Vüqar Van: "Darıxıram"

Vüqar Van, yazar

Vüqar Van, yazar

12 iyul 2024
# 12:00

Kulis.az Vüqar Vanın “Darıxıram” adlı yeni yazısını təqdim edir.

Məhərrəmlik ayındayıq. Öz aramızdır, hər il kosmik sürətlə bu cür dini ayların təntənəsi azalır və xüsusən şəhərdə yaşayan insanların bu ayların necə gəlib, necə keçdiyindən xəbərləri olmur. Halbuki yaxın keçmişə qədər məhərrəmlik ayını rayonda çox ciddi şəkildə keçirir, bütün dini rituallara əməl edir, bütün qayda-qanunları yerinə yetirirdik.

Ola bilsin, rayonlarda hələ də ənənəni qoruyub saxlamağa çalışırlar. Amma şəhərdə bu ab-hava qətiyyən hiss olunmur. Heç adamlar məhərrəmlik ayında olub-olmadığımızdan belə xəbərsizdirlər. Əslində, baş yarmaq, zəncir vurmaq, özünə zərər yetirmək halları olmasa, bu ənənələri qorumaq olardı.

Mən məktəbdə oxuyan vaxtlarda məhərrəmlik ayı cənub zonasında yüksək səviyyədə keçirilirdi. Axşamlar evlərdə, məsciddə ehsanlar verirdilər. Adamlar sinə vurmağa, mərsiyəyə qulaq asmağa məscidə gedirdilər, içən adamlar bu ayda içki içmirdilər, toylar dayandırılırdı, əhd eləyib, niyyət tutanlar pirlərə, ziyarətgahlara piyada gedirdilər. Hələ bəzi inanclı adamlar ağını çıxarıb pirə, türbəyə qarda, yağışda ayaqyalın üz tuturdular. İnsanlar yavaş-yavaş danışırdılar, heç kim küçədə gülmürdü, bəzi evlərdə ümumiyyətlə televizoru yandırmırdılar.

Mən uşaq ağlımla məhərrəmlik ayının nə demək olduğunu, həqiqi mahiyyətini başa düşmürdüm. Böyüklər özlərini necə aparırdılarsa, onlar kimi olmağa çalışır, böyükləri imitasiya edirdim. Mərsiyəyə qulaq asmaqdan, sinə vurmaqdan, mərsiyənin nəqarətini təkrarlamaqdan xoşum gəlirdi. Bəzən özümü göstərmək üçün sinəmə hamıdan daha bərk vurur, mərsiyənin nəqarətini ucadan oxuyurdum. Danışılan söhbətlərdən, eşitdiklərimdən belə başa düşürdüm ki, imam yaxşı insandır, yezid pis. Çünki imam su istəyib, yezid ona su verməyib, axırda da imamı öldürüb.

Düz-əməlli izah edən də yox idi. Nə üçün sinə vururduq, sinə vurmaq nə demək idi, mərsiyə nədir, kimin üçün ağlayırdıq, niyə pirə, ocağa gedirdik, imam kimdir, yezid kimdir, heç bir fikrim yox idi. Amma səmimi qəlbdən inanırdım ki, bizim tərəfdən, bizim cəbhədən olan cəsur, ləyaqətli, əxlaqlı, qəhrəman bir adamı düşmənlər öldürüblər, ona görə onun üçün yas saxlamalıyıq. Uşaq saflığımla mən də imam üçün yas saxlayır, gülmür, mərsiyələrə qulaq asıb təsirlənir, kişilər ağlayanda pis olurdum.

Hər məhəllədən bir evdə, hər kəndin məscidində ələmlər qoyulurdu. Aşura günü həmin məhəllənin, həmin kəndin adamları ələmləri çölə çıxarıb “Qara ələm” deyilən yerə aparırdılar. “Qara ələm” ocaq idi. Mən bu prosesi belə qavrayırdım ki, ən böyük, ən yaşlı ələm “Qara ələm”də qoyulub. “Qara ələm”dəki ələm ən qoca ələmdir. Evlərdə, məscidlərdə qoyulan ələmlər isə balaca, uşaq ələmlərdir. Aşura günü həmin uşaq ələmləri “Qara ələm”dəki qoca ələmin yanına aparırlar. Bir növ, kiçiklərin böyükləri ziyarət etməyi kimi.

“Qara ələm” rayonda xeyli aralıda olsa da, hamı ora piyada gedirdi. Ələmi əlində tutan şəxs qabaqda, məhəllə camaatı da onun dalınca. Yol boyu ələmdar müxtəlif mərsiyələr deyir, adamlar da nəqarəti təkrarlayırdılar. İnsanlar öz evlərinin, darvazalarının qabağında stol qoyub “Qara ələm”ə gedən adamlara ehsan paylayırdılar. Çay, şərbət, halva, su, qoğal. Biz uşaqlar hər qapıda dayanıb çay, şərbət içir, halva yeyirdik. Hamı bizə öz ehsanından vermək istəyirdi. Qətiyyən utanmaq olmazdı, yeməsən, ehsanı götürməsən səndən inciyirdilər.

Həmin gün heç kim işə, dərsə, məktəbə getmirdi. Hamı hansısa ələmə qoşulub “Qara ələm”ə üz tuturdu. “Qara ələm” çox uzaq olduğu üçün anam məni ora axıra qədər getməyə qoymurdu. Yarıya qədər gedib qayıtmalı idim. Səhər tezdən oyanıb küçənin başında gözləyirdim. Hansı ələm keçirdisə, ona qoşulub bir az gedir, sonra təzədən küçənin başına qayıdıb növbəti ələmi gözləyirdim. Yorulana qədər bu proses təkrarlanırdı.

Bir az böyüyəndən sonra artıq “Qara ələm”ə gedə bilirdim. Öz məhəlləmizdə qoyulan ələmə qoşulub, axıra qədər bir ələmlə ziyarətgaha gedirdim. “Qara ələm” balaca, bir otaqlı ocaq idi. Ovaxtlar məhərrəmlik payız, qış aylarına düşdüyü üçün bu ocağın həyətində dizə qədər palçıq olurdu. Palçığa batmamaq mümkün deyildi. Həyətdə ələm tutan şəxslər palçığın, qarın, suyun içində ələmləri bir-birinə toqquşdururdular. Həddindən artıq dramatik olan bu səhnə məni qorxudur, həyəcanlandırırdı. Ələmlərin salamlaşma mərasiminə baxanda tüklərim biz-biz olurdu. Kişilər sıra halında üzbəüz dayanır, “Qara ələm”in həyətində bir-birinin kəmərindən tutub şaxsey-vaxsey gedirdilər. Birinci sıra sağ ayağını irəli atıb yerə çırpır və “şaxsey” deyirdi. Cavab olaraq qarşıdakı sıra eyni hərəkəti sol ayaqla edib “vaxsey” deyirdi. “Şaxsey-vaxsey” deyən kişilərin üst-başı palçıq olurdu. Ayaqlarını yerə möhkəm vuranda palçıq ətrafa sıçrayır, üz-gözlərinə dəyirdi. Bəzilərinin ayağı sürüşür, palçığın içinə yıxılırdılar, amma “şaxsey-vaxsey” deməkdən əl çəkmirdilər. Onlar bundan narahat olmur, əksinə imamın yolunda palçığa batmaqdan, əziyyət çəkməkdən xoşları gəlirdi. Bütün bu tamaşalar mənə dərindən təsir edirdi. Daha baş yarmaq, zəncir vurmaq, qan çıxarmaq kimi şeylər baş vermirdi. Heç vaxt ömrümdə elə şeylər görməmişəm. Baş yarmaq, zəncir vurmaq son dövrlər yaranan, son dövrlər formalaşan söhbətlərdir.

“Qara ələm”in içində adam çox olduğu üçün ocağa girmək, “Qara ələm”dəki əsl ələmi ziyarət etmək çox çətin başa gəlirdi. Uzun növbələrdən, basabasdan sonra birtəhər içəri keçə bilirdim. Gedib burdakı qoca ələmi də ziyarət edir, ələmin yanında qoyulan dəmir teştdən bir krujka su içir, ələmə pul bağlayırdım. “Qara ələm”in idarəçiləri insanlara qara rəngli, balaca saplar verirdilər. Ələmi ziyarət etdikdən sonra həmin qara saplardan birini götürüb qoluna bağlayırdın. Deyilənə görə, sapı bağlamamışdan əvvəl bir arzu tutmalı, sonra sapı bağlamalı idin. Sap on gün ərzində qolundan özbaşına açılıb düşsə, deməli, arzun reallaşacaq. Yox, əgər açılıb düşməsə, deməli, arzun, niyyətin baş tutmayacaq.

Mən qara sapı qoluma bağlayanda ürəyimdə bir arzu tuturdum ki, anam xəstələnməsin. Hər il nə qədər fikirləşsəm də, başqa şey tapa bilmirdim. Uzaq başı, ürəyimdə belə deyirdim. “Ay Qara ələm, anamın, bacımın və mənim canımı sağ elə”. Sapı hərdən bilə-bilə bərk bağlamırdım ki, on gün ərzində açılıb düşsün və arzum reallaşsın. Bəzən, doğrudan da, sap özbaşına açılıb düşürdü. Açılıb düşməyəndə isə heç kimə göstərmədən sapı özüm açırdım, camaata da deyirdim ki, sap özbaşına açıldı, arzum reallaşacaq.

Məhərrəmlik ayındakı xatirələrimi uzun müddət içimdə əhliləşdirə bilməmişəm. Məhərrəmliklə, aşurayla bağlı xatirələrim heç bir dolayı vasitələrə bel bağlamadan özü keçib içimdə əyləşib və yalnız mənim duyub-hiss etdiyim bir idarə sistemi yaradıb, ordan özü-özünü idarə edib. Bu aparaturanın ağırlığı, əvvəllər, məni xeyli darıxdırıb, əziyyət verirdi. İntəhası, sonradan buna öyrəşdim.

Həmin illərin üstündən xeyli vaxt keçib, amma indi də hərdən haradasa mərsiyə eşidəndə əhliləşməyən məhərrəmlik xatirələrim oyanır və uşaqlığımı, rayondakı məhərrəmlik ayını xatırlamalı oluram.

# 2679 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #