“Ayfon”a ərə gedən qızlar

“Ayfon”a ərə gedən qızlar
18 oktyabr 2021
# 13:20

Dünəndən etibarən elektronika mağazalarında yeni “Ayfon” üçün gözləyən alıcı şəkilləri çəkilir, tirajlanır.

Camaat qınayır, pisləyir.

Deyilənlərə görə, yeni "Ayfon"un qiyməti 4 min manatdan çoxdur. Əslində bu, elə də böyük bir məbləğ deyil. Çünki Statistika Komitəsinin verdiyi məlumata görə ölkəmizdə orta maaş 725,6 manatdır. 6 qəpiyi qoyaq bir qırağa, xırdaçılığa lüzum yoxdur.

Üstəlik, xalqımız çalışqan xalq olduğu üçün hər bir insanın işindən ayrı, əlavə gəlir mənbəyi də mövcuddur. Bu da təxminən adambaşına 1000 manatdan çox məbləğ edir. Hələ "qara günlər üçün" qırağa qoyulan məbləği də götürsək, hər kəsin balışının altında beş-altı min manat pul var.

Bu cür rifah səviyyəsi yüksək olan, bolluq içində yaşayan xalqın vətəndaşları, nümayəndələri nə üçün "Ayfon" almasınlar?

Niyə ən son texnologiyaların həzzini dadıb, özlərini xoşbəxt hiss etməsinlər?

Ölkəmizdə "qonşu" kəlməsi, çoxmənalı, bədii-fəlsəfi qatları dərin olan bir sözdür. Hərdən elə fikirləşirəm ki, Azərbaycanda hər kəs bir-biri ilə qonşudur. Çünki qonşular arasındakı bu sağlam rəqabət, bu cür gözəl prinsip, saf paxıllıq hissi vətəndaşlarımızı yalnız və yalnız irəli aparır.

Əgər qonşum özünə yeni “Ayfon” alacaqsa, mənim ondan nəyim əskikdir?

Azərbaycanda heç kim, heç kimdən artıq deyil!

Şükür ki, dövrümüz də artıq köhnə dövr deyil. İrqindən, cinsindən, rayonundan, kəndindən asılı olmadan istənilən sadə bir azərbaycanlı üç qohum nömrəsi ilə, faizsiz, ilkin ödənişsiz, tamamilə səhih və pak sənədləşmə ilə özünə istənilən şeyi kreditlə ala bilər. Burda "kreditlə almaq" ifadəsi bir az kobud səslənir, çünki ayda beş-üç manat, orta maaşı 725 manat olan vətəndaş üçün nəmənə şeydir?

O səbəbdəndir ki, qızlarımız öz nişanlılarından təbii olaraq son model “Ayfon”, bahalı geyim-keçim, lüks həyat istəyirlər. Gənc nişanlı qızlarımız bu tələb və təkliflərində tamamilə haqlıdır.

Gənc qızlarımız oğlana yox, onun aldığı "Ayfon"a, bahalı evə, işlədiyi vəzifəyə ərə gedirlər. Bu, olduqca müsbət haldır. Gənc bir qızın "Ayfon"a ərə getməsi ölkəmizdə texnologiyaya marağın yaranmasının, dünyada gedən texnoloji inqilablara bizim vətəndaşların da ayaq uydurmasının bariz və əyani sübutdur.

Xonçaların içində şəkərbura-paxlava əvəzinə, "Ayfon", bahalı maşın açarları, brend mallar onu göstərir ki, biz artıq böyük sıçrayış edərək köhnəlmiş mentalitetimizdən, vaxtı keçmiş dəyərlərdən, dar sovet təfəkküründən yaxa qurtarıb dünyaya inteqrasiya etmişik.

Qafqaz artıq müasirləşir, mədəniləşir, tolerant-kosmopolit bir əraziyə çevrilir. Qədim dövrlərdə öz nişanlını təsirləndirib, onun sənə aşiq olmağını istəyirdinsə, dirilik suyunu tapmalı, dağ döşündən üç ildə bir dəfə açan lalə tapıb gətirməli, hansısa əjdahanı məğlub etməli idin. İndi bu məsələlər "Ayfon", villa, bahalı restoranlar, brend makyaj dəsti, "Forşe", "BMV" almaqla asanlıqla həll olunur.

Sevgi-məhəbbət qavrayışının bu cür müsbət yönə doğru dəyişməyi, sadəcə alqışa layiqdir!

Ölkəmizdə yüksək həyat şəraitlərini danmaq, bunu inkar etmək yumşaq desək, vicdansızlıq olardı. Əgər ətrafınızda bu cür mənfi emosiyalarla dolu, bədgüman insanlar varsa, gəlin onlara sadə bir misalla cavab verək. "Google"un axtarış hissəsinə “Ayfon-13” yazan kimi çıxan ilk iki nəticə budur.

"Ayfon-13” neçəyədir?"

"Ayfon-13 pro-max” neçəyədir?"

Bu, onu göstərir ki, xalqımız dünyada inqilab etmiş yüksək texnologiyalarla, trendlərlə maraqlanır, qiymətini araşdırıb, özlərinə, həyat yoldaşlarına, nişanlılarına gözəl sürprizlər etmək istəyirlər.

Təcrübəli bir bazar adamı ovaxt mənə belə demişdi: "Malın qiyməti ilə maraqlanan alıcı, gec-tez hərlənib-fırlanıb onu alacaq".

Hətta bu məsələ bizə onu deyir ki, artıq insanlarımız "Google"dan istifadə etməyi, hər şeyi internet üzərindən araşdırmağı öyrəniblər. Bu həqiqətə insan gözünü yummaq, dilini dinc saxlamaq, qulaqlarını bağlamaq istəmir.

Azərbaycan xalqına yalnız uzunömürlülük arzu edirəm. Çünki ondan başqa heç nəyimiz yoxdur...

# 9946 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #