıq tapdığı an anama bənzəyən qadın İçərişəhər stansiyasında düşdü. Düşünmədən arxasınca getdim. Sanki maqnit çəkib aparırdı məni. Maqnitin güclü təsirindən qadının addım atdığı hər yerə ayaqlarım qırmızı rəngli yol çəkirdi.

Qadın, bilmirəm tələsdiyindən, yoxsa ürkdüyündənmi tez-tələsik yeriməyə başladı. Bir an mənə elə gəldi ki, anam məndən qaçır, eynən yuxularımdan qaçdığı kimi... Bu gərçək toxundu mənə. Mən də arxasınca sürətimi artırdım. Küçənin dolanbac yerində istiqamətini dəyişdi. Köhnə beşmərtəbəli binaya girdi. Ayaqlarım dayandı. Gözlərim pəncərələrdə gəzməyə başladı. Ürəyim çırpınır, tez-tez tövşüyürdüm. Bir saat keçmişdi. Pəncərələrdə sükut bayrağı əsirdi. Hövsələsizliyimdən siqareti siqaretə calayır, acgözlüklə tüstünü içimə çəkirdim. Qadının pəncərəyə çıxması üçün içimdə dua oxuyurdum.

Hava qaralırdı. Buludlar göyüzünü boz rəngə bulayırdı. Pəncərələrdə işıqlar yanmağa başlayır, küçədən keçən adamların sayı artırdı... Ümidimi üzüb getmək istədim. Son dəfə pəncərələrə göz atanda anama bənzəyən qadının çöhrəsini gördüm. Ayaqlarım elə bil asfalta yapışdı. Gül çöhrəli üzündə təbəssüm vardı. Saçları küləyə qarışmış, qoxusu burnumun ucundaydı. Qanadlarım olsaydı kaş...

İkinci mərtəbədə qalırdı. Pəncərələri köhnə, nimdaş idi. Qadının əlində fincan göründü. Çay içirdi, ya da kofe. Küskün, incinmiş halı vardı. Anama bənzəyən qadın içəri keçdi, pəncərəni bağladı. Az keçmədi ki, evin işıqları da söndü. Bir neçə saat pəncərəyə çıxar deyə gözlədim. Qış ayı olduğundan axşamlar hava daha da soyuyurdu. Əllərim buza dönsə də, ürəyim istiydi.

Tanımadığım bu qadın mənim üçün anam kimi doğma və əziz idi artıq. Yağış yağmağa başladığından açılmayan pəncərədən çıxıb getməli oldum. Evə gedəndə qardaşıma, bacıma bu haqda bir kəlmə də demədim.

Hər gün qadının qaldığı məhəlləyə gedir, onun eyvana çıxmağını dörd gözlə gözləyirdim.

Ancaq anama bənzəyən qadının qaldığı evin işıqları yanmırdı. Günlərcə ümidlə onun pəncərədən çıxdığı anı böyük həvəslə, sevinclə gözləyirdim. Bəzən bu gözləyişlər gecə saatlarına kimi davam edirdi. Hər dəfə də çar-naçar arxama baxmadan qaçmağa başlayır, anamı unutmaq istəyirdim.

Anama bənzəyən qadınla bir daha heç yerdə rastlaşmadım. Bu hadisədən sonra anamı unutmaq cəhdlərim başladı. Ancaq anam bu dəfə bütün qadınlara bənzədi. Onun qalıqlarını qarşılaşdığım yerlərdə, parklarda, metrolarda, küçələrdə, mərtəbələrdə tapırdım. Görüşdüyüm qızlarda, bacımda, qonşu qadınlarında anamın parçaları gizlənmişdi. Mən onları gördükcə anam yenidən doğulurdu yaddaşımda. Və anladım ki, anam ömrüm boyu içimdə yaşayacaq... Ona yazdığım şeirimdəki kimi:

sən tərk edəndən məni,

bütün qadınlara

yalan danışmaq yoluxdu,

"səni sevirəm"lər, "yanındayam"lar,

əllərimdən tutmalar bulaşdı...

onlar mənə ana oldular,

başımın üstündə əsdilər,

sənin gözlərinlə baxdılar mənə, ana

hissə-hissə tapırdım qalıqlarını

çətin olurdu səni birləşdirmək ana...

yuxularda da bütöv deyildin,

özünü asdığın şalın,

saçların,

gözlərin...

xilas olmağa çalışan əllərin,

yuxularımdakı qadını gəzirdim həyatda

saçlarını metroda tapırdım,

gözlərini avtobusda,

əllərini küçədə...

ad günün də yadıma düşmür

nə vaxt doğuldun,

yadıma düşmür

qarşı-qarşıya tort yediyimiz ,

xatırlaya bilmirəm,

hədiyyələrə sevindiyini,

bütün qadınlar

doğum günün kimi gəlirdi mənə

tanış olduğumuz tarixdə sən doğulurdun

neçə vaxtdı ad gününü keçirtmirik,

sənə bənzəyib

tort yemək istəmir bütün qadınlar...

mən səni, mən səni...

boş qalmış yelləncək kimi, yelləncək kimi...

ayaqqabıları qucaqlayıb

yatan uşaqların

sevinci kimi xatırlayıram.../adalet.az/

# 2921 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #