Yuxu

Yuxu
9 iyul 2015
# 09:07

Yuxuda görürəm ki, bir tamaşadır. Adamlar toplaşıb. Ciddi-ciddi nəyəsə baxırlar. Görürəm, zal yarıqaranlıqdır. Yuxarıda, düz başımızın üstündən tozlu çilçıraq asılıb, amma bircə lampası yanır. Pəncərədən yaşlı qadınların mahnı oxumaq səsi gəlir. Pəncərədən aşağı boylanıram, görürəm ki, yaşlı kənd arvadları üzüm dənələri ilə bağlı mahnı oxuyurlar.

Görürəm, tamaşaya baxan adamların arasından qoca bir kişi var. Hiss edirəm ki, xəstədir. Gözümü ondan çəkmirəm. Ağ saçları, fağır baxışları... Gözlərinin içi qıpqırmızı... Az-maz saqqallı... Görürəm birdən ürəyini tutur, tərin içindədir. Ona tərəf qaçıram, görürəm, heç kəs fikir vermir. Kömək etmək istəyirəm.

Sürətlə qaçıram, amma çox yavaş irəliləyirəm. Ayaqlarım bir-birinə dolaşır, qışqırıram – səsim çıxmır.

Uzaqdan görürəm ki, cibindən qalın iynələr çıxardıb sinəsinə batırır və sakitləşir. İynələr batırdığı yerdən qan axır, köynəyi bulaşır.

Kimsə deyir, onun elə bir xəstəliyi var ki, yalnız sinəsinə iynə batırmaqla sakitləşə bilir. Ona çox yazığım gəlir.

Soruşuram: “İndi necəsən?”

Deyir, yaxşıyam, bu xəstəlik boş şeydir, öyrəşmişəm. Əsas oğlumdan narahatam.

Mən onun oğlunu tanımıram və barəsində heç nə bilmirəm.

Məəttəl qalıram.

Tamaşa davam edir.

Pəncərədən aşağı boylanıram, görürəm, yaşlı kənd arvadları üzüm dənələri ilə bağlı ağlaya-ağlaya nəsə oxuyurlar.

Görürəm bu məqamda qapıdan ağ donlu çox gözəl balaca bir qız uşağı girir, əlində 3 dənə sarı çiçəyi var. Gətirib pəncərənin qabağında su ilə dolu stəkanın içinə qoyur. Çiçəkləri suyun içinə qoyan kimi üçü də solub bürüşür. Uşaq bunu görüb oturur qocanın yanında, yerdə və başlayır ağlamağa...

Oyanıb görürəm yağış yağır...

Pəncərədən ağlaşma səsi gəlir...

Anam deyir, qonşunun oğlunu bıçaqlayıb öldürüblər. O saat balaca qızını xatırlayıram, ona yazığım gəlir...

Birdən baxıram ki, onların üzüm ağacı quruyub, kəsib yandırırlar...

# 2113 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #