Kulis.az Orxan Həsəninin “Xromofobiya” adlı yazısını təqdim edir.
“Rəng mənim gündəlik vəsvəsəm, sevincim və əzabımdır”.
Klod Mone
Rəng qorxusu mənasını verən bu ifadə Yunan dilindəki iki sözün yoldaşlığından törəyib; Xromos və Fobos. Rəng və qorxu. Hələ Antik zamanlarda bəzi insanların rənglərə həssaslığı dövrün intellektuallarını xeyli düşündürmüşdü. Bəşəriyyətin “leqo” fiqurları kimi rəngarəng uşaqlıq keçdiyi Antik aləmdə Aristotel rəngləri parlaqlığına görə sinifləndirmiş, Homer məşhur dastanlarında rənglərdəki poetikliyin sıxıb suyunu çıxarmışdı. “Bürünc səma”, “Şərbab kimi qaranlıq dəniz” və s. ifadələr hələ o zamanlarda rəng və poetik tərəfəkkürün incə və ehtiyatlı tellərlə düyünlənməsindən xəbər verir.
Bir dəqiqə, əziz oxucu!
“Qaranlıq dəniz”? Axı Egey, İon, Aralıq dənizləri ilə yanaq-yanağa verən Balkan yarımadasının sahillərində dəniz suyunun rəngi maviyə çalır. Səmanın rənginə. Yoxsa, bu bədii təfəkkürün oyunu idi?
Səbəb daha dərində gizlənib!
Bəlkə, Yunan dilində “mavi” rəng yoxdur? Ya da məsələni, fərqli aspektdən açmalıyıq. Bəlkə, Yunanlar mavi rəngi görə bilmirdilər?
Bu müzakirələr XIX əsrin əvvələrində Antik Yunan tədqiqatçıları üçün maraqlı müzakirə predmeti olsa da, günümüzdə yunanların mavi rəngi görə bilməməsini söyləmək yaxşı mənada həmin xalqla məzələnməkdir. Yəqin ki, Homerin niyyəti dənizin şərab rəngində olmasını söyləmək deyildi. O, dənizi qədəh içində şəraba bənzədirdi və dənizin dərinliyində gizlənən sirli, hipnotik, təhlükəli xarakterdən qoşurdu nəğmələrini. Hər an sizi özünə çəkə, maye sinəsində itirə bilən vahiməli, uğultulu su hövzəsi. Bəlkə, bu, şeir dilinin ecazkarlığı ilə günəş batarkən dənizin aldığı rəngin sərxoş havası idi? Nə bilmək olar?
Tədiqatları genişləndirdikdə görürük ki, ümumiyyətlə, “İlliada” və “Odisseya”da “mavi” sözünün yerinə “bürünc” və “dəmir” sözündən istifadə olunur. “Mavi” yoxdur. Məsələn, “İlliada”-da oxuyuruq:
“Atların dırnaqları bürünc səmaya çırpıldı”.
Bu qələti-məşhurun zamanla mifə çevrilməsinə səbəb tədqiqatların ingilis alimlər tərəfindən aparılması idi. Dil fərqləri və poetik mətnə elmi münasibət hamını çaşdırmışdı. Yunanlar, əlbəttə, mavi rəngi görürdülər, ona ad da vermişdilər (kyaneos), ancaq söhbət bədii ədəbiyyat nümunəsindən gedirsə, xüsusiylə dastan janrı üçün ifadələrin seçilməsi dolanbac dil oyunlarından keçib hazırlanırdı.
Doğrusu, bu da qənaətbəxş izah deyil. Bəlkə, yunanlar “mavi” rəngdən qorxurdular?
Xromofobiya! Rəng və qorxmaq!
Yaxın günlərdə azərbaycanlı sənətçi Elmin Bədəlovun performansı hamımızın diqqətini bir anda oğurladı. Səməd Vurğun prospektində təşkil olunan birinci tamaşa mühafizəçi tərəfindən tezliklə əngəlləndi əngəllənməyinə, ancaq videolar sosial medianı çoxdan cənginə almışdı. İzləyicilərin çoxu “aktyor maşınların hərəkətinə mane olur! Belə olmaz!” deyərkən, eyni zamanda bu “qeyri-adi” hərəkətlərə sənət deməyə ehtiyatlanırdılar, elə bil qorxurdular və ya elə qəzəbli idilər ki, daha ondan danışmağa mənim gücüm çatmaz.
Həmin günün sabahı Səməd Vurğun prospektinin yaxınlığında – Qış parkında ikinci tamaşa daha geniş tərtibatda başladı. Jurnalistlər sanki polislərin gələcəyindən əmin kameralarını işə salmış, altlıqdakı qan-qadalı şərhlərə fikir vermədən zamana ölümsüzlük üfürürdülər. Birinici ilə müqayisədə izləyicilərin say çoxluğu, anfiteatrın səhnəsi, ətrafdakı uşaqların oyunları və arxadakı fəvvarələr, doğrudan da, xoş təsir bağışlayırdı və ən əsası bu dəfə səhnə seçimi insanların təhlükəsizliyinə qətiyyən əngəl yaratmırdı. Əksinə, olduqca maraqlı idi. Mən bilən, Qış parkı salınandan Elminin çıxış etdiyi anfiteatrda heç bir tamaşa göstərilməyib. Eləcə, fəvvarədir, qalxıb düşür. Bir də, qışda hündür yolka qururlar orda. Baxıb sevinirik!
Düzü, Elminin performansındakı maraqlı və mənalı dekor kimi gördüyüm rənglər məni bu haqda xeyli düşündürdü. Kadrlara baxdım, ürəyim ağrıdı. Sosial media istifadəçilərinin məsələyə münasibəti isə məni tamam-kamal məyus etdi. Dözümsüzlük. Nə pis!
Elminin performansındakı avanqard hava çoxluq tərəfindən anlaşılmazlıqla qarşılanmışdı. Mövzunu gülüş predmeti edənlərin, məzələnməyə çalışanların arasında təşəbbüsü müsbət qiymətləndirən azlığın tapılması az qala gözlərimi yaşartdı.
Onu da söyləməliyəm ki, avanqard sənət axımı qəbul edilmiş normaları silkələyib yeni sərhədlər cızmağı qarşısına məqsəd qoyduğundan dünyanın bütün cəmiyyətlərində əvvəl-əvvəl mənfi emosiayalarla qarşılanıb, sonradan nümunəvi mədəniyyat onu da qucaqlayıb, özündən bilib və sənət tarixinin parçasına çevirib.
Bunlar anlaşılandır.
Önəmli olan azərbaycanlı sənətçi Elmin Bədəlovun performansındakı formadan çox, məzmun idi.
Rənglərdən niyə qoruxuruq? Və Elmin Bədəlovun sənətlə etirazındakı mahiyyət nədən ibarətdir?
Teatrlarımızın qapısına bir ildən çoxdur kilid vurulub. Pandemiya ölkəmizdə təkcə insanların yox, bütün sahələrin ağzını maskalasa da, yumşalma dövründə ticarət obyektlərinin istifadəyə verilməsi, məhdud sayda qonaqla toyların təşkili teatrları açılması üçün ümid işığını yandırmışdı. Ancaq çi fayda!
Dövlət tərəfindən maliyyələşməyən, öz hesabına dikələn teatrlar üçün bir ildən çox zamanın nə demək olduğunu bir düşünün!
Elmin Bədəlov tərəfindən 15 iyul 2013-cü ildə təsis edilən “ADO” teatrı da fəaliyyəti müvəqqəti dayandırılan teatrlar siyahısındadır. Bu ilin mart ayında rejissor maddi səbəblər üzündən kirayədə fəaliyyət göstərən teatr binasının bağlanması haqqında media orqanlarına məlumat ünvanladı. Vəziyyət, doğrudan da, acınacaqlı idi. Demək ki, ölkəmizdə sənətin kapital dəyəri yoxdur. Bəli, yoxdur!
Belə şəraitdə bütün fədakarlıqları müqəddəs bilirəm.
Sənət rəsmi-işgüzar və amansız gerçəklərlə qapanmış havasız, boz aləmimizə çəkilən rəngli fırçadır. Sənətsiz dünya bombozdur, sement rəngindədir! Mənaların dərinliyində üzməyin zövqündən məhrum olmaq niyə? Həyatla, keçmişlə, gələcəklə bizdən öncə yaşayan və bizdən sonra yaşayacaq insanlarla özümüz arasındakı təbii bağı sənətdən özgə nəyin ipiylə düyünləyə bilərik? Məgər ruhumuz onun nəğməsi ilə dinclik tapmırmı? Yaratdığı alternativ həyata bizi inandırmırmı və bütün gerçəkləri unudub o alnernativ həyatın ortasında başqa adam etmirmi, bədənimizin ağırlığını soyunub çəkisiz saxlamırmı? Özgə həyatlara şahidlik etdikcə, yaxşıları da, pisləri də duyduqca ruhumuza mərhəmət, anlayış, dinclik toxumları əkilmirmi? Hər adamı bir aləm kimi görmürükmü? Bu azad irədəyə, azad seçimə vüsət vermirmi?
Ümumiyyətlə, sənətin sağlam, vətəndaş cəmiyyəti qurulmasında ciddi payı var. Zövqlərimizi rəndələyən əsərlər bizim həyata münasibətimizdə müsbət təsir kimi iz qoyur. Bəs biz, sağlam, zövqlü vətəndaş cəmiyyəti qurmaq istəyirikmi?
Bəlkə, aqressiyaların küçələrdə tüğyan etdiyi, insanların bir-birini yüpyüngül səbəblər üzündən doğradığı, şiddət gördüyü dünyada yaşamaq istəyirik? Sənətin olmadığı dünya! Boz dünya!
Elmin Bədəlovun sənətlə etirazının barmağı Azərbaycan mədəniyyətini və cəmiyyətini bozlaşdırmaq istəyənlərə tuşlanıb. Bu tamaşa Elminin yox, rənglərin tamaşası idi. Yəni, multifikirliliyinin, tolerantlığın, yeniliyin. Bu tamaşa əzab çəkən, yerində vurnuxan, öz ağrılarına söykənən, yetim uşaq həyatı yaşayan sənətimizə ağıdır. Elmin köynəyinə, üzünə yaxdığı boyalar ilə boz dünyamızı rəngləmək istəyir.
Biz o rəngləri görmək istəyirikmi? Bəlkə, o rənglərdən qorxuruq? Bəşəriyyətin uşaqlıq dövründə, bəlkə də, mavi rəngdən istifadə etməyən, onun alternativlərindən yapışan aşıq kimi biz də rəngləri görmək istəmirik. İcazə vermirik ki, rənglər həyatımıza daxil olsun.
Xromofobiya sözünün ikinci hissəsi yunan dilində eyni zamanda “nifrət” mənasına gəlir.
Rəngli yaşayın! Rəngli qalın!