İntihar

İntihar
1 sentyabr 2014
# 14:51

Mətanət Vahid yazır...

“İçimin boşluqlara doğru sovrulduğunu hiss edirəm. Ruhum məndən qopub uzaqlaşmaq istəyir nə zamandır. Harasa, nəyəsə can atır. Zavallı bədənimin gücü yetmir bu asi ruhumu daşımağa. Ruhum dəcəl uşaq anasının yanından qaçıb gedən kimi hey qaçıb uzaqlaşmağa çalışır. Nəyə çatmağa can atdığını bilsəydim barı, aparıb ruhumu o yerdə hörükləyərdim. Oturub ləpələrinin sahilə çırpılıb məhv olduğunu izlədiyim bu dənizəmi? Ya bəlkə dünən yarpaqlarını az qala birbəbir öpməyə çalışdığım ağacamı? Üzümü sürtmək istədiyim qara torpağamı? Baxıb, baxıb daldığım səmayamı? Nədən qopub ayrılıb bu ruhum? Nəyə can atır? Nədən rahatlıq, hüzur tapa bilmir heç cürə?”

Bu, bir intihar məktubuydu əslində və intiharçı sonradan hər kəsin maraqlanacağı ölümünün səbəbini yazmışdı bu məktubda. Ruhu bədənində əziyyət çəkən, qopub uzaqlaşmağa, bacardıqca qaçmağa çalışan birinin intihar öncəsi yazılmış məktubu...

Son zamanlar tez-tez yaxından, uzaqdan intihar xəbərləri alırıq. Sarsılırıq, “axı niyə?” deyə təəccüblənirik. Bizi həmişə başqalarının intihar etməsinin səbəbi maraqlandırır. Kimisi üçün bu sadəcə bir maraq, kimisi üçün analizdir.

İntihar edənləri, demək olar ki, heç vaxt qınamıram, qınaya bilmirəm. Çünki onları özüm kimi başa düşürəm. Və onları qınaya bilmədiyim üçün özüm həmişə qınaq obyekti oluram. Dindarlar deyirlər ki, intihar Allahın heç vaxt bağışlamayacağı ağır bir günahdır, ailəcanlılar deyir ki, özünü yox, özündən sonra gözüyaşlı qoyub getdiyi ailəsini, azyaşlı uşaqlarını, valideynlərini düşünməli idi. Bir sözlə, intihar edənlər bizlərin nəzərində eqoistdirlər. Onlara “ölməklə canını qurtardı” düşüncəsi ilə yanaşırıq çünki. Bəlkə də, haqlıyıq. Amma hər zamanmı haqlıyıq? Kim bilir, o insan intihara gedən yolda – o boynuna keçirdiyi ipə, damarına çəkdiyi ülgücə, ovuclayıb udduğu dərmanlara qədər nələr hiss edib, nələr yaşayıb? Bir insanın öz həyatını tərk edib getməsi üçün nə boyda səbəbi olmalıdır ki, özünə qıya bilsin. Axı “can şirindir” deyirlər, hamı yaşamaq istəyir. İnsan ömrü boyunca nə qədər acılar çəkməlidir ki, bu həyatı heç sevmədiyini deyə bilsin hər şeyə rəğmən. Adam var ki, ailəsi, uşağı, işi, evi, maşını, pulu, ad-sanı – hər şeyi var, amma həyatı sevmir ki, sevmir. Kiçik anlarda “həyat gözəldir” deyə, ona sevinc qatmağa çalışsa da, sevə bilmir yaşamağı. Belə insanlar, əslində, bu sözlərlə hər gün sanki bir intihar məktubu yazırlar – üzlərində təbəssüm, gözlərində sevinc görüntüsü ilə...

Özünə, həyatına qıya bilənlər sözün əsl mənasında intihar edir, adam da var yaşadıqca hər gün, hər saat ömrü büsbütün intihar havasındadır. Ölümdən qorxan, hətta haqqında söhbət eşidərkən belə üşürgələnənlər yaddır onlara. İntihar edənlər ya özlərini, ya da başqalarını bağışlaya bilməyənlərdir çox vaxt. Bağışlaya bilməmək öldürür onları. İntiharçılar bu gen dünyada sıxılan, özünə bir adamlıq yer tapa bilməyən, ağlamaq istəyəndə, düşünmək istəyəndə özünə çəkilməyə imkan tapa bilməyən adamlardır əksərən. Ölüm təsəllidir onlarçun. Ölüm axtardıqları, həsrətində olduqları o tənhalıqdır. Ölüm ÖZlərinə qovuşa bilməkdir... Qovuşmanız mübarək!

P.S. Bu yazımla intiharı təbliğ etmirəm, sadəcə intiharın səbəblərinin mütləq hər hansı konkret hadisə ilə bağlı olmaya biləcəyini vurğulayıram.

# 2276 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #