İtirilmiş günəşin axtarışında

Seymur Baycan, yazıçı

Seymur Baycan, yazıçı

29 iyun 2022
# 17:00

Kulis.az Seymur Baycanın "İtirilmiş günəşin axtarışında" yazısını təqdim edir.

Yayı, qızmar günəşi necə səbirsizliklə gözləyirdim. Qızmar günəşin şüaları altında oturub qışın soyuğun canımdan çıxarmaq, sümüklərimi qızdırmaq, günəşdən orqanik enerji almaq istəyirdim. Son illər günəşi, isti havanı daha çox sevməyə, qiymətləndirməyə başlamışam. Günəş, günəşli hava, günəş şüaları, isti – bunlar necə gözəl nemətlər imiş. Bu sadə və bayağı həqiqəti axır vaxtlarda başa düşmüşəm.

Uşaq olanda altdan-üstdən geyinən qoca kişilərə, qoca arvadlara baxıb təəccüblənirdim. Görəsən, bunlar istidən bişmirlər? Nənəmgilin qonşuluğunda lap qoca bir arvad yaşayırdı. Bu arvad o qədər qocalmışdı ki, balacalaşıb uşaq boyda olmuşdu. Elə bil balaca uşağın bədəninə lap qoca bir adamın dərisini keçirmişdilər. Yayda əyninə yun jaket geyinirdi. Belinə də şal bağlayırdı. Bir gün özümü saxlaya bilmədim. Arvaddan soruşdum ki, sənə isti deyil? Dedi, sümüklərim üşüyür bala, sümüklərim üşüyür. İndi özüm də illər keçdikcə paltarları kələm kimi altdan-üstdən geyinirəm. Hava bir balaca soyuyan kimi əlim-ayağım bumbuz olur. İş qabiliyyətim aşağı düşür. Çox güman vaxtsız qocalmışam.

İyun ayının sonuna çatmışıq. Yaydan əsər-əlamət yoxdur. Bu nə havalardır belə? Külək, yağış, buludlar adama göz açmağa imkan vermir. Bilinmir hansı fəsildir. Bu dəqiq yay fəsli deyil. Yaza, payıza da çox oxşamır. Fəslin hansı fəsil olduğunu müəyyən etmək çətindir.

Neçə gündür əsəbimdən evdən bayıra çıxmıram. Külək əsəndə itə dönürəm. Qapmağa adam axtarıram. Əlim heç bir işə yatmır. Balkondan aşağı baxıram. Ağacların başı tərpənirsə, vəssalam... Məni heç “Ural”la da dartıb evdən çıxarmaq olmaz. Külək əsən günlərdə başımı bürüyüb yatıram. Ən yaxşı halda filmlərə baxıram.

Dünən hava ötən günlərə nisbətən yaxşı idi. Həm də evdən çıxmaq məcburiyyətində idim. Çörək, kartof, qatıq, reyhan, cəfəri, pomidor, soğan almalıydım. Evdən səhər ertədən çıxdım. Adətimə uyğun olaraq əvvəlcə parka getdim. Taxta skamyada oturub quşları yemləməyə başladım. Sərçələrdən biri heç gözləmədiyim halda dəstədən ayrılıb skamyanın üstünə qondu. Biz diqqətlə bir-birimizə baxmağa başladıq. Həyatı, hadisələri lazımsız yerə mənalandırmağın, həyata, hadisələrə əlavə mənalar yükləməyin hər zaman əleyhinə olmuşam. Amma, həqiqətən, skamyanın üstünə qonmuş sərçənin çox qəribə, çox dərin, çox mənalı baxışları vardı.

Bapbalaca, kibrit çöpünün başı boyda göz və belə qəribə, dərin, çox mənalı baxış... Bapbalaca bir gözdə necə böyük qüdrət olarmış. Heyrətamizdir. Dəhşətdir. Deməli, gözün həcmi, böyüklüyü və kiçikliyi qətiyyən əhəmiyyətli deyil. Adamlar var ki, nəlbəki boyda göz gəzdirirlər, amma baxışlarında bir qram məna yoxdur. İnanın, o sərçənin baxışındakı mənanın, dərinliyin, qəribəliyin bircə faizini insanların 99,9 faizinin sifətində görməmişəm.

Hətta mənə elə gəldi ki, bu balaca quş dil açıb adam kimi danışa da bilər. Ona nəsə bir sual vermək istədim. Əvvəla ağlıma tutarlı sual gəlmədi. “Necəsən?”, “Bura niyə qonmusan?”, “Adın nədir?”, “Neçə yaşın var?”, “Şeir bilirsən?”, “Haralısan?”, “Harada işləyirsən?”, “Bir şey-mi şey çıxır?” kimi suallar o dərin, o mənalı baxışların qarşısında çox düşük, çox dayaz görünərdi. Digər tərəfdən sərçəyə sual verməkdən qorxdum. Düşündüm ki, birdən, həqiqətən, sərçə sualıma cavab verər, danışar. Gəl bundan sonra kimisə inandır ki, həqiqətən də, sərçəylə danışmısan. Ən yaxın, ən doğma adam belə sərçəylə danışmağına inanmaz.

Həyəcan, qorxu, maraq və bu qəbildən olan digər hisslər bir-birinə qarışmışdı. Həyatımın ən qəribə, ən maraqlı, ən xoşbəxt saniyələrini yaşadığımı dərk edirdim. Bu saniyələrin uzandıqca-uzanmasını istəyirdim. Amma skamyaya qonandan təxminən otuz-qırx saniyədən sonra sərçə uçub getdi. Dünəndən bəri o mənzərənin təsiri altındayam və dəqiq bilirəm ki, xeyli müddət o mənzərənin təsiri altında qalacam.

# 3708 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #