Kulis.az yazıçı, tərcüməçi Etimad Başkeçidin ““Xosrov və Şirin"in yeni tərcüməsi və digər mətləblər haqqında” yazısını təqdim edir.
"Xosrov və Şirin" əsərinin tərcüməsini zəruri edən nədir?
Tərcümə prosesində hansı prinsiplər əsas götürülüb?
Bu tərcümə Azərbaycanın mədəni həyatında nə kimi rol oynayacaq?
Hər şeydən öncə bilməliyik ki, min il əvvəlki, ondan da qədim dövrlərə aid mətnlərin zaman-zaman yenidən tərcüməsi zərurətdən irəli gələn praktikadır. Bu, bütün dünyada belədir. Vaxt keçir, tərcüməçilik diskursunun ənənəvi çərçivələri genişlənir, təsəvvürlər və yanaşmalar, dilin özünün intonasiyası belə dəyişilir. Tərcüməşünaslıq elmi də yerində saymır və nəticə etibarilə bütün parametrlər üzrə orijinala daha yaxın tərcümə mətnləri ilə tanış olmaq imkanları çoxalır. Ona görə Azərbaycan ədəbi mühitində "filan əsər artıq tərcümə olunub, yenidən tərcümə etməyə nə ehtyac var?" yanaşması kökündən yanlışdır.
Təsadüfi deyil ki, ötən əsrin sonlarından etibarən tərcüməşünaslıqda "Təkrar tərcümə nəzəriyyəsi" ən dinamik elmi istiqamətlərdən birini təmsil edir. Bu istiqamətin əsasını qoyanlardan biri, fransız tərcüməçi, tarixçi və tərcümə nəzəriyyəçisi Antuan Bermana görə, ilk tərcümə yalnız giriş səciyyəlidir, sonrakı təkrar tərcümələr isə "orijinala doğru hərəkət"dir, yəni birinci tərcümədə buraxılan, gözdən qaçırılan mətləblərin mətnə qaytarılması prosesidir. Dolayısı ilə yalnız təkrar tərcümələrlə mükəmməl tərcümə mətni əldə etmək mümkündür.
Tərcüməçilər üçün nə qədər kədərli olsa da, fakt faktlığında qalır: tərcümə mətnləri yalnız hansısa tarixi mərhələdə aktuallıq kəsb edir, yəni orijinaldan fərqli olaraq, bu mətnlər köhnəlir. Təbii, elə dahi sənətkarlar var ki, onların tərcüməsi uzun müddət öz dəyərini itirmir. Bununla belə, təkrar tərcümələrə hər zaman ehtiyac duyulur.
"Köhnə tərcümə"lərdə istənilən qədər səhvlər, yanlışlıqlar, təhriflər tapa bilərsiniz. Amma bu, tərcüməçinin kvalifikasiyasından xəbər vermir. Təbii, əgər bu, açıq-aşkar zəif tərcümə deyilsə. Köhnə tərcümələrdəki yanlışlıqlar təbiidir, o üzdən onlarda səhv tutmaq bir mənada açıq qapıya təpilmək kimidir. Ona görə biz həmin sənətkarların əməyini yüksək qiymətləndirir, haqqını verir və heç kimdə səhv tutmağa çalışmırıq.
Bir sözlə, bu tip mətnlər vaxtaşırı yenidən tərcümə olunur ki, bu da tamamilə təbii prosesdir. İngilislər "Boevulf"u və Şekspiri əski ingiliscədən, ruslar "İqor polku haqqında dastan"ı qədim rus dilindən dəfələrlə, hər dəfə yenidən tərcümə edirlər.
Yeri gəlmişkən, Nizaminin poemaları öz epizmi, söyləyicinin obrazı, bədii detalların seçimi etibarilə daha çox dastan poetikasına istinad edir.
Azərbaycanda sakral və tarixi mətnlərin, Nizaminin poemaları tipli əsərlərin tərcüməsini obyektiv olaraq çətinləşdirən məqamlar haqqında ayrıca danışmaq lazım gəlir. Bunlardan ən vacibi sözügedən mətnlərin tərcüməsi zamanı, başqa ölkələrdən fərqli olaraq, istinad edə, əldə rəhbər tuta biləcəyin hər hansı fundamental əsərin olmamasıdır. Ona görə tərcüməçilərin çoxu, necə deyərlər, əlhavasına hərəkət etməli olur. Nəticədə çox zaman sabit söz birləşmələri, allyuziyalar, metonimiyalar, idiomatik ifadələrin tərcüməsində böyük anlaşılmazlıqlar ortaya çıxır, hər kəs öz bildiyi kimi davranır.
Tərcümənin ümumnəzəri qaydalarında idiomatik ifadələrin analogiyasını və ya heç olmasa ekvivalent qarşılığını tapmaq məsləhət görülür. Bunun digər yolu hər şeyi olduğu kimi saxlamaq, bir növ əsərin surətini çıxarmaq və bunların izahını şərhlərdə verməkdir. Amma bu halda izahların ümumi həcmi əsərin özündən böyük ola bilərdi; farsdilli araşdırmaçıların, şərhçilərin çox zaman fərqli mövqelərdən çıxış etdiyini, eyni ibarələrin, sabit birləşmələrin və beytlərin yozumunda fikirlərinin uzlaşmadığını nəzərə alsaq, məsələ daha da qəlizləşərdi.
Nizamini tərcümə edərkən nəzərə almaq lazımdır ki, bu, əski fars dilidir, bu əsərlər tamamilə fərqli mədəni və tarixi kontekstdə ərsəyə gətirilib, o dövrdə işlək olan sözlər və ibarələr arasındakı assosiativ əlaqələr haqqında təsəvvürə malik olmadan bu mətnləri doğru-düzgün anlamaq və şərh etmək mümkün deyil. Yeri gəlmişkən, bizdə "kalka tərcümə"lər də var ki, "hər şeyi olduğu kimi" verib, heç bir izaha ehtiyac görmədiyi üçün, sadəcə, söz yığını təsiri bağışlayır.
Tərcüməyə başlayarkən həll etməli olduğumuz vacib məsələlərdən biri, bəlkə də birincisi tərcümə strategiyasını müəyyənləşdirmək idi.
Sözbəsöz və ya klassik sətri tərcümədə sözlərin orijinaldakı ardıcıllığı, nizamı və müəyyən mənada ifadə formaları saxlana bilir. Lakin bu zaman, tərcümədəki hər söz orijinaldakı sözləri maksimum düzgün ifadə etsə də, ümumilikdə rabitəsiz, anlaşıqsız bir mətn alınır. Bu cür tərcümələr adətən dilçiliyin hansısa sahələri üçün maraqlı ola bilər.
Hərfi tərcümədə də qaçılmaz problemlərlə üzləşməli olursan. Bilindiyi kimi hərfi tərcümənin vahidi kimi cümlələr, burada isə misralar və onların ardıcıllığı götürülməlidir. Bu zaman, istər-istəməz, məcazların və digər bədii vasitələrin mənasının dəqiqliklə ötürülməsi çətinləşir. Ən azından ona görə ki, bunlar hərfi tərcümənin vəzifəsi sayılmır. Lakin bu tip tərcümələrin də öz auditoriyası var. Məsələn, xarici dil öyrənənlər üçün ilkin vəsait rolunu oynaya bilir.
Digər yanaşmanı şərti olaraq semantik tərcümə adlandırmaq olar. Bu, nisbətən sadələşdirilmiş variantdır, mətnə yerləşdirilmiş şərhlər tərcümənin keyfiyyətinə xələl gətirir.
Tərcüməni uyğunlaşdırma yolu və ya referativ üsulla da həyata keçirmək mümkündür. Bu tərcümədə tərcümə mətni müəyyən məqsəd üçün formalaşdırılmış auditoriyanın ehtiyacları üçün adəptə edilir. Təbii ki, biz bu yolla da gedə bilməzdik.
İndiki halda bədii tərcümədən söhbət getmədiyi üçün, bəzi hallarda müxtəlif tərcümə tiplərinin kombinasiyasından da istifadə etməklə, filoloji tərcümənin imkanlarından yararlanmağa üstünlük verdik. Klassik əsərlərin üslubi və bədii özəlliklərini qoruyub-saxlamağa və böyük şairin əsərini bacardığımız qədər aydın, anlaşıqlı dillə oxucuya çatdırmağa çalışdıq.
Başqa bir yazımda qeyd etdiyim kimi, nəzərə almalıyıq ki, tərcümə mətni istənilən halda kommunikativ səciyyə daşıyır. Odur ki, tərcüməçi hər hansı bir paradiqmaya əsaslanıb, oxucuyla mətn arasında əngəl olmamalı, əksinə, vasitəçi rolunda çıxış etməlidir.
Hörmətli oxucu, tərcümə nəzəriyyəsi və praktikasına nəzərən, əgər tərcümə mətni açıq-aşkar profanasiya deyilsə, deməli, bütün tərcümə mətnləri kimi, tərcüməçinin öz ixtisasına uyğun versiyasıdır.
Güman edirik ki, bizim mətn bütün tərcümə standartlarına və günümüzün tələblərinə cavab verir.
Böyük şairin həyatı, əsərlərinin taleyi, milli və ədəbi kimliyi ilə yaxından maraqlananlar üçün də xeyli diqqətçəkən məqamlar var. Məsələn, bəllidir ki, Nizaminin öz əlyazması ortada yoxdur, tərcüməçi istər-istəməz onun hansısa üzü köçürülmüş əsəri ilə işləməli olur. Bu zaman çoxsaylı köçürmələrdən hansının müəllif mətninə daha yaxın olması barədə yalnız mülahizələr yürütmək olar. Bundan başqa, bu mətnlərdə bir-birindən fərqli xeyli məqamlar var: çox güman ki, ayrı-ayrı mirzələr tərəfindən əsərə müəyyən parçalar əlavə olunub, müəyyən yerləri əvəzlənib, bəzi parçaların yeri dəyişdirilib, kiçik də olsa, manipulyasiyalar edilib. Bunu öz təcrübəmdən bilirəm: tərcümə prosesində dəqiqləşdirmələr aparmaq üçün bir neçə fərqli nüsxələrdən istifadə etməli olduq. Bu səbəbdən tərcümə üçün hansı mətnin əsas götürülməsi məsələsi də həmişə müzakirə mövzusuna çevrilir.
Nizaminin əsərlərini oxuduqdan sonra onu beynəlxalq aləmdə fars ədəbiyyatının nümayəndəsi kimi təqdim etməyə çalışanların arqumentləri tamamilə gülməli görünür. Əvvəla ona görə ki, müəllifin yazdığı dil onun hər hansı mənsubiyyətini müəyyənləşdirmir. Bu məntiqlə XI-XIV yüzilliklərdə, yəni Nizaminin dövründə İngiltərədə fransız dilində yaradılmış zəngin ədəbiyyatın ingilislərə aidiyyatı olmamalıdır. Xatırladım ki, həmin dövrdə İngiltərə kral sarayının, feodal, dünyəvi və ruhani aristokratiyasının dili fransız diliydi, parlamentdə və məhkəmələrdə fransız dilindən istifadə olunurdu, bu dildə ədəbiyyat yaradılırdı.
Bütün orta əsrlər boyu Qərbi Avropada latın dilində yaradılmış ədəbiyyat da onun kimi. Yüzilliklər boyu bütün Qərbi Avropanın əsas yazı dili latın dili idi. Rotterdamlı Erazmdan tutmuş, Con Miltona, Petrarkaya və Spinozaya qədər müxtəlif millətlərin nümayəndələri latın dilində yazıb-yaradırdı. Amma onların hamısını latın elan etmək heç kəsin ağlına gəlmir.
Nizaminin poeziyasında heç bir fars şairində olmayan bir özəllik var: onun simvollar sistemində "türk" - mərdlik, gözəllik, işıq, qorxmazlıq, xilqətin bütün müsbət cəhətlərini özündə ehtiva edən bir anlayışdır. Nizami peyğəmbərin ehtişamını, böyüklüyünü göstərmək istəyəndə belə onu "türk" adlandırır: "Seçilmişlər seçilmişi, Rəbb üçün xas Ayazdır o". Cəbrayıl mələyi belə türkə bənzədir.
Oğlu Məhəmmədi nəzərdə tutub yazır ki: "İlahi, sən özün hifz elə türkzadəmi".
Bu mətnin yaranması üçün orijinalın sözbəsöz tərcümə versiyasını və müxtəlif mənbələrə istinadən dəqiqləşmiş şərhləri təqdim etmiş fars dili mütəxəssisi Əli Şükrüyə təşəkkür edirik.
Bu tərcümə mətninin Azərbaycanda qədim mətnlərin tərcüməsi praktikasının zənginləşməsi, tərcümə məktəbinin formalaşması işinə öz kiçik töhfəsini verəcəyinə ümid edirik.
"Ədəbiyyat" qəzeti