Allahın sözü

Allahın sözü
2 may 2011
# 15:25
Vaqif Səmədoğlu təkcə yazdıqlarına görə şair deyil, o, həm də yaşam tərzinə görə Şairdi; daha doğrusu, Vaqif Səmədoğlu bütün həyatı ilə bitməyən, tükənməyən, həmişə kənardan cəlbedici görünən, amma kimsənin yaşaya bilmədiyi, yaşamaq istəmədiyi bir Şeir ömrünü yaşayıb.

Kimlərsə bu Şeiri böyük Səməd Vurğunun ən möhtəşəm əsərlərindən biri, kimlərsə zahid, mürşid, sufi, kimlərsə rind, mürid, sofi, kimlərsə dünyanın özü, kimlərsə Allahın sözü kimi oxuya bilər. Amma heç kim bu Şeiri və Şairi bir bütöv olaraq görüb/duyub/hiss edib, yaşamaq imkanında deyil.

Çünki Vaqif Səmədoğlu təkcə söz deyil, həm də səsdi – sözün bütün ağırlığı hopmuş bu səsin yükünü tutmaq üçün vaqif olmaq lazımdı. Hər oxuyan Molla Pənah Vaqif olmadığı kimi, hər fikir adamı da Səmədoğlu Vaqif deyil.

Vaqif Səmədoğlunun üzündə sanki tarixin xəritəsi çəkilib; diqqətlə baxsan, bu xəritədə Adəmin Yer üzündə sığındığı məkandan tutmuş Sovet repressiyalarına qədər hər hadisənin əlamətini tapmaq olar. Amma hamı kimi, biz də bilirdik ki, nə bu Şeiri tam, doğru-dürüst, bəlli və anlaşıqlı dildə oxumaq olar, nə də bu xəritəni. Bu Şeir dünya dilində olmadığı kimi, Xəritə də kimsənin nüfuz edə bilməyəcəyi simvollarla doludur.

İnsanın baş aça bilmədiyi sirrin qarşısında marağını cilovlamaqdan ayrı əlacı yoxdur. Biz də - həmkarım Vəsilə Vahidqızıyla birgə bu xəritəyə maddım-maddım baxdıq, amma gücümüz yetən qədər Şeirdən bir-iki misranı höccələmək istədik...

Bizim vaxt itirən vaxtımız deyil

Vaqif Səmədoğlu da zamana qalib gəlmək üçün çalışıb. Amma görünür, əsas olan zamana qalib gəlmək deyil, ona uduzmamaqdır.

«Yəqin yaşla bağlıdır, qəribə bir qorxu yaranıb məndə – ən adi, fizioloji qorxu: vaxt itirmək və uduzmaq qorxusu. Fikirləşirəm ki, hansısa bir kitaba iki günümü sərf edərəm, nəticədə vaxt itirərəm. Axı, 72 yaşda vaxta uduzmaq olmaz. Hər sahədə, hər yerdə uduza bilərəm – təkcə vaxta məğlub ola bilmərəm, o yaşım deyil».

Görəsən, şair uduzmamaq üçün nələr düşünüb?

«Oxuduqlarımı təkrar oxuyuram; onda əmin oluram ki, uduzmayacam, əksinə, qazanacam, nəsə yeni bir şey tapacam».

Niyə, yeni ədəbiyyat o qədərmi şübhə yaradıb ki, özü demiş, «həyat və bədii təcrübənin» yetişdirdiyi zövqlü bir oxucuda «vaxt itkisinin mümkünlüyü» rəyi formalaşıb? Ədəbiyyatımızdakı yeni nəsil heçmi yaxşı əsərlər ortaya qoymur?

Həmkarım Vəsilə Vahidqızının narahatlığını anında tutur:

- Var, yaxşı əsərlər yazılır, amma fövqəladə heç nə yoxdur. Bir də ki, istedadlı və ya istedadsız nəsillər olmur, istedadlı və istedadsız fərd olur.

Hər kəsin özünüifadə hüququ var

Hər tərəf kitabdı – nəsil şəcərəsi haqda yazdığını bədii sənət nümunəsi kimi çap etdirən kim, roman adına cızma-qara yazan kim, gülüş hədəfi olan söz yığınını şeir adıyla təqdir edən kim.

Söz qəbiristanlığı ölkəni başına götürüb – doğulan sözlərin ölüsünü dirisindən ayırmaq olmur: qurunun oduna yaş da yanır, söz kəsərdən düşür, şair hörmətdən.

- Hamı çap olunmaq istəyirsə, niyə narahat olmalıyıq? Hər kəsin özünü ifadə etmək hüququ var. Həm də oxucusuz əsər yoxdur. Bəzən mənimçün ədəbiyyat məfhumuna uyğun gəlməyən söz, poeziya anlayışına yaraşdırmadığım şeir kiminsə zövqünü oxşaya bilir, öz oxucusunu tapır. Kütləvi çapın təhlükəsi olsaydı, 100 il, 200 il öncə olanların ağırlığını öz çiynimizdə hiss edərdik. Bu yük varsa da, hiss olunmayacaq qədərdir.

Mentalitetin donquldanmaq kompleksi

- Narahat olunası başqa məqamlar var. Şəxsən tanıdığım elə adamlar var ki, müxtəlif yerlərə çoxlu pullar xərcləyirlər, ancaq tarixdə qalacaq bir iş, tutaq ki, bina tikmirlər, yol çəkmirlər; məscid tikirlər, məscidə getmək üçün yol salmırlar, məktəbə, təhsilə pul ayırmırlar. Bu gün memarlıq baxımından qalacaq şeyləri dövlət, prezident tikdirir – etiraf edək də. Paradoksdur, çünki imkanlı şəxslər tikməlidirlər bu abidələri. Ancaq məndən soruşmayın ki, hansı mənasız işlərə külli miqdarda pullar xərcləyir həmin adamlar.

Soruşmuruq. Amma lazımsız kitablara sərf olunan pulları da o mənasız xərclərin siyahısına aid edib-etməməyiniz maraqlıdır.

- Aid deyil, çünki lazımsız kitab anlayışını lazım olduğundan artıq şişirtmirəm. Bilirsiz, son vaxtlar diqqətimi nə çəkir? Vəsilə xanımın təbirincə desək, Azərbaycan cəmiyyəti televizora nəyisə izləmək üçün yox, nəyisə tənqid etmək üçün, deyinmək üçün, donquldanmaq üçün baxır. Kitabı da eləcə, tənqid etmək üçün oxuyurlar: mənim nəslimin nümayəndələri gəncləri «əxlaqsız şeylər yazdığını», «mənasız sözlər işlətdiyini» öyrənmək niyyətiylə oxuyurlar, gənclər də bizi «avamlığımızı», «köhnəldiyimizi», «artıq kimsəyə gərək olmadığımızı» «bilmək» üçün. Qəribədir, hə? Həmişə gözəl mentalitetimizdən, milli xüsusiyyətlərimizdən danışmışıq. Ancaq belə murdar «mentalitetimizin» adını çəkmirik. Mentalitet deyən kimi Koroğlu yada düşür. Məgər Həmzə fransız idi?

Amma bizim kimi şairi də narahat edən məqamlar var:

- Bəzi ədəbiyyata dəxli olmayan təmayüllər var ki, əsas da nədir bir-birləri üçün yazırlar. Bir-birlərindən tərif eşitmək üçün evlərdə, məclislərdə çayxanalarda. Bir də mövzu, təşbeh, bənzətmə eyniliyi. Gəncləri oxuyursan, nə qədər “bu şəhər” demək olar? Bu şəhər birini sıxıb, ikisini sıxıb, üçünü, ... hamısını? Bu şəhəri bir-birlərinə oxuya-oxuya deyirlər ki, bəh-bəh. Bax o bir-birləri üçün yazmaq... Sonra çıxa bilməyəcəklər ey o çərçivədən. Artıq alışacaqlar elə yazmağa. Yazanda gərək...... nə atan, nə anan, nə dostun... Sən və bir də qələm. Yazanda ən yaxşı dostun yəqin özün olmalısan. Yazır və əvvəldən bilir ki, bu misra kimin xoşuna gələcək. Yazıram və bilirəm ki, bu misranı oxuyanda Anar deyəcək ki, bəh, Vaqif müəllim, nə demisən! Onda demək o oldu həmmüəllif də. Gülürsüz...

Özümə yazığım gəlir

Bizsə gülmürük, düşünürük. Narahat olan ziyalıların əsas arqumenti budur: bayağı musiqi, bayağı ifaçı kimi, bayağı sözlər də zövqləri korlayır; axı, ədəbiyyatın funksiyası var – zövq formalaşdırır, fövqündə insan dayanan cəmiyyət yaradır.

- Ədəbiyyat heç bir zaman zövq formalaşdırmayıb; nə milli ideya, nə iqtisadi inkişaf, nə də siyasi fəallıq yaradıb. Ədəbiyyatın təsir gücü və hədəfi həmişə fərd olub. Ədəbiyyat – hansısa bir insanın mənfi, gərəksiz instinktlərini boğub. Amma bütövlükdə ədəbiyyatın «kütləvi təsirini» biz uydurmuşuq – öz rolumuzu çoxaltmaq, hörmətimizi artırmaq üçün. Ədəbiyyatın kütləvi təsiri olsaydı, L.Tolstoyun «Hərb və Sülh»ündən sonra iki böyük dünya müharibəsi baş verməzdi – hələ ortadakıları, nisbətən kiçik olanları demirəm. Aristotel bilirsiniz nə deyib? Deyib ki, indiki gəncliklə gələcəyimiz yoxdur. Bu sözləri oxuyanda düşündüm ki, Aristotel belə cəfəng fikir deyibsə, daha heç nə. Məni divara dirədiniz, özümə yazığım gəlir bu saat…

(Deyəsən, Aristoteli də ondan gənc olanlar bəyənmir?)

- Ədəbiyyatı yaşlara niyə bölürsən, Anar? Ədəbiyyatda yaş yoxdur; mən heç vaxt yaş oxumuram, əsər oxuyuram. Sizə bir söz deyim? Biz hər sahədə fövqəladə bir şey gözləyirik. Gözləyirik ki, poeziyada «Hophopnamə» baş versin, dramaturgiyada «Ölülər» yaransın… Bu, həsrətin, Nəhənglik, Həqiqət, Heyrət həsrətinin göstəricisidir – necə ki insan hər gün bir xoş söz, bir sevgi dolu baxış gözləyir. Gözləməkdə bir eyib yox, amma belə əsərlər əlbəttə, yüz ildə bir gəlir. Fikrim aydındı?

Aydındı, Vaqif müəllim, əlbəttə aydındı. Həm də o aydındı ki, adını çəkdiyiniz iki MİRZƏinin – Ələkbərin və Cəlilin yaşıdı olanlar da «Hophopnamə»ni və «Ölüləri» görmürdülər, «Xəmsə»yə dikilmişdilər. Sonra biləcəkdik ki, nə Sabirdən bir də gələsidir, nə də Mirzə Cəlildən.

İndi də bilmirik. Bilmirik ki, Vaqif Səmədoğlundan da bir daha gəlməyəcək…
# 1052 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #