Kulis.az Loğmanın yeni yazısını təqdim edir.
Kənddə onu hamı tanıyırdı, illah da uşaqlar. Çünki daha çox uşaqlarla oturub-dururdu. Və belə məqamlarda Ataxan çox dəyişirdi. Qəribə idi ki, əlli, altmış, hətta yetmiş yaşlarından sonra da uşaqlar ona "əmi", "dayı" deyə müraciət etmirdilər. Eləcə, "Ataxan" deyirdilər – həmyaşıd, tay-tuş kimi. Bunun da öz səbəbi vardı. Ataxan danışdığı, söhbət elədiyi uşağın yaşına qədər geriyə qayıda, kiçilə, uşaqlaşa bilirdi. Əslində Ataxanın uşaqlığı uşaqlarla birlikdə olanda daha aydın görünürdü. Uşaqlarla hər şey Ataxanın ürəyincəydi. Onların hər sualına həvəslə cavab verirdi – yalansız-filansız, necə varsa, elə...
Ataxanı başqalarından fərqləndirən cəhətlərdən biri də yalan danışmamağıydı. Məcbur qalanda belə yalan danışa bilmirdi. Amma hiss olunurdu ki, o heç yalan danışmaq istəmir. Uşaqlar da elə buna görə ona belə isinişir, yaxınlaşırdılar. Uşaqlar yalan danışan böyükləri sevə bilmirlər axı. Bəzən böyüklər ona dolaşıq suallar verib çaşdırırdılar ki, görək yalan danışacaqmı. Onda Ataxan sahilə atılmış balıq kimi çapalayır, hörümçək toruna düşmüş milçək kimi çırpınırdı.
Ataxanın pırpız qalın qaşları, çuxura düşmüş mavi gözləri vardı. Donqar almacıq sümükləri, çökük ovurdları və uzun çənəsi onun qıpçaq soyundan olduğuna şübhə yeri qoymurdu. Qartal baxışlarından hiss olunurdu ki, bunun arxasında bir qorxmaz, təpərli ürək dayanır. Ataxanın baxışlarından gəncliyini görmək olurdu.
... On səkkiz yaşında İkinci Dünya müharibəsinə yollanan Ataxan o illəri xatırlayanda oğlunun canına and içirdi ki, adamları inandıra bilsin. Adamların inamını itirməkdən qorxulu şey yox idi onun üçün. Onun üçün, bəlkə də, ən ağır şey dediyinə kiminsə şübhə ilə yanaşmasıydı. „Kərəmin ölmüşü haqqı, oküz kimi boynum dönmürdü. Yetim oğlandım – dədəm yox, nənəm yox. Qohum-əqrəbam da qalmamışdı, nədən qorxacaqdım ki... Kənddə yolumu gözləyənim də yoxudu ki, dərdini çəkəm. Özüm öz ayağımla getdim müharibəyə...“
Ataxanın fikrincə, adam nəyinsə, kiminsə dərdini çəkəndə qorxar, qorxaq ola bilərdi.
Ataxanın qəribəliyi taleyinin qəribəliyindən doğmuşdu.
Onun taleyinin çopur üzləri, həyatının kələ-kötür yolları vardı. Müharibənin ilk illərində əsir düşmüşdü. Düşərgədə keçirdiyi ağır günlərdən nə qədər soruşsalar da, danışmaqdan boyun qaçırardı. Nadir hallarda onu deyərdi ki, bir nemes mayoru gəlib bizi sıraya düzdü. „O, sıranın qarşısında var-gəl edib, o tərəf-bu tərəfə gəzir, əsirlərə baxırdı. Barmağını mənə tuşlayanda ürəyim getdi, çıxdım qabağa. Sonra bir nəfəri də çağırdı. Bizi maşına qoyub düşərgədən çıxartdılar. Elə bildim ki, güllələməyə aparırlar. Amma yanılmışdım – bizi bir evin qapısına gətirdilər. Bir neçə gündən sonra başa düşdük ki, mayor bu evdə yaşayır. O gündən biz mayorun mülkündə qul kimi işlədik. Amma kopoolun nemesi bizə təzə paltar, doyunca yemək-içmək verdi. Yuyunduq, üzümüzü qırxdıq, əməlli-başlı adama oxşadıq. Elə bilirdik ki, hər şey beləcə davam edəcək. Amma bir neçə gündən sonra o nemes kopoolu bizi at kimi qazalağa qoşub gəzintiyə çıxdı. Bundan sonra hər şey zəhərə döndü...“
Ataxan o nemes mayorunu dağdan necə uçurdub qaçdığı, bir həftə meşədə ac-susuz qaldığı və nəhayət, bizim tərəfə keçib, yenidən döyüşə-döyüşə Berlinə qədər necə gedib çıxmağından danışırdı.
Ataxan, bəlkə də, dünyanın ən azad adamı idi. Əsir düşdüyündən – sinəsindəki medallara belə məhəl qoymadan – müharibədən sonra çox sıxışdırıldığına, incidildiyinə görə, özünün dediyi kimi, bir gün də sovet hökumətinə işləmədi. Sovet hökuməti nə qədər çalışsa da, Ataxandan sovet adamı düzəldə bilmədi. Ataxan kasıb azadlığını "sovet adamlığına" dəyişmədi. Onun azadlığının bir üzü bu idi. İkinci üzü isə pal-paltar qayğısı, ruzi qorxusu çəkməməsi ilə bağlıydı. Bir qayda olaraq, kənd uşaqları hərbi xidmətdən qayıdanda "paradnı forma"larını – kitel, şinel və "botinka"larını Ataxana bağışlayardılar. O da keçmiş əsgər, döyüşçü kimi bu hərbi paltarı çox qururla geyinərdi. Orden-medallarını kitelin yaxasına asıb, üstündən şineli çəkər, amma heç vaxt onları açıb göstərməzdi. Çörəkpulu məsələsinə gəldikdə isə, Ataxan onu hərbi geyimi ilə yanaşı, daim çiynində gəzdirdiyi "lopatka"sından çıxarırdı. Daimi iş yeri olmadığından kimin nə işi olsa, onun üstünə gələrdi. Qazancı da ailəsini dolandırmağa birtəhər çatardı. Ataxanın ömür boyu güzərandan şikayətləndiyini, çörəkdən, ruzidən korluq çəkdiyini görən olmadı.
Ataxanın ilk baxışda qəribə görünən vərdişləri vardı. Həmişə evdən çıxanda cibinə əl boyda yavan çörək qoyardı. Bu vərdişi ona müharibə qazandırmışdı. Evdən çıxanda Ataxan döyüşə gedən əsgərə çevrilirdi. Ataxan hələ də müharibədə qalmışdı – uşaqlar familiyasını çəkən kimi farağat vəziyyət alır, sağ əlini gicgahına dirəyib „çes“ verirdi. Bu, uşaqların üzünü güldürən ən sevimli görüntü idi. Əslində Ataxanın bütün ömrü elə müharibə şəraitində keçdi. Onun hər addımı döyüş idi. Halal çörək qazanmaq, buna qane olmaq, nəfsinə üstün gəlmək üçün Ataxan özünə qarşı cəbhə açmışdı.
Başqaları kimi təmtəraqlı süfrə açsın – belə şey yoxudu – harada acsa, elə oradaca çörəyini cibindən çıxarıb yeyirdi. Baxmazdı yol gedir, ya işləyir, yanında adam var, ya yox... Ataxan içindəki kiçik, balaca, amma işıqlı bir insanın keşiyini çəkir, onu qoruyurdu. O balaca, işıqlı insan Ataxanın bütün hərəkətlərinin komandanı idi. Ataxan onun sözündən çıxa bilməzdi, lap nə eləsələr də. Ataxan içində gəzdirdiyi generalın sadiq əsgəri idi...
Hər gün kəndin tən ortasındakı artezian quyusundan təkərləri tırtıllı traktor katoklarından düzəldilmiş, daş yolda getdikcə xırçıldayıb tükürpərdici səs çıxaran eşşək arabası ilə çəlləkdə su daşıyardı – deyərdi ki, bunun yaxşı çayı çıxır. Hər gün eyni iş təkrar olunduğundan eşşəyi həyətdən çıxaran kimi artezian quyusunun yanına gəlir, çəlləyi doldurandan sonra da düz qapıya qayıdırdı. Arxadan gələn Ataxan isə uşaqlarla söhbət edirdi. Uşaqlar arağac quzular kimi oynaqlayır, arabanın yanında o tərəf-bu tərəfə tullanıb-düşürdülər. Hətta kim istəsə, arabaya da minə bilərdi. Bundan uşaqlar da, o da məmnun qalırdı. Ataxan müharibə həyatından, qorxmazlığından, marşal Jukovla şəkil çəkdirməyindən yalnız uşaqlara danışardı. Onlar da bu söhbətə diqqətlə qulaq asar, Hitlerlə görüş səhnəsinə çatanda ürəkdən gülərdilər. “Hamıdan qabaqda mən gedirdim. Avtomat əlimdə qabağıma çıxan nə ki nemes var qırırdım. Bir də onda gördüm ki, səs-küy kəsilib, bir inni-cinni qalmayıb – hamısını qırmışam köpəkuşağının. Başımı qaldıranda nə görsəm yaxşıdı?..“ Bu zaman, təbii ki, uşaqlar xorla soruşurdular: „Nəə?“ „Gördüm pilləkənlərin başında kişi dayanıb mənə baxır“. Uşaqlar təkrar soruşurdular: „Ataxan, kişi kimdi?“ „Əəə, Hitleri deyirəm də... Mənə baxıb, başını buladı, incik-incik: “Ataxan, sən də bunlara qoşulmusan?“ – dedi. Onun bu sözündən sonra utandım, qolum boşaldı, düşdüm aşağı. Yoxsa nemeslərin kremlinə bayrağı birinci mən taxacaqdım...“ Bu, Ataxanın ömrü boyu danışdığı yeganə yalan idi. Çox güman ki, uşaqları güldürmək üçün uydurmuşdu. Amma bunu o qədər təkrar-təkrar uşaqlara danışmışdı ki, artıq özü də onun doğruluğuna inanmağa başlamışdı...
Axşamlar kənd camaatının yığışdığı elə o artezian quyusunun yanındakı pavilyona Ataxan da gələrdi. İmkanlı adamlar, daha çox üzüm briqadirləri – „beşillik planı üç ildə yerinə yetirənlər“, „yazıb götürənlər“ – pavilyonun bağlı „kabinet“lərində yeyib-içəndən, keflənəndən sonra Ataxanla məzələnər, onu müharibədən danışmağa məcbur edib əylənirdilər. Qabağına saymazyana bir-iki kabab tikəsi atırdılar. Zarafata salıb araq içirtməyə də cəhd eləyirdilər. Bir dəfə zorla ağzını açıb boğazına araq tökmüşdülər, az qalmışdı ölsün. Sonradan Ataxan belə təkliflərə yaxın durmurdu. Yalnız ürək qızdırdığı adam olsa, çay alıb içərdi, onu da uşaq kimi, utana-utana, çəkinə-çəkinə...
Əksəriyyət onu ağılsız hesab edirdi. Çünki Ataxan yalan danışa bilmir, araq içmir, siqaret çəkmirdi, halal zəhməti ilə dolanırdı, başlıcası isə ondan heç kim qorxmurdu və nəhayət ... balaban çalırdı. Ataxan heç nəyin - medallarından başqa - üstünü örtmək istəmirdi. Başqa cür görünmək onun heç təsəvvüründə belə yox idi. Ataxan görünmək dərdi çəkmirdi, olmaq dərdi çəkirdi. Bu cəhətləri camaatda onun haqqında belə fikir formalaşdırmışdı. Axı əslində çoxları olduğu kimi görünməyi ağılsızlıq sayırdılar. "Dolanmaq" üçün gərək başqa cür görünəsən, axı...
Ataxanın bədəninin ayrılmaz hissəsinə çevrilən şineli, medalları, çiynində gəzdirdiyi „lopatka“sından da əziz olan qiymətli bir əşyası vardı. Bu, dəliklərini qızardılmış şişlə dağlayıb tüstülədə-tüstülədə deşdiyi balabanı idi. Bunu necə və harada öyrənmişdi – bilən yoxudu. Ataxan balabanı lap ürəyinin üstündə – qoltuq cibində gəzdirirdi. Uşaq vaxtı elə bilirdik ki, Ataxan şineli, medalları, „lopatka“sı və balabanı ilə birlikdə yatıb-durur, dünyada bunlardan başqa tutalqası yoxdu. Və elə o uşaq düşüncəsi ilə də fikirləşirdik ki, görəsən, Ataxan öləndə onları neyləyəcəklər...
Balaban Ataxan üçün sərhəd rolunu oynayırdı. Nə qədər ki, balaban Ataxanın qoltuq cibindəydi, o bu dünyada, yəni şinelinin, medallarının, „lopatka“sının yanında qalırdı. Amma elə ki, gözlərini yumub çalmağa başladı, başqa dünyanın adamı olurdu. Ataxanın balabansız o başqa dünyaya keçməsi mümkünsüzüdü. Çünki balabandan başqa, bu dünyanın heç nəyi – heç bir həzzi, vasitəsi, gücü Ataxanı o başqa dünyaya çəkib apara bilmirdi. O başqa dünya nəydisə nə versələr, bəzən isə heç nə verməsələr də, qapı-qapı düşüb, gün başına şaxıya-şaxıya işləməyi, əl boyda çörəyə qane olmağı, yersiz hərəkətlərə belə dözməyi onun xətrinə edirdi. O başqa dünya necəydisə Ataxanın bu dünyada ondan başqa qovuşmaq istəyi yoxudu.
Kəndimizin yaxasından başlayıb Quruçayın sahillərinə kimi uzanan torpaqlar və çəkil ağacları vaxtilə Orucəli kişiyə – Ataxanın babasına məxsus idi. Hələ çar dövründə Orucəli kəndin hampaları, mal-mülk sahibləri, galladarları dura-dura türməyə düşən, tutuqlanan adamları zaminə götürmək səlahiyyətinə sahib olan yeganə kişi idi. Çünki onun torpaqları və ən başlıcası isə tut ağacları vardı. Sovet hökuməti gələndə o torpaqları Orucəli kişinin əlindən alsa da, ermənilər kəndi işğal edənə kimi o yer adını özündə saxlamışdı – „Orcalı ağacları“. Elə həmin Orucəlı kişinin əkdiyi ağaclara söykənib yanağından süzülən göz yaşları ilə balabanda çaldığı havanın Orucəli kişiynən doğmalığı qədər yaxın olduğunu görəndə anladım ki, İkinci Dünya müharibəsində böyük çətinlik hesabına azad olduğu əsirlikdən fərqli olaraq, Ataxanı bu dünyanın əsirliyindən yalnız ölüm qurtara bilər. Amma hiss olunurdu ki, Ataxan o dünyaya keçə bilməyəndə darıxır. Bu, çuxura düşmüş gözlərinin dərinliyindən süzülən kədərli işığın qanadlı quş kimi çırpınmağından bilinirdi.
... Ataxan təkcə çadırın içindəki kiroqaz iyindən deyil, elə bayırda da boğulurdu.
„Çadır qəhərciyi“ndə təkcə hava deyil, doğma, əziz və əvəzsiz olan çox şey çatışmırdı. Ataxanın itirdiyi doğma yurddan qalan sevimli bircə şey vardısa, o da balaban idi. Onu da daha söykənib çalmağa doğma bir ağacsa da yox idi. „Çadır qəhərciyi“ndə arabasız, quyusuz, doğma uşaqlarsız ağac bitirmək, gövdəsinə söykənəcək qədər böyütmək Ataxan kimi əyilməz adama belə inanılmaz görünürdü.
Həyatın ən dəhşətli zərbələrinə sinə gərən Ataxan „Çadır qəhərciyi“nə alışa bilmədi. Yardım maşınlarının yanında növbəyə dayanmağı kişiliyinə, qüruruna sığışdıra bilmədi. Çıxacağı da çadırların yanından axıb keçən bulanıq şor su kanalı idi. Ataxanın gözləri önündə artıq həyatın özü belə kanalın suları kimiydi. Hər cür məhrumiyyətlərə tab gətirməyi bacaran Ataxan vətənsiz yaşamağı bacarmadı. Ölümündən bir gün əvvəl balabanını da kanalın sularına atdı. O təmiz, doğma yurdun yeganə nişanəsini özündən əvvəl „dəfn“ elədi...
Ataxan ömrü boyu heç kəsə köks ötürmədi.
Heç kəsin əlindəkinə baxıb tamsınmadı. Kasıblığını elə ürəkdən yaşadı ki, varlıları belə utandırdı. Kasıblığını elə sevdi ki, kasıblıq da sevgi kimi göründü. Kasıblıq da sevildi Ataxanın timsalında. O, həyatı ilə sübut elədi ki, bu dünyada adama adam olmaq üçün elə də çox şey lazım deyil. Ataxan demək istədiklərini həyatı ilə yazdı həyatın üzünə. Həyatdan vasitə kimi istifadə edən Ataxan bir an belə həyata boyun əymədi. Ataxan dünyanı dünyadan çıxarda bildi. Dünya ona özü kimi yaşamaqda mane ola bilmədi. Dünyanın hər şeyi Ataxandan yan keçdiyindən o dünyanın hər şeyindən qabaqda qaldı həmişə. Dünyanın heç bir parıltısı Ataxanı aldada, bu dünyaya bağlaya, baş əydirə bilmədi...