"Marselyeza” - bəşəriyyətin himni...

"Marselyeza” - bəşəriyyətin himni...
15 dekabr 2023
# 09:00

Kulis.az Vüsal Bağırlının "“Marselyeza” - bəşəriyyətin himni..." adlı yeni yazısını təqdim edir.

1

İnsanlar müxtəlifdir, mahnılar da həmçinin. Dinlədiyimiz musiqilər hər birimizdə zövqə, əhvala, xarakterə görə dəyişir. Birimiz klassik musiqiyə üstünlük veririk, digərimiz cazı bəyənir, bir başqası ağır roka üstünlük verir.

Fikrimcə, hərəkətlərin, əhval-ruhiyyənin, hətta düşüncələrin belə öz tonu, musiqi ladı, not rəngi var. Həyatımızdakı hər bir hadisənin, dəyişikliyin hansısa mahnıya, özünəməxsus ritmə kökləndiyini heç hiss etmisinizmi?

Bəzən kefimiz yaxşı olanda, özümüz də fərqinə varmadan həmin əhvala uyğun hansısa mahnını dodaqaltı zümzümə edirik. Yaxud dinlədiyimiz həzin musiqi nömrəsi bizim qəmli, qüssəli halımızı göstərir, həssas, duyğusal anlarımızı birə-beş şiddətləndirir, emosional aləmimizi itiləyib həssaslaşdırır.

Bəs tarixi dəyişəcək möhtəşəm hadisələrin, min illərlə mövcud olmuş kral taxtını, zalım, zülmkar mütləqiyyəti tarixin girdabına yuvarlayan inqilabların musiqisi necə olur?

Bəlkə, bu musiqi ayrıca götürülmüş hansısa xalqın deyil, həm də bəşəriyyətin, sivilizasiyanın himnidir?

2

Nuray və Nurxan evdə xorla ucadan mahnı oxuyurdular. Musiqinin olduqca tanış, riqqətə gətirən səsi qulağımda, beynimdə əks-səda verirdi, lakin onun hansı mahnı olduğunu tapa bilmirdim.

Aha, adı nədirsə, dilimin ucundadır. Alnımı qırışdırıb, beynimin boz maddəsini gərginləşdirsəm də, təəssüf, heç nə xatırlamadım. Birdən fikirlərin qarışıq dumanı dağılır, neyron ümmanında batmış xəzinə suyun üzünə çıxır, sevinc hissi məni bürüyür.
Evrika! Tapdım!

İnqilabçıların mahnısı. İnqilabın şanlı musiqisi.

Tez soruşuram:
- Marselyezanı oxuyursunuz?

Bir-birlərinə baxıb çiyinlərini çəkirlər. Hələ üzlərindəki heyrət dolu ifadəni görəydiniz!?
- Ata nə Marselyeza? Bu Fransanın himnidir.

Sonra telefonda Youtub-u açıb, həmin videonu mənə göstərirlər. 1988-ci il, lojalı salon. Dirijorlu orkestr və xor önündə yumruqlarını sıxmış əfsanəvi Mirey Matyenin tükləri biz-biz edən, ürəyi riqqətə, həyəcana gətirən möhtəşəm ifası.

Hə, xatırladım. Yadıma düşdü!

Həqiqətən, Marselyeza həm də Fransanın dövlət himnidir axı.
Uşaq vaxtı bu mahnını çox sevirdim.

3

Onu o yaratmışdı, Ruje de Lil. Adi bəstəkar və adi şairin ilk baxışda adidən adi mahnısı. Bu musiqi sonra nələr etmədi, hansı proseslərdən keçmədi? Bu musiqi dünyanın tarixini yazdı. Əyalət musiqisindən Fransanın himninə, oradan İmperiyanın simvoluna, oradan dünyanın məhvərini tərpədən inqilabların impuls nəğməsinə, stimul sədasına çevrildi. Bu mahnıdan kimlər ilhamlandı, kimlər?!
Baböf, Lafeyet, Danton, Robespyer, Marat, Bakunin…

Fransa 1792-ci ildə Avstriyaya müharibə elan etdi və mahnı əsgərlərin döyüş ruhunu qaldırmaq üçün orduda istifadə olunmağa başladı. Mahnını ilk dəfə

Marsel batalyonu səsləndirdiyinə görə, adı da o vaxtdan “Marselyeza” qaldı.

“Marselyeza”nın motivlərini bir çox sənət nümunəsində, həmçinin Bethovenin 5-ci simfoniyasında, Çaykovskinin “1812-ci il” üvertürasında da tapmaq olar.

Qalxın Vətən oğulları,
Çatmış həmin şərəf anı,
Durmuş, kəsmiş qarşımızı,
Yağının qanlı bayrağı

***
Silaha Vətəndaşlar,
Cərgəyə Batalyonlar,
İrəli! İrəli!
Qoy tökülsün torpağa
Düşmənin xain qanı.

4

On doqquzuncu əsrin ortalarında Parisdə “Marselyeza”nın səsləndirilməsi qadağan edildi. Fransızlar Müsyo Jordanın timsalından tanıdığımız kimi inqilab, etiraz, üsyan üçün sinov gedən millətdir.

Bəli, hadisə Paris teatrlarının birində baş verdi. Tamaşaçılar aktyorlardan məşhur mahnının ifasını tələb edirdilər. Amma onlar oxumaq istəmir, səhnədə tərəddüdlə bir-birlərinə baxır, qorxurlar.

Birdən səhnədə jandarm peyda oldu. O, uğuldayan kütləyə üz tutaraq, qəzəblə, hiddətlə afişada nəzərdə tutulmayan bir şeyin göstərilməyəcəyini, heç cür ifa olunmayacağını bəyan edirdi.

“Bəs siz özünüz necə, afişada nəzərdə tutulmusunuzmu?” deyə izdihamın içərisindən kimsə qışqırdı və hamı uğunub gedir.

5

“Marselyeza” dedikdə ilk olaraq yada Fransa inqilabları, 19-cu əsrin ortalarından başlayan və bütün Avropanı bürümüş üsyankar azadlıq hərəkatı, Bastiliya qalasının uçurulmuş divarları düşür. "Marselyeza" dedikdə, Viktor Hüqonun “Səfilləri” romanı, onun ölməz qəhrəmanları, bədənini güllə qarşısına verən Marius, onu ölümdən xilas edən gözəl Eponina, balaca Qavroş, Robespyeri xatırladan cəsur Anjolras, əsərdəki küçə döyüşləri, barrikadalar, "Əlifba dostları" təşkilatı, Parisdəki iyun qiyamının amansızlıqla yatırılması, gülləbaran edilməsi xatırlanır. “Marselyeza” dedikdə, həm də bəşəriyyətin keşməkeşli tarixini, məşhur “Azadlıq, Bərabərlik, Qardaşlıq” (Liberte, Eqalite, Fraternite) kəlmələrini göz önünə gətiririk.

Bəzən adam özü-özünə sual verir, görəsən, bu mahnının sədaları altında nə qədər döyüşlər, savaşlar baş vermiş, nə qədər adam dar ağacına çəkilmiş, gilyotinlə boynu vurulmuş, güllələnmiş, nə qədər qəhrəmanlıq dastanı yazmış, qanlar tökülmüşdür?

6

Yazımda Fransadan, Parisdən, inqilablardan, Bastiliya qalasından, Maratdan, Baböfdən, əsrarəngiz musiqidən, “Marselyeza”-dan bəhs etdim. Bir mövzu haçalanıb, digər mövzuları qıdıqladı.

Amma sonda bir şeyi qeyd edim. Bildiyiniz kimi, son dövrlər Fransada, Parisdə ağlasığmaz, qeyri-adi, qəribə hadisələr baş verir. Yadınızdadırsa, bir müddət əvvəl şəhəri sel basmışdı. Aramsız yağan yağışlar Sena çayını daşırmış, şəhərin kanalizasiya xətləri gur axının öhdəsindən gələ bilməmiş, küçə və prospektlər gur kanallara çevrilmiş, axın altında qalmışdı. Özü də həmin kanalizasiya yolları ki onların unikal dolanbacları, qeyri-adi labirintləri Viktor Hüqonun məşhur "Səfillər” əsərində geniş təsvir olunur.

Sonra isə daha bir müəmmalı hadisə baş verdi. Parisin və xristianlığın simvolu olan məşhur Notr-Dam kilsəsi od tutub yanmağa başladı. Şahidlərin söylədiyinə görə, ərşə ucalan qalın tüstü burumlarını hətta paytaxtın ən ucqar nöqtələrindən müşahidə etmək mümkün imiş. Qotik üslubda tikilmiş ilk kilsələrdən hesab olunan qədim bina hamının gözü qarşısında yanıb kül olmuş, bir kimsə kömək edə bilməmişdi.

Qəribədir, inqilablar beşiyi, yüksək dəb, əsrarəngiz parfümlər, şampan və şərablar diyarı, sevgi şəhəri adicə odla-atəşlə, sel-su ilə bacara bilməmişdi.
İndi də ortaya bir erməni təəssübkeşliyi də çıxıb. Deməli, Napaleon qoşun çəkib Moskvaya kimi gedir, Didro, Russo, Volter və Monteskyo rasionalizmi, ağlı, elmi ön plana çəkərək bütün Avropanı maarifləndirir, Fransa dünyaya Emil Zolya, Gi de Mopassan, Balzak, Merime kimi dahilər bəxş edir, “Marselyeza”nın sədaları altında dünya üsyanlardan lərzəyə gəlir, fəqət o boyda Firəng dövləti bir erməni diasporu ilə bacara bilmir. Onun çaldığı havaya oynayır. Əlində müti, aciz və çar-naçardır. Fransa öz siyasətində ermənidən daha çox, ermənilik edir.

Təəssüf, heyhat və əfsuslar…

# 1847 dəfə oxunub

Müəllifin son yazıları

# # #