Əkiz qardaşlarla sevgili olan qadının dramı

Əkiz qardaşlarla sevgili olan qadının dramı
2 aprel 2023
# 10:00

Kulis.az Orxan Adıgözəlin “İki üzlü məşuq” adlı yazısını təqdim edir.

“Əkizlər təbiətin şah əsəridir. Təsəvvür edin ki, radikal individualistlərin cəmiyyətində iki şəxsiyyət iki damla kimi bir-birinə bənzəməkdədilər.”

“L'Amant double” filmindən

Fransız rejissor Fransua Ozon 2017-ci ildə maraqlı bir film çəkib. “L'Amant double”(“İki üzlü məşuq”) adlanan bədii filmin ssenarisi amerikalı yazıçı Joyce Carol Oatesin “Fossil-figures” kitabına uyğun çəkilib. Sadəcə, Fransua Ozon sseanirini öz dəsti-xətti ilə fərqli məcraya daşıyıb. Ona görə filmin ssenari müəllifi kimi Ozonu da qeyd etsək, haqsızlıq etmiş olmarıq.

Süjet sadə ritmlərlə başlasa da, getdikcə qarışıq və mürəkkəb şəkil almağa başlayır. Xloya adlı gənc qadın psixoterapevt qəbuluna yazılır. O, keçmiş modeldir və psixoterapevtə ginekoloqunun məsləhəti ilə gəlir. Ginekoloq, qadının qarnındakı sancıları psixoloji nüanslarla əlaqələndirir.

Film ginekoloqun stulunda oturan Xloyanın vulvasını göstərməklə başlanır. Kamera qadının uşaqlıq yoluna doğru irəliləyir və ani kadr dəyişikliyi ilə vagina Xloyanın gözü ilə əvəzlənir. Bununla rejissor qadının daxili dünyasına girişi simgələməyə çalışıb.

Beləliklə, psixosamatik ağrılardan dolayı seanslara yazılan Xloyanın bir müddətdən sonra öz terapevtinə qarşı məhrəm hissləri yaranır. Bu simpatik duyğular qarşılıqlı olduğu üçün onlar birgə yaşamağa qərara gəlirlər. Hər şey bundan sonra başlanır.

Xloya öz sevgilisi psixoterapevt Pol barədə çox az məlumatlıdır. Pol da işinə görə mahir dinləyici olduğu kimi, eyni zamanda təbiətcə sakit və özü barədə az danışandır. Bu Xloyanın çox qıcıqlandırır. O, sevgilisinə bu barədə təpki göstərsə də, Pol öz məramından vaz keçmir. Pol psixoterapevt olsa da, nə əcəbsə düşünmür ki, əgər qadın nələrisə qazımağa başladısa, o, ortaya olduqca çox şey çıxartma gücünə malikdir. Əlqərəz, Xloya Polun əkiz qardaşının olduğunu öyrənir. Bu süjeti düyünə çevirib, nəinki Xloyanı, elə izləyicini də həmin kəndirli düyünlə boğmağa bərabər hala çevrilir.

Ola bilər yazdıqlarımla film barədə spoyler vermiş oluram. Bu dəfə bunsuz olmayacaq. Gərək bağışlayasınız. Bütün hallarda, macəralar qeyd elədiyim yerdən sonra qızışmağa başlayır və ən dadlı, həvəslə izləyəcəyiniz səhnələri sizin ixtiyarınıza buraxdığıma şübhəniz olmayacağını filmə baxdıqda mütləq biləcəksiniz. Buna əminəm.

Fransua Ozonun filmlərində çox vaxt psixoanalizlə bağlı geniş ştrixlərin olması, onun kinolarının izləyicilərinə yad deyil. Ozon əksər əsərlərində erotikadan geninə-boluna istifadə edən rejissorlardandır. O, seksuallıqla bağlı məsələləri psixoanalizdəki psixoseksual inkişaf dövrü ilə də bağlamağa müəssər olur. Erotik triller olan “İki üzlü məşuq” filmində də seksual və digər eksperimentləri səhnə mizanına uyğunlaşdırmağı bacaran rejissor öz müsahibəsində də qeyd etmişdi ki, bu eksperimentlər xeyli yaxşı alınıb.

“İki üzlü məşuq” izləyicini həm qorxutmaq, həm də ehtiraslandırmaq gücündədir. Filmdə çox güclü emosiyalar dalğası var və buna ən çox Xloyanın duyğuları güzgü tutur. Qadın maraqdan, acıqdan və ya qarışıq hisslərindən dolayı ayrı-ayrılıqda əkiz qardaşlarla görüşür. Biri ilə yaşayır, digəri ilə sadəcə yatır. Burada görünüşcə bir-birindən seçilməyən həmin qardaşların necə əks və zidd olan xarakteri sərgilənir.

Xloya, sakit təbiətli, betta kişi ilə özünü sabit, incə və təhlükəsiz həyata buraxdığı halda, digər kişinin sərt, xaotik və alfa keyfiyyətləri ilə özünü ekstrimal və qorxulu əyləncə kabinəsində yellənən kimi hiss edir. O, gah yumşaqlığa, gah da qabalığa qaçır. Bu qabarma-çəkilmə onun duyğularını körükləyir. Gənc qadın özünü təhlükəli oyunun içinə atmaqla, beynindəki iblislərin oyanmasına və onu yerə-göyə doğru çəkərək, özünün də nə istədiyini bilmədiyi hala gətirir. Bu vəsvəsə verən, həzlə qarışıq ağrılı oyun Xloyanın psixikasını karusel kimi fırlatmağa başlayır. Daha sonra, o, karuseldən enmək istəsə də bunu bacarmır. Ziddiyyətli oyun onun özünü də ikiyə parçalayıb əkizləşdirir.

Bipolyar pozuntu metaforik tərzdə, hətta dekorasiyalarda belə özünü göstərir. Sabitlik və xaos, isti və soyuq enerjiləri - izləyici təkcə əkiz qardaşların xasiyyətində deyil, elə filmdəki rekvizitlərdə də sezəcək.

Fransua Ozanın bu filmi açıq-saçıq, bir az da həyasız filmdir. Rejissor əkizlər vasitəsi ilə insanın şüuraltı hoqqalarına işıq salaraq, içimizdə olan vəhşi, ibtidai varlığın nələrə yol açacağını da göstərmiş olub. Bəzi məqamları gördükcə hadisələrin, davranışların motivinə məntiqi haqq qazandıra bilməyəcəyiniz mütləqdir. Sadəcə, bir şey də var ki, şüuraltın motivləri akt halında üzə çıxanda, ona, psixoloji təhlil olmadan quru məntiqlə haqq qazandırmaq da olmur.

# 2167 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #