Boşanmalar azadlıq vəd edirmi? 

Boşanmalar azadlıq vəd edirmi? 
15 iyul 2022
# 17:00

Kulis.az Vüqar Babazadənin “Ailə fabulası ətrafında” yazısını təqdim edir.


Ailə yalnız cəmiyyətin deyil, eyni zamanda, mentallığın ən mühüm qaynaqlarından biri sayılır. Azərbaycanlılar üçün ailə həyatın başlanğıcı, əsası və məqsədidir. Onları ailədən kənarda təsəvvür etmək çətindir. Ümumiyyətlə, tipik azərbaycanlı öz həyatını ailədən kənarda təsəvvür edə bilmir. Ailəni azərbaycanlının əlindən alın, onun ailə vəzifəsini təcrid edin, şüurunu ailə kultundan təmizləyin, o həmin an həyata bütün marağını itirəcək, həyat eşqi sönəcək, həyat meyli ölgünləşəcək və bədbəxt bir məxluqa çevriləcək. Belə bir insan cəmiyyət üçün faydasızdır, heç nəyə yaramayan bir fərddir.

Azərbaycanlının həyat missiyası ailəyə xidmət üçün nəzərdə tutulub. Hər kəs səhərdən axşama kimi ailəsinin rifahı üçün çalışır.

Biz isə bu gün ailədə qadın və kişinin rollarından danışacağıq.

Əvvəlcə gəlin, müdrik Molla Nəsrəddinə qulaq asaq, görək molla nə deyir.

Günlərin bir günü molladan soruşurlar ki, sən necə edirsən ki, ailəndə heç vaxt dava-dalaş olmur. Buna necə müəəssər olmusan? Molla cavab verir.

Biz arvadımla evlənən günün səhəri belə razılığa gəldik ki, bütün mühüm və vacib məsələləri mən, xırda və əhəmiyyətsizlərini isə arvadım həll etsin.

Molladan soruşurlar:

Hansı məsələlər əhəmiyyətli, hansılar əhəmiyyətsizdir?

Molla cavab verir:

Dünya siyasətinin, müharibənin və sülhün, kainatın təkamülünün, sivilizasiyanın tərəqqisinin qlobal fəlakətlər təhlükəsinin problemləri əhəmiyyətlidir və onları mən həll edirəm. Ailədə qayda-qanun, uşaqların tərbiyəsi, valideynlərə qulluq, qohum-əqrəba ilə münasibətlərin saxlanması, konfliktlərin yoluna qoyulması kimi xırda məsələləri isə arvadım həll edir.

Molla ilə razılaşmamaq olmur. Tipik azərbaycanlı ailəsinin bütün mühüm problemlərini qadın həll edir. Bu cür ailəni patriarxal hesab etmək olarmı? Yəni kişi meylli, kişinin lider olduğu ailə hesab etmək olarmı? Əlbəttə ki, yox. Azərbaycan ailəsi forma baxımından patriarxal, mahiyyət etibarilə isə matriarxaldır. Yəni qadına meyillidir, başçı qadındır.

Xarici aləm gündəlik ruzi əldə etmək üçün vacib şərtidir. Kişi səhər evdən çıxır və ailəsi üçün bir loxma çörək qazanmağa gedir. Ailə isə qadının himayəsində qalır. O evdə qayda-qanun üçün məsuliyyət daşıyır. Avtomatik ailə hakiminə çevrilir və ilahi hüquqa malik olur. Üstəlik, ailənin namusu hər şeydən əvvəl qadının namusudur və bütün nəsil-nəcabət bunu yüksək qiymətləndirir.

Çünki bütün qohum-əqrəba namusun keşiyində dayanmışdır. Əgər ailənin dağılmaq riski varsa, nəsildəki hər kəs köməyə qaçır, necəsə edib, ailəni dağılmağa qoymurlar. Ona görə də boşanma tipik azərbaycanlı ailəsi üçün ər və arvadın seçimi deyil. Ailəni dağıtmaq nəslin adına ləkə gətirməkdir. Ona görə də ailə dağılanda nəslin nüfuzlu şəxsləri təhlükəni dəf etmək üçün sosial, iqtisadi, mənəvi tabulardan və hətta şantajdan istifadə edirlər. "Uşaqların xoşbəxtliyi naminə" söhbəti də öz yerində.

Tipik azərbaycanlıların həyat tərzi və gündəlik qayğıları ailənin rifahını yüksəltməyə yönəlmişdir. Buna görə də əgər kişi ailəsini dolandıra bilmirsə, o ölümün gözünə də dik baxmağa hazırdır. Ailəsinə bir tikə ət aparmaq üçün kişi hər şeyə əl ata bilər. Alçaqlığa, oğurluğa, rüşvətə, hətta cinayətə belə. Belə bir ailə başçısı özünü cinayətkar hesab etmir və əmindir ki, ailəsi onu mühakimə etməyəcək. O ailəsini "narrmalni" dolandıranda özünü əsl kişi hesab edir. Ailə isə ona ailədənkənar bir sıra şuluqları bağışlayır. Məhəbbət macəralarını, mənəviyyatsızlığı, oğurluğu və s. Adicə çox qəddar bir analogiya aparaq.

"Gəzən" kasıb kişi ilə, "gəzən" varlı kişi. (Burda "gəzən" sözü "qıraqda arvad saxlamaq" kontekstində işlənib)

Əsas məsələ ailəni dolandırmaqdır. Kişi nə istəsə edə bilər, kişi heç nədən qorxmur. Çünki bacarana can qurban.

Beləliklə, ər və arvad ailəyə birgə xidmət edərək, xoşbəxt olmağa başlayırlar. Onların əkdiyi uşaqlar da böyüyüb tərbiyəsiz olur, qız tutur, çolka saxlayır və yaxud üstündə bıçaq gəzdirir. Bunlar isə oğru ata ilə, itaətkar ananın heç vecinə də deyil. Çünki onlar bu hərəkətlərin pis olmağı haqqında bir fikrə sahib deyillər. Adam bilmədiyindən qorxmur.

Göründüyü kimi ailə insanları hədsiz ailə köləliyi ilə yanaşı, eyni zamanda, ailə xoşbəxtliyinin təməlini fanatikcəsinə müdafiə etməyə, hətta ailə missiyasını həyata keçirmək uğrunda özünü qurban verməyə vadar edir.

Burdan nə nəticəyə gəlirik? Azərbaycandakı ailələr dağılmalı, boşanmalar artmalıdır. Yaşlı valideynlər qocalar evinə, bir-biri ilə yola getməyən ər-arvadlar isə məhkəmə zallarına təşrif buyurmalıdırlar. Hər kəs öz fərdi azadlığına qovuşmalıdır. Bunun üçün romantik xəyalları gözə alıb eqoist xoşbəxtliyə çatmaq lazımdır. Ciddi deyirəm və heç nəyi təbliğ etmirəm. Yalnız bu halda, müəyyən qədər, (bir daha təkrar edirəm) müəyyən qədər, qadına şiddətin, insanların özünü bədbəxt hiss etmələrinin, rüşvətxorluğun qarşısını almaq olar.

Bu yaxınlarda bir nəfər mənim bundan əvvəlki hansısa yazıma cavab vermişdi. Kiçik haşiyə ilə yazmışdım ki, ənənəvi ailə modeli dağılır və bu çox müsbət haldır. Qardaş isə yazısında bildirmişdi ki, Vüqar bəy səhvə yol verir, ailə müqəddəsdir, ailələrin dağılması pis şeydir, faciədir-filan. Təxminən belə bir kontekst idi. O, narazılıq edirdi ki, boşanmalar niyə artır?
İndi yadıma düşdü, bir abzas da mən o qardaşa cavab verim.

Ənənəvi ailə modeli (ağsaqqallar - valideynlər - uşaqlar) dağılmağa başlayarsa, ailənin aparıcı yer tutduğu menatalitetdə köklü dəyişikliklər baş verə bilər. Ənənə kultu, yaşlılara hörmət kimi mənasız şeylər aradan gedə bilər. Belə olduqda, yaşlı nəsillə ünsiyyətə girmək imkanından məhrum olan cavan nəsil ənənədən məhrum olacaq, özgələşəcək və axır ki, keçmişdən qopa biləcək. Çünki bizə hazırkı dövrdə "köhnə kişi"lərin təfəkkürü ilə hərəkət edən cavanlar lazım deyil. Onlar qaldı Cahandar ağanın dövründə. Baş kəsmək, qoçuluq etmək vaxtı deyil. Bizə centlmen, peşəsini yaxşı bilən, fərdi əxlaqa malik, normal cavanlar lazımdır. Yoxsa Cahandar ağa kimi mənasız, seksist bir tipaj yox. Köhnə kişilər atlarına minib getdilər. Bizə isə Teslaya minən mutant nəsil lazımdır.

# 2801 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #