Mirmehdi Ağaoğlu
Bu gün Səfər Alışarlının doğum günüdür. 63 yaşı tamam olur.
Ədəbiyyatı şərti olaraq nəsillərə bölsək, Səfər Alışarlını 80-ci illər ədəbi nəslinin nümayəndəsi hesab etmək olar. Təəssüf ki, 80-ci illər nəslinin yaradıcılığının çiçəklənən, aktiv dövrü ağır, böhranlı illərə təsadüf elədi. Ədəbi ənənəsi olan böyük bir ölkənin dağılması, onun yerinə yaranan müstəqil dövlətin müharibə şəraitində yaşamını sürdürməsi mədəni sferada olan mövcud infrastrukturları da məhv etdi, siyasi və iqtisadi sahələrdəki böhran mədəniyyətə sirayət elədi. Nəticədə mədəniyyətə, ədəbiyyata, kitaba maraq azaldı desək yəqin ki, fikrimizi yumşaq səsləndirmiş olarıq, kitaba maraq tamamilə yox oldu. Sovet dövründə ədəbiyyat sahəsində yaranmış ənənə, infrastruktur tamamilə sıradan çıxdı.
Bu təbəddülatlar əlbəttə səksəninci illər ədəbi nəslinin yaradıcılığından da təsirsiz keçmədi. Məişət qayğısından sıyrılıb yaradıcılığa vaxt ayıra bilənlər üçün belə çap olunmaq imkanı məhdudlaşmışdı. Kitab çap etmək istəyən nəşriyyat olsa belə oxuyan qalmamışdı.
Bu vəziyyət təkcə səksəninci illər nəslinin yaradıcılığında deyil, xalqımızın da düşüncə plastında nəhəng boz zolaq yaratdı. Necə ki, 37-ci illər Repressiya maşınının udduğu elm adamlarının, mədəniyyət adamlarının, ədəbiyyyat adamlarının yeri sonralar heç cür doldurula bilmədi, doxsanın illər böhranı da xalqın inkişaf tempinə təsir etdi, mədəniyyətimizdə axsama yarandı. Bu axsama xalqımızın XXI əsrdəki ayaq izlərində daim özünü göstərəcək.
Bayaq dediyim kimi bu böhranlar ona gətirib çıxardı ki, xalq özünün istedadlı qələm adamlarını tanıya bilmədi, xalqla qələm adamları arasında rabitə kəsildi. Əgər o dumanlı doxsanıncı illər olmasaydı, o illərdə kitab çapı, ədəbiyyatın inkişafı qaydasında getsəydi, geniş oxucu kütlələri də səksəninci illər nəslini yaxından tanıyardı, zəncir qırılmazdı.
Elə bilirəm məhz bu səbəbdən mən bir oxucu kimi Səfər Alışarlını çox gec tanımışam. Və yenə də elə bilirəm ki, mən tək deyiləm, mənim kimi oxucular minlərlədir. Əlbəttə könül istərdi bizdə də dünyanın normal inkişaf etmiş ölkələrində olduğu kimi kitab bazarı çağdaş marketinq metodları ilə fəaliyyət göstərsin, onda oxucu yazıçısına asanlıqla ulaşar, yazıçı da layiqli qiymətini almış olardı. Onda mən də Səfər Alışarlı kimi dəyərli bir qələm adamını 25-30 yaşımda yox, daha tez, lap elə yeniyetmə vaxtlarımda tanıyardım.
Mən kitabların - ədəbiyyatın insanları dəyişdirdiyinə inanıram. İnanıram ki, əgər Səfər Alışarlı yaradıcılığını vaxtında tanısaydım həyatım başqa cür olardı.
Və yenə də inanıram ki, əgər doxsanların o böhranlı dövrü olmasaydı, bizim yazıçılar da dünyanın başqa ölkələrindəki yazıçılar kimi normal şəkildə kitablarını çap etdirə bilsəydilər onda xalqımız da Səfər Alışarlını (eləcə Saday Budaqlını və başqalarını) layiqincə tanıyardı, bax o zaman həyatımız indikindən fərqli olardı.
...Hər halda olan olub, keçən keçib, itirən xalq olaraq biz olmuşuq. İndi bizə ancaq keçmişdən nəticə çıxarmaq qalır.
Bir də, doğum günü münasibətilə yazıçını təbrik etmək.