Kamil Zeynallı idmançıdır, fitnes ustasıdır, ilk dəfə onu şou-biznes nümayəndələrindən tutub ekrana gəldiyini xatırlayıram.
Daha sonra Kamil müxtəlif hərəkətləri, addımları ilə özünü gündəmə sürükləməyə çalışdı. Şou-biznes adamı olmasa da, demək olar ki, bütün davranışları, gündəmə gəlmə variantları şou adamına aid hərəkətlər oldu.
Kamil Zeynallı kimi adamlar hansı hallarda qəhrəmana çevrilir?
Virus təhlükəsindən əvvəl, durğunluq dövründə Kamil Zeynallı İnstaqram hesabında gündə bir hoqqa çıxarırdı, lakin insanları haqqında xoş danışdırmaq ona nadir hallarda nəsib olurdu.
İnstaqram hesabında öz izləyiciləri onun haqqında nalayiq sözlər yazırdı.
Kamil Zeynallının qəhrəmana çevrilməsi çox ağrılı dönəmə düşdü; karantin, hamı evində, iş yox... İnsanlar son 30 ildə belə təhlükə ilə üz-üzə qalmamışdı... Aclıq gözümüzün qarşısında böyük hərflərlə boy verirdi.
Belə dönəmdə meydana çıxan Kamil Zeynallı insanların sentimental nöqtəsini yaxalamış oldu. Ehtiyac içində boğulan insanları tapması, yardıma ehtiyacı olan real adamların yanında olması, Kamil Zeynallıya təkcə savab deyil, həm də qəhrəmanlıq qazandırdı.
Yaranmış situasiya elə həssas məqamdır ki, bu barədə danışmaq, yazmaq olduqca ehtiyat tələb edir. Kamil ehtiyacı olan insanların yanında elə anda oldu ki, öz yardım tədbirlərini çəkib paylaşması da birmənalı yozulmadı; bəziləri onun bu hərəkətini situasiyadan istifadə edib xal qazanmaq kimi qiymətləndirsə də, prosesin reklam edilməsinin başqalarına nümunə olacağını düşünənlər də az olmadı.
Lakin sərt reallıq bundan ibarətdir ki, ölkədə karantin dönəmində sosial təminat taraz tənzimlənsəydi, Kamil Zeynallının yardımlarına və digər fərdi təşəbbüslərə ehtiyac qalmayacaqdı.
Kamil Zeynallının qəhrəmanlıq meydançası qanunların icrasındakı boşluqlardır. Qaydalar yenidən köklənsə, boşluqlar aradan qalxsa, Kamil də öz fitnes klubuna qayıdacaq.
Onun vətəndaşlara göstərdiyi yardım aidiyyatı instansiyalar tərəfindən edilsəydi, vətəndaşlar daha şux yaşayardı. Çünki belə situasiyalarda dövlətin yardımı vətəndaşı boynubükük etmir. Fərdi şəxslərin yardımı isə insanları istər-istəməz ələbaxan, gözükölgəli edir.
Belə vaxtlarda yadıma dostlardan birinə verilən sual və onun cavabı düşür;
- Avropada niyə lotuluq sistemi işləmir.
- Avropada hamı lotudu, çünki qanun işləyir.
Qanun bütün ucqarlarda bərqərar olanda bütün inkişaf saf təməl üzərində gedir. Cəmiyyətdə saxta qəhrəmanlar peyda olmur. Bütün məşhurlar ətəyində namaz qılınası adamlar olur, hansı ki, onların məşhurluğu da cəmiyyətə müsbət nümunə olur.
Yardım edən fərdlərin təşəbbüsü gözəl olsa da, savaba yazılsa da, insanların belə səbəblərlə qəhrəmana çevrilməsi, məşhurluq qazanması təhlükəli tendensiyadır. Çünki normal şəraitdə bir insanın sağlam məşhurluq qazanması üçün onun təkcə qeyri-adi hərəkət etməsi yetərli olmur, o, həm intellektual, savadlı, həm də çalışqan olmalıdır.
Yalnız bu keyfiyyətləri özündə cəmləyən şəxs qazandığı məşhurluq fonunda çaşmır. Həmin keyfiyyətləri batinində cəmləyən insanların məşhurluq haqqıdır. Eyni zamanda, belə insanların məşhurluğu şəfalı meyvə kimidir, özüylə paralel bütün cəmiyyət də bu məşhurluğun bəhərindən dada bilir.
Keyfiyyətli adamların məşhurluğundan heç kəs yanlış yerə istifadə edə bilmir. O, cəngavər adına hakim olan kimi məşhurluğuna hakimdir. Nə kənardan, nə daxildən kimsə ondan fərdi mənafeyinə görə istifadə edə bilməz.
Təsadüflər və boşluqlar sayəsində məşhurluq qazanan adamlar isə həmişə partlamamış mina olaraq qalır. Sabah onlar məşhurluqlarından istifadə edib, istənilən məntiqsizliyi trendə çevirə bilər, cəmiyyət onun bu hərəkətinə dur deyə bilməz.
Təsadüfən qəhrəmana çevrilən şəxsləri qanunlarla idarə etmək çox çətindir, çünki bəzən onlar qanunlara belə məhəl qoymurlar, o da qala yazılmamış qanunlara!