Siyasi-bədii personamız

Rəvan Cavid, yazar

Rəvan Cavid, yazar

29 iyun 2022
# 11:20

Kulis.az Rəvan Cavidin “Siyasi-bədii personamız” yazısını təqdim edir.

Dünən İsveç və Finlandiya NATO-ya üzv seçildi. Dünyanın iki ən sakit və ən mədəni ölkələri. Seçilmək üçün uzun müddət qardaş Türkiyənin razılığını gözlədilər. Türkiyənin bu siyasi zaman fasiləsinin bir çox səbəbləri var idi, əlbəttə. Ancaq mən istəyirəm, başqa məsələ haqqında düşünək. İki yüz ildi orduya belə ehtiyac duymayan İsveç Türkiyədəki terror təxribatlarına qarşı mübarizəyə qoşulacağını bildirib. Finlandiyanın müharibə təcrübəsinin olduğunu nəzərə alsaq, üçtərəfli memorandumun fin hissəsini başa düşmək olur. İsveçin gecə-gecə belə bir qərar qəbul etməsinin səs-küyü, yəqin, yaxın beş-on ildə bilinəcək.

Yazının siyasi hissəsi bu qədər. Keçək bədii hissəsinə...

Finlandiya deyəndə yadıma zanbaqlar, İsveç deyəndə Berqman düşür. Berqmandan danışanda da “Persona”.

“Persona” tamamilə cəmiyyətdən uzaqlaşmaq istəyən, psixoloji gərginlik yaşayan, sükut axtaran aktrisanın və onu müşayiət edən tibb bacısının hekayəsindən bəhs edir. Dövrün ən gözəl teatr aktrisası Elizabet Voqler karyerasının ən vacib tamaşalarından birində qəfildən susur. Məəttəl qalmış insanlar nə baş verdiyini başa düşmək üçün əllərindən gələni etsələr də, Voqler səssiz qalır. Son çarə olaraq klinikaya yerləşdirilən qadın burada da lal olmaqda davam edir. Sağlamlığında heç bir problem aşkar olunmayan qadın həkimin məsləhəti ilə tənha bağçaya göndərilir. Onunla bağçaya göndərilən şəxs gənc tibb bacısı Almadır. Voqler susarkən Alma danışır. Alma öz hekayəsini saatlarla, günlərlə danışır. Və film böyük bir psixoloji aktın ekranlaşdırılmış şəklinə çevrilir. Travmalar, ətrafımızdakı şəxslərin hekayələri, yenilənməyə usanmadan can atan cəmiyyət və fərd arasında hər gün dərinləşən uçurumlar. İnsan dili unudur.

Berqman “Persona” filmi haqqında müsahibələrindən birində deyir:

“İçində söz olmayan, sükut və ağrıların cəm olduğu bir şeirin çoxlu şəklini çəkmişəm”.

Psixologiyada Voqlerin “xəstəliyi” mutizm adlanır. Histerik mutizm cəmiyyətdən “könüllü” şəkildə uzaqlaşmaq üçün fərdin “sükutu” seçməsidir. Xüsusən, qadınlarda və uşaqlarda rast gəlinən xəstəlik ciddi sosial-ictimai böhranın nəticəsi də ola bilər.

Bəs “xoşbəxtlər və sülh ölkəsi”nin vətəndaşları hansı sosial böhranın içində qala bilərlər ki?

Bu yaxınlarda bir araşdırma oxumuşdum. Ki, ən çox intihar hadisələri sosial vəziyyəti və yaşam standartları yüksək olan ölkələrdə yaşanır. Yəni, insanlar xoşbəxtlikdən ölürlər. Xoşbəxtlik ciddi travmalar və asosiallıq yaradır. Çünki bu qəribə isterikanın içində məna verə bilməyəcəyimiz mənəvi yüklər var. Və insan ondan qurtulmaq üçün bütün cəhdləri etməyə can atır.

“Persona” dünyada yaşanan milyonlarla hekayənin içində insanın yenə və yenə tək qalmasında bəhs edir həm də.

“Persona” fərdin bütün xüsusiyyətlərini özündə təzahür etdirən yaddaş kartıdır. Rejissorun bu adı seçməsi, epiqraf və filmin sakit, ürküdücü atmosferi izləyiciyə daim bir sual verir: “Nə yaşamısan?”

Bu sualın qarşısında Voqler sükutu seçir. Bizim nəyi seçməyimiz isə şəxsiyyətimizin hansı genetik kodlara söykənməsindən asılıdır.

Bir sözlə, film nihilizmin sentimental eksperimentidir.

Biz zaman-zaman hər şeyi unutmağa hazırıq. Həyatımızın ən önəmli gününü – doğulduğumuz, bu dünyaya gəldiyimiz günü belə çoxdan unutmuşuqsa, ondan sonra baş verənlər, ya da onun ucbatından olanlar da ağlımızdan silinəcək, deməli. Hər şeyi xatırlamaq olmur, xatırlanan hər şey isə heç də baş vermiş sayılmır. Bəzən daha yaxşı kədərlənmək üçün yalançı oluruq. Özümüzü aldadırıq və ona inanırıq. Sonra onun olub-olmaması bizi düşündürür. Yaddaş ismi, xatırlamaq feli və ümidli sifəti bu dünyada ən vacib elementdir, digər ikisini bilmirik.

Dünən imzalanmış memorandum da nə qədər siyasi pozitivlik yaratmışdısa, bir tərəfdən də hələ qabaqda daha böyük fırtınaların olduğu mesajını verdi. Və bu fırtınaların içində bizim personamız elə Berqmanın sükutu kimi mistik və yoxluğa yuvarlanmış görünür.

# 2750 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #