Kulis.az dünyaca məşhur yazıçıların qəribə davranışlarını təqdim edir.
1. Şarlotta Brontenin cinayətləri
“Jane Eyre” əsərinin müəllifi Şarlotta Brontenin sirri, həqiqətən, qorxuncdur. Təbii ki, əgər realdırsa.
Ceyms Tulli adlı kriminoloq Şarlottanın daha istedadlı olduğunu düşündüyü üçün bacıları Emili və Enni zəhərlədiyini ortaya çıxarıb. Sonra da bu barədə "Şarlotta Brontenin cinayətləri" adlı bir kitab yazıb. Təbii ki, onun konkret sübutu yoxdur. Brontelər 100 il əvvəl ölüb və Tulli öz ipuclarını Şarlottanın yazdığı romanlardan və məktublardan alıb.
2. Meri Şellinin ipək dəsmala bükdüyü qurudulmuş ürək
Meri Şelli təkcə ilk qorxu romanı olan “Frankenşteyn”i yazmayıb, o həm də ölmüş ərinin ürəyini qurudub ipək dəsmalına bükərək hər an özü ilə gəzdirib.
Bəli, düz oxudunuz. Şair Persi Şellinin göldə üzən zaman tufanda itəndə 29 yaşı olub. Onun meyiti düz 10 gün sonra tapılıb. Həyat yoldaşı Meri depressiyaya düşüb və yoldaşı daim onunla olsun deyə ürəyini qurudaraq hər yerə özü ilə aparıb.
Əslində isə Şellinin cəsədi yandırılıb, amma ürəyi kül əvəzinə daşa dönüb. Bu gün bunun onun ürəyindəki hansısa infeksiyaya görə olduğu düşünülür. Meri Şelli də bu daşlaşmış ürəyi götürüb dəsmala büküb gizlədib. Persi Şellinin ürəyi Merinin ölümündən illər sonra daxıldan çıxıb. O, şairin yaxın dostu Con Kits üçün yazdığı “Adonais” elegiyası ilə birlikdə ipək dəsmala bükülü olub.
3. Ölü itlərin kabusları ilə danışan Edit Varton
Edit Varton itləri o qədər sevib ki, yataq otağının pəncərəsi ilə üzbəüz təpədə onlar üçün qəbiristanlıq tikdirib və bir çox əsərlərini orada yazıb. Hər səhər ölmüş itlərinin (belə deyirdi) “kabuslarına” baxıb, onlarla söhbət edib.
4. Daima ölümü düşünən Moris Sendak
“Where the Wild Things are?” adlı kitabın müəllifi Moris Sendak həmişə “şirin ölüm” istədiyini deyib. Üstəlik, o, Con Kitsin orijinal ölüm maskasını çarpayısının yanında taxta qutuda saxlayıb və tez-tez silib yastığına qoyub. “The Violet Hour” kitabının müəllifi Keti Rofinin dediyinə görə, Sendak ölümlə bağlı müxtəlif qəribə əşyalar toplayırmış.
Kolleksiyasında Motsartın atasına anasının öldüyünü bildirən o kədərli məktubu, Şaqallın dəfn şəkilləri, Ruzveltin ölüm günü gələcəkdəki özünə yazdığı kədərli məktubu, şən adamları lənətlədiyi başqa bir məktub olub.
O, hələ gəncliyindən ölümə meyilli olub. Həm çoxsaylı xroniki sağlamlıq problemlərindən əziyyət çəkdiyi, həm də ailəsi tərəfindən arzuolunmaz körpə olduğunu bildiyi üçün. Anası hamilə ikən uşağı tələf eləmək üçün saysız-hesabsız dərmanlardan istifadə edib. Atası bu məqsədlə anasını pilləkənlərdən aşağı itələyib. Daha da pisi odur ki, oğlunun arzuolunmaz körpə kimi doğulduğunu gizlətməyiblər. Bəlkə də buna görədir ki, Sendak qohumlarını, o cümlədən, valideynlərini son nəfəsini alarkən çəkib.
5. Evləndikdən bir gün sonra tərk edilən Ketrin Mansfild
Ketrin Mansfild öz toyunda qara matəm paltarı və qara həsir papaq geyinib, çünki sevmədiyi adamla evlənirdi. Bioqrafı Cefri Meyersin dediyinə görə, əri Ketrinin paltarının fərqinə belə varmayıb. O, paltarın qəribəliyini yalnız təzə gəlin onunla cinsi əlaqədə olmaqdan imtina etdikdə anlayıb və səhəri günü onu tərk edib.
6. Yalnız morqda xoşbəxt ola bilən dahi
Parisdə hər kəsin sevimli yeri var. Dikkensin ən sevimli yeri isə şəhər morqu olub.
“The Uncommercial Traveler” kitabında bunları yazıb: “Hər dəfə Parisdə olanda sanki görünməz bir qüvvə məni morqa aparır. Halbuki ora getməyi heç istəmirəm”.
Düzünü desək, Dikkensin dövründə cəsədlərə baxmaq marağı indikindən bir qədər çox idi, lakin əminliklə deyə bilərik: həftə sonlarını ölülərə poetik şəkildə baxmaqdan daha qaranlıq nə ola bilər?
7. Bura qədim Romadır, bilmirsiniz?
"Blade Runner" filminin uyğunlaşdırıldığı "Do Androids Dream of Electric Sheep?" romanının müəllifi Filip K. Diklə davam edək.
Dik 1974-cü ildə diş əməliyyatı keçirib. Sağalma dövründə o, sonradan mücərrəd rəsmlərə çevirəcəyi qəribə şəkillər və işıq oyunları görməyə başlayıb. Vəziyyət daha da pisləşib. Belə ki, Dik ətrafındakı dünyanın çoxdan dağılmış antik Roma olduğunu deyib. Ona görə Roma əskərləri hər yerdədir. Deyilənə görə, belə danışmasına səbəbi daim istifadə etdiyi amfetaminlər olub.
Dik qədim Roma məsələsi haqqında çox ətraflı yazıb. Maraqlananlar onun 8000 səhifəlik gündəliyinə baxa bilərlər.
8. Artur Konan Doylun iddiasına görə bu fotoda ruh var
Şerlok Holmsun yaradıcısı Artur Konan Doyl ölülərin aramızda gəzdiyinə inanıb və onlarla danışdığını iddia edib. Bu məqsədlə, hətta ruh çağırma seansları da keçirib. O həm də “The Ghost Club” adlı paranormal cəmiyyətin üzvü olub. Pərilərə inanıb, onların şəklini çəkdiyini iddia edib. Hətta “The Coming of the Fairies” adlı kitab yazıb və kitab gülüş obyekti olub.
Bioqrafı Kristofer Sendfordun fikrincə, Doylun sprituallığa marağı ağır itkilərdən qaynaqlanıb. O, oğlu və qardaşı da daxil olmaqla, ardıcıl olaraq on bir qohumunu itirib və onlarla ünsiyyət qurmağın yollarını düşünüb. İş o həddə çatıb ki, axırda ən yaxın dostunu da itirib. Məsələn, bir dəfə bu məsələlərə heç bir marağı və inancı olmayan dostu Hudini ruh çağırma seansına dəvət edib və guya anası ilə əlaqə saxlayaraq məşhur illüzionistin fikrini dəyişməyə çalışıb. Hudinin anası “danışmağa” başlayıb, ancaq qadın əslində ingiliscə bilməyib.