Niyaməddin Musayev sənətkardırmı?

Niyaməddin Musayev sənətkardırmı?
3 aprel 2023
# 17:00

Kulis.az Səttar Temuçinin “Başının çıxmadığı şeydən danışmamaq və ya bilməmək sənəti haqqında” adlı yazısını təqdim edir.

Məktəbi əlaçı olaraq bitirmişəm. 11 illik tam orta təhsil həyatımda üç dəfə pis qiymət almışam. Birində müəllim heç bir fikrim olmayan inşanı yazmadığıma görə qulağımdan tutub lövhəyə çıxardı və yağlı bir şillə vurdu. İkinci pis qiymətimdə atam şillə vurdu, bir həftə günorta yeməyi üçün “peraşki” pulu da vermədi. Üçüncüdə anam məni yaxşıca döydü. Dedi, sənə yemək verməyəcəm. Amma ana ürəyidir də, dözmədi, verdi.

Elə o vaxtdan bilməməkdən qorxuram. Elə bilirəm ki, nəyisə bilməsəm, yaxşıca kötək yeyəcəyəm. Sanki nəyisə bilməsəm, atam məni daha bu yaşda döyməsə də, məndən çox inciyəcək.

Məni inşanı yazmadığıma görə ibtidai sinifdə aşiq olduğum qıyıqgöz sinif yoldaşım Nərminin yanında döyən Elmira müəllimə indi iflic olub. Daha nə onda məni döyməyə taqət var, nə də mən o yaşdayam. Amma o hadisədən sonra Nərmin mənə baxsa da, mən Nərminə yaxın dura bilmədim. İndiyə kimi də ən böyük qorxularımdan biri hansısa qızın yanında pərt olmaqdır. Hansısa qızın yanında gərək hər şeyi biləsən, yoxsa alınmaz. Bir dənə anamın yanında bilməyə bilirəm. Bilirəm ki, o məni bağışlayar.

Elə bu səhər oyanıb yatağımda tavana uzun-uzun baxdım. Yenə nə isə düşünürdüm, amma nə olduğunu xatırlamıram. Görünür nəsə haqqında fikir yürütmək məndə vərdiş halını alıb. Bu gün deyib, sabah dediyimi unuda bilərəm. Yadıma düşdü, elə hər şeyi bilmək, hər şeydən başı çıxmaq haqqında düşünürdüm.

Fizika, kimya, biologiya, zoologiya, anatomiya, psixologiya, fəlsəfə, musiqi, ədəbiyyat, siyasət, nədən desəniz, o haqda bir fikrim var. Baş verən bütün söhbətlərdə mövzu nədən olmasından asılı olmayaraq fikrimin olmaması ehtimalı yoxdur. Mən nəyinki fikir bildirirəm, hətta bildirdiyim fikrin arxasında böyük cəsarətlə dururam. Əks arqument səsləndirən insanlarla axıra kimi müzakirəni çürüdüb mübahisə edə, hətta söz davasına da çıxa bilirəm.

Məsələn, sosial şəbəkələrdə müzakirə olunan “Niyaməddin Musayev sənətkardırmı, yoxsa deyilmi?” müzakirəsinə mən də qoşuldum. Heç bir musiqi təhsilim yoxdur, Niyaməddin Musayev haqqında ətraflı bir məlumatım da yoxdur. Hansı mahnıları oxuyub, ölkə musiqisi üçün nələr edib, ölkə musiqisini haralarda təmsil edib, ümumiyyətlə, sənət nədir, sənətkarlıq kriteriyaları və s. haqqında da ətraflı məlumatım yoxdur.

Bir də mənim musiqidən çox başım çıxmasa da, bir fikrim, təbii ki, var. Bu Rövşən Binəqədili var e, "Can gedirik almağa" sənət əsərinin sənətkarını deyirəm. Ona Mədəniyyət Nazirliyi niyə sənətə yüksək töhfələrinə görə medal filan vermir? Belə olmaz e vallah. Mən siyasətdə olsam, mütləq bununla bağlı camaatı ayağa qaldırardım. Yolumuzu açan olmadı da, heyf...

Siz də mənim kimi hər şeyə fikir bildirin, dostlar. Başınız çıxdı, ya çıxmadı, nə fərqi var? Əsas odur ki, bilməməzlik etməyin.

# 3865 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #