Növbəti stansiya: Repressiya – Tamaşadan reportaj

Növbəti stansiya: Repressiya – Tamaşadan reportaj
2 may 2023
# 16:30

Kulis.az Ülvi Bahadırın “Kod adı: V.X.A.” tamaşasından hazırladığı reportajı təqdim edir.

Bakının F1 labirintindən qan-tər içində sıyrılıb nəhayət ki, Gənc Tamaşaçılar Teatrının binasının qabağına çatıram. Astaca bel çantamı düzəldib binaya daxil oluram. Cavid Zeynallı ilə Əyyub Qiyas söhbətləşirlər. Yaxınlaşıb salamlaşıram. Telefonla danışandan sonra pilləkənlərlə yavaş-yavaş tamaşanın olacağı yerə gəlirəm.

Deyəsən, tez gəlmişik. Nəzarətçi qız tamaşa başlayanda qapıların açılacağını deyir. Bir yer tapıb otururam. Bir xeyli adam gəlib və get-gedə də çoxalmağa başlayır. Çoxunun rus dilində danışması diqqətimdən qaçmır. Nəhayət ki, Azərbaycan dilində danışan birinə rast gəlirəm. Deyəsən, o da mənim vəziyyətimdədir. Mənə baxıb astaca gülümsünür. Elə bil faşistlərin arasında öz partizan yoldaşını görür.

Nəhayət ki, içəri daxil oluruq. Nəzarətçi qıza yerimi deyib, keçib otururam. Qısa müddət sonra ətrafımdakı yerlərin hamısı dolmağa başlayır.

Arxa sıradakı bir qadın qabaqdakı bir qadını səsləyir. O da səsinə səs verib onların yanına gəlib oturur. Söhbətdən aktrisa olduqları hiss olunur. Hansısa tamaşa haqqında danışırlar.

Ətrafa baxıram. Tanış simalar olsa da, tamaşanın sehrini pozmamaq üçün yaxınlaşmıram.

Qəfildən yadıma Mehriban Ələkbərzadənin uşaq vaxtı baxdığım sənədli filmləri düşür. Xanlıqlarla bağlı olanı isə xüsusilə sevirdim. Ordakı canlandırmaları evdə özüm eləyirdim. Tək uşaq olduğuma görə hamısı özüm olurdum.

Nəhayət ki, tamaşa başlayır. Hər tərəf qaranlıqlaşır. Onlarla qadın – hamımızın yaxından tanıdığı aktrisalarımız səhnədə görünür.

Qabaq tərəfdə bir qadın əllərini şümallayıb tamaşanı çəkir. Astaca mane olduğunu desəm də, türklər demiş, umurunda olmur. Arxa tərəfdən də davamlı səslər gəlir.

Bir müddət sonra tamaşanın əsasını təşkil eləyəcək vaqon görünür. Bizi ötən əsrin 30-cu illərinin qanlı caynağında yellədəcək həmin vaqon…

Səhnədə ekran görünür və biz Mehriban xanımın o doğma səsində qanlı illərə keçid edirik. Bu, bir növ tamaşaçını hazırlaşdırmaq məqsədi daşıyır.

Aktrisaların oyunu bir neçəsini çıxmaq şərtilə çox yaxşı idi. Temp bəzi hissələrdə düşsə də, ümumən tamaşaçını yormurdu. Ancaq çığırışmalar, əsgərlərin qadınları elədən-elə, belədən-belə atması bəzi məqamlarda çox gözə batırdı. Anlayıram ki, bundan da dəhşətli hadisələr olub, ancaq düşünürəm ki, bunların dalbadal, fasiləsiz olması tamaşaçını yorur.

Bir də obrazların davamlı özünü təqdim eləmələri məni tamaşadan yayındırdı. Mən flankəsin həyat yoldaşı filankəsəm. Mən Azərbaycanın ilk qadın pianoçusu filankəsova filankəsəm. Bunlar şəxsən mənə o qədər də xoş görünmədi.


Ancaq hadisələr inkişaf etdikcə, tamaşanın marağı daha da artırdı. İlk hissə də tam yerində bitdi. Səhnə başlayanda dedim ki, kaş burda yekunlaşsa, elə də oldu.

Foyeyə çıxdım. Sanki hamı bunu gözləyirdi. Çay və şirniyyatın qoyulduğu yerdə bir ordu dayanmışdı. Heç teatra gələn adamlara bənzəmirdilər açığı. İlin, günün bu boz çağında belə bir tamaşa qoyulub, gəlib baxırsan. 1 stəkan çay 1 parça şirniyyata görə bunca səs-küyə, basabasa nə ehtiyac var? Axı sən teatr tamaşaçısısan. İlin tamaşasına gəlmisən. Bunun bir məsuliyyəti olmalıdır.

Nə isə, birtəhər 1 stəkan çayımı içib içəri daxil oldum. Əyləşib tamaşaya baxmağa başladım. Deyəsən, səhv yerdə oturmuşam. Nəzarətçi qız astaca xəbərdarlıq eləyir. Durub yerimdə otururam.

İkinci hissə daha templə başlayır. Naibə Allahverdiyeva başda durğun təsir bağışlasa da, bir müddət sonra roluna libas kimi oturur və alıb aparır tamaşaçını.

Rəssamların olduğu səhnə maraqlı məqamlardan idi. Onlar Leonardo da Vinçinin məşhur “Sonuncu şam yeməyi” əsərini çəkirlər. Bu və bunun kimi əsərlər sovet ideologiyasına zidd dini motivləri təbliğ etdiyinə görə qadağan idi. Sovet milislərinin basqısı ilə rəssamlar əsəri “qazıyırlar” və biz əsərin altında Stalinin, Brejnevin və kommunist partiyasının digər nümayəndələrinin şəkillərini görürük. Bu təzad tamaşanın ən gözalıcı səhnələrindəndir.

Sovet milisləri sanki eyni adamdırlar. SSRİ-nin yetişdirdiyi robot-adamlar… Onların fonunda "vətən xainlərinin arvadları" daha hərəkətli, daha canlıdır.

İkinci hissədə bəyənmədiyim səhnə isə Əhməd Cavadla bağlı səhnə idi. Əhməd Cavadın şəkli pəncərə arxasından baxır, danışır. Fonda da “Şükriyyə” mahnısı. Düşünürəm ki, bunu başqa bir formada həll eləmək olardı. Hərçənd ki, mahnını çox sevirəm.

Yazdıqlarım şəksiz ki, mənim şəxsi qənaətlərimdir. Teatrşünas kimi yox, bir tamaşaçı kimi yazıram fikirlərimi.

Tamaşanın sonluğu maraqlı alınmışdı. Haqlı olaraq dəqiqələrcə alqışlandı. Aktrisaların həyəcanını, alqışların onları necə fərəhləndirməsini görmək xoş idi.

Alqışmanmanın sonuna doğru Mehriban Ələkbərzadə səhnəyə gəlir və alqışlar yenidən qızışmağa başlayır. O, aktrisaların əllərində tutaraq tamaşaçıların qarşısında baş əyir.

Çox uzun müddətdir ki, bir tamaşanın sonunda bu qədər ürəkdən əl çalmırdım. Bunun özü belə Mehriban xanımın möhtəşəm işinin bəhrəsidir.

İnsanlar yavaş-yavaş dağılışmağa başlayır. Foyeyə çıxıb pilləkənlə aşağı düşürəm və binadan çıxıram.

Belə əlimizi-ətəyimizi hər şeydən üzdüyümüz vaxtda insanlara 4 saat tamaşa təqdim eləmək və bunu bu səviyyədə eləmək ancaq Mehriban Ələkbərzadə kimi işininin peşəkarlarının edəcəyi bir şeydir.

“Kod adı: V.X.A” Azərbaycan teatr tarixinin qızıl səhifələrindən biridir və biz hazırda belə bir ümdə tarixi hadisənin iştirakçılarıyıq.

Səmaya daxıb Dionisin şərəfinə bir badə qaldırıb labirintdə gözdən itirəm.


# 4021 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #