Sevgi arxasınca təyyarə ilə, yoxsa ağılla...

Sevgi arxasınca təyyarə ilə, yoxsa ağılla...
10 sentyabr 2011
# 09:00
Subay həmkarlarıma ithaf olunur


Dünən axşam İctimai Televiziyada “Ortaq məxrəc”ə baxdım. Ona görə ki müzakirədə tanıdığım, fikrinə, qələminə hörmət etdiyim yazarlar da iştirak edirdi. İkisinin adını çəkəcəm. Birincisi hələ orta məktəbdən imzasını tanıdığım və yazılarını oxuya-oxuya mətbuata ilk addımlarımı atdığım Flora Xəlilzadə, ikincisi istedadlı, gənc yazar Aqşin Yenisey.

Müzakirədə olan mövzu isə hamımızın adi həyat tərzi, həyatın reallıqları, ailə münasibətləri idi. Ailədə gəncin yeri, yaşlının yeri. Övladların valideynə, yaxud əksinə, gəlinin, kürəkənin qaynana, qayınataya münasibəti. Onun içində dəyərlər, adət-ənənələr və s. də vardı.

Ailədə gənc böyüyü eşitməlidir, yoxsa müstəqil yaşamalıdır?

Ailə quranda valideynlərinin məsləhəti ilə addım atmalıdır, yoxsa sevərək evlənməlidir?

Bir yerdə yaşamaq yaxşıdır, yoxsa ayrı ocaq qurmaq?

Bunların hər birinə hər kəsin öz münasibəti var. Təbii ki, hər kəs, öz fikrində haqlıdır. Flora Xəlilzadə valideyn məsləhəti ilə addım atmağa üstünlük verir, tutaq ki, Aqşin Yenisey gənclərin, özü də özünün də vurğuladığı kimi Avropa təhsilli gənclərin təmsilçisi kimi sevərək ailə qurmağın tərəfindədir. Hər ikisi özlüyündə haqlıdır. Çox yaxşı hal olardı ki, valideynlərlə gəncin seçimi üst-üstə düşsün, yəqin o halda gənc də düzgün addım atmış olar. Düzdür, ailə qurmaq üçün sevgi əsas amildir, o halda ki sevgi ağlı kölgədə qoymasın. Deyəcəksiniz, sevgi hara, ağıl hara, o ki hisslərin üstündə bərqərardır?

Həyatda hər bir situasiyada ağla arxalanmaq vacibdir. Ağlın dayazdırsa seçimin də dayaz olacaq, istər sevgi ilə, istər sevgisiz. Bir anlıq düşünməyi bacarmayacaqsansa ki, valideyn yaşca, deməli, təcrübə sarıdan da məndən böyükdürsə nə dediyini bilir. Müəyyən bir yaş dövründə bizə elə gəlir ki, hər şeyin düzgünü biz valideynlərimizdən daha yaxşı bilirik, çünki biz yeni dövrün adamlarıyıq, onlar artıq köhnəliblər. İnanın ki, adam görmüşəm yaş yarıdan keçib, kifayət qədər müdrik və ağıllıdır, amma deyir ki, kaş atam sağ olaydı, filan məsələdə ondan məsləhət alaydım. Elə bir yaş dövrünüz də olacaq. Bizə elə gəlir ki, valideynlərin əsil-nəcabətə, adət-ənənəyə üstünlük verməkləri geridə qalmışlığın göstəricisidir. Xeyir, həyat təcrübəsidir. Dəfələrlə gördük ki, ən böyük sevgi ilə qurulmuş ailə dağılıb, valideyn məsləhəti ilə qurulan ailələr də bəzən dağılmağa məhkum olur, ya da əzaba çevrilir. Amma əsil-nəcabətli olan adamla ailə qurmağa üstünlük vermək ağıllı seçimdir. O yalandır ki, ailəsi pis olsa da oğlan, yaxud qız yaxşıdır. Üzdə elə görünə bilər. Pis nəsildən, pis ailədən yaxşı övlad yetişə bilməz. Çürük kökdən yaşıl ağac yetişdiyinin şahidi olan var?

Gəlirəm Aqşin Yeniseyin məni bu fikirləri bölüşməyə sövq edən 40 yaşdan sonra bütün insanlar mühafizəkar olurlar deməsinə. Deyir, bu bütün dünyada belədir, heç kimi qınamaq lazım deyil. Gənc yaşında Aqşinin bu qənaəti çıxartması özü yaxşı haldır. Görünür, müəyyən dərəcədə başı daşdan-daşa dəyib. Görəsən, niyə insanlar 40 yaşdan sonra mühafizəkar olurlar? Çünki artıq müəyyən həyat təcrübələri var. Hansı addımım hansı nəticələrə gətirib çıxartdığını öz həyatlarında və dost-tanışlarının həyatında görüblər.

20 il əvvəl tələbəlik rəfiqəm sevdiyi oğlanın ardınca valideynlərinin də iradəsinə zidd çıxıb özü təkbaşına təyyarəyə minib Moskvaya uçdu. Yazıq valideynlər əlacsız qalıb çağırıb onlara toy elədi. İndi böyük uşaqları var, amma ailədə o atəşli sevgidən əsər-əlamət qalmayıb, çünki seçim düzgün olmayıb, bab deyillər. Valideyn də bax bunu bilirdi, ona görə razı deyildi. Rəfiqəmə isə həyat indi göstərib haqlı olmadığını, valideynə qulaq asmalı olduğunu. Ərinin öz dairələrində davranışına görə xəcalət çəkir, övladlar da ziddiyyətli ailədə sevgisiz yetişir. Başqa situasiyaların da şahidi olmuşam, valideyn məsləhəti ilə ailə qurub, sevgisiz yaşamaq əzaba çevrilib. Daha bir rəfiqəm ata-ananın yeganə qızı əvvəlcədən kimisə sevməyi özünə, fikrinə, qəlbinə yaxın buraxmadı. Bir gün verdilər o, da ərə getdi. Sual verdim ki, niyə belə edirsən? Dedi ki, mən yalnız özümə məxsus deyiləm, bir ailənin yeganə ümidiyəm. O ümidləri, arzuları puç etməyə haqqım yoxdur. Kimə məsləhət bilsələr ona da gedəcəyimi özümə əvvəlcədən ona görə aşıladım. İndi gözəl ailəsi var, içində bir az sevgiyə möhtaclığı olsa belə. Kim ağılla addım atırsa, o, həyatda udur. Hisslərlə addım atmaq yalnız bir məqamda yerinə düşür... Qalan hər situasiyada ağıl gərəkdir ki, çoxşaxəli variantlarda düzgün qərar verə biləsən. Sonrakı peşmançılıq ağır dərddir. Bəzən düzəltmək mümkünsüz olur.

Ona görə insanlar 40 yaşdan sonra haqlı olaraq mühafizəkar olurlar. Sözümü sizə deyirəm, gənclər, Aqşinin dediyi kimi, müstəqil, azad fikirli olun, amma bir az məsləhətə də qulaq asın. Bəlkə, hansınızsa indi ağız büzüb haqqımda “köhnəlmiş” deyəcəksiniz, o halda yazını özünüz üçün yaddaşa verin, çünki vaxt gələcək, siz də “köhnələcəksiniz”, mənim kimi.
# 3528 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #