Vapurda itirdiyim kitab: “Məni heç vaxt tərk etmə”

Vapurda itirdiyim kitab: <span style="color:red;">“Məni heç vaxt tərk etmə”
1 dekabr 2017
# 21:00

Kulis.az tənqidçi-esseist Ülvi Babasoyun 2016-cı ilin Nöbel mükafatçısı Kazuo İşiquronun məşhur “Məni heç vaxt tərk etmə” romanı haqda yazdığı "Yaşamaq sənəti" məqaləsini təqdim edir.

Atatürk hava limanında basabasdır. İstanbul-Bakı təyyarəsi 40 dəqiqə sonra qalxacaq. Mən isə ucu-bucağı görünməyən qeydiyyat zolağında tər tökürəm. Moskvaya gedənlərlə eyni zolaqdayam. Onlara yaxınlaşır, keçmək üçün icazə istəyirəm. Xeyri yoxdur. Bir dəstə yaşlı rus turist icazə vermir. Çiynimə bir əl toxunur. Sarışın, qıvırcıq bir qızdır. "Mən də gecikmişəm, kömək edə bilərsiniz zəhmət olmasa?” Gülümsəyib: "Əlimdən gələni edərəm. Əgər babuşkalar icazə versələr”. Bir daha irəli keçib icazə istəyirəm. Bayquşgöz babuşka alabaxta quşu kimi ətrafa boylanıb üzünü turşudur. "Нет, нельзя, нельзя”. Daha səbrim tükənir. Qıza göz-qaş edirəm ki, hazır olsun. Basırığı yara-yara özümə və qıvırcıq qıza yol açıram. Gömrükdən keçib zirzəmiyə düşürəm. Dəhliz boyu səsgücləndiricilər soyadımı hayqırır…

Gecə yarıda Bakıya enirik. Səhəri sərgidən aldığım kitabları yerbəyer edəndə birinin yoxluğu diqqətimi çəkir. Çantaları ələk-vələk eləsəm də tapa bilmirəm. İstanbula yazıram. "Salam, necəsən? Qəhvəyi, dəri çantam var e. O qalıb vapurda. İçində də...”

Bəylikdüzündə izdihamdır. Özümü birtəhər metrobus dayanacağına yetirirəm. İstanbul Kitab sərgisinin son günüdür. Gecə 00:55-də Bakıya uçmalıyam. Marmara Universitetindəki dostumla da görüşməliyəm. Əlimi çantama atıram. Semih Gümüşün "Modernizm və postmodernizm” kitabı çıxır. "Yeni və yenilikçi olmaq” essesində Orhan Pamuk, Lətifə Tekin, Muratxan Munqan, Həsən Əli Toptaşın roman sənətinə gətirdikləri yenilikləri analiz edir. Pamuk "Mənim adım qırmızı”da roman texnikasını inkişaf etdirir. Lətifə Tekin "Meşədə ölüm yox imiş” və "Unutmaq bağçası”nda yaşamağın bir sənət olmasının fəlsəfəsini yazır. Munqan "Yeddi qapılı qırx otaq” romanında ağla sığmayan bir reallıq yaradır. Toptaşın "Kölgəzislər” romanında kölgə arxetipləri sehrli və real görkəm qazanır. "Min hüznlü həzz” romanı isə “Min bir gecə” nağıllarını müasir və postmodern İstanbul hekayəsinə çevirir. Harold Ceifin "Texno-mağara sonrası” romanı isə yeni cığır aça bilməyən türk yazıçıları üçün yaxşı bir nümunədir. Ceifin romanı soyuq müharibə və bayağı sənətə qarşıdır. Ancaq standart roman qəlblərindən uzaq bir şəkildə. Harold Ceif özüm üçün kəşf etdiyim yeni, postmodern və bəlkə də postmodern sonrası yazıçıdır. Ancaq romanı quruluşca nə qədər yenilikçi olsa da, bir o qədər soyuq və publisistik bir üslubu var. Bu vaxt yadıma Tolstoyun "Anna Karenina” romanı düşür. Tolstoy niyə geniş epik vüsətli romanlar yazırdı? Axı Tolstoy və digər XIX əsr romançıları həyatı epik vüsətdə görmək istəyirdilər. Ona görə də əsərləri epik lövhələrlə zəngin idi. İndi köhnə nəsil qurğu və məntiq əsasında yazılmış yenilikçi romanları bəyənmirlər. Postmodern və "Texno-mağara sonrası” mətnlərdə sözün "şirəli” gücü yoxdur. İlham qaynağı zəifdir. Azərbaycan ədəbiyyatında bu məsələ hələ də müzakirə mövzusudur. Daha betəri odur ki, dünya ədəbiyyatında bir əsr əvvəl sınaqdan keçirilən yazı metodları yeni sayılır. Ondan da betəri budur ki, eksperimentlər, imitasiyalar yeni ədəbi kəşf kimi qiymətləndirilir. Nə isə. Məlum məsələdir. Xeyri yoxdur.

Semih Gümüşdən bir esse oxuyub kitabı çantaya qoyuram. "Postmodern ədəbiyyatda oyun estetikası və əyləncəlilik” anlayışı beynimi işğal edib. Elmi işim üçün koordinasiyadan keçirməliyəm bu mövzunu. Mövzu ilə bağlı xeyli kitab almışam. Semih Gümüşün kitabı da bura aiddir. Hə, yolum hələ şəhərin o biri tayınadı. Əlimi çantama atıb başqa bir kitab götürürəm. Kazuo İşiquronun "Məni heç vaxt tərk etmə” romanı. Sərginin son günündə aldığım sonuncu kitab. Annotasiyası və müəllifin mənalı baxışı məni özünə çəkmişdi...

"Yapı Kredi Yayınları" nın stendində gözüm yol çəkir. Amin Maaluf, Orxan Pamuk və Kazuo İşiquronun şəkilləri asılıb. Fotoların altından "Bütün əsərləri” yazılıb. Əvvəlcə "Günün qalıqları” romanını götürürəm. "Bir roman düşünün ki, danışdığı əsas hekayənin bircə sətrində belə keçməyən duyğular, ümidlər, xəyal qırıqlıqları, arzular olsun”. Elə bu an gülüşə qərq oluram. Fərid Hüseynin bu barədə məzəli fikri yadıma düşür. "Türkiyədə kitablara yaman maraqlı annotasiya yazırlar. Adama elə gəlir ki, bu kitabı oxumasan səndən adam olmayacaq”. "Günün qalıqları”nın filminə baxmışam. Baş rolları Entoni Hopkins və Emma Tompsonun oynadığı "The Remains of the Day” yəqin ki, film sevənlərin yaxşı yadındadır. Darlinqton malikanəsində baş qulluqçu işləyən Stivensin arzularının illüziyalara çevrilməsi göstərilir. Xanım Kentona sevgi etirafı edə bilməyən Stivensin istəkləri puç olur. Kentonun nəvaziş və qayğılarına heç bir reaksiya yoxdur. Hətta başqa birindən evlənmə təklifi aldığını deyəndə belə Stivens vecsiz davranır. Nəticədə xanım Kenton malikanədən ayrılır. İllər sonra Darlinqton malikanəsi yeni, amerikalı sahibin əlinə keçəndə də Stivens öz vəzifəsində qalır. O, yeni ağasından icazə alıb səyahətə çıxır. İyirmi il sonra xanım Kentonla görüşməyə gedir. Ümidlidir. Etdiyi səhvləri düzəldəcəyini düşünür. Ürəyində səhvini etiraf edir. İllər sonrakı görüşdə də heç nə dəyişmir. Xanım Kenton göz yaşında boğula-boğula Stivenslə vidalaşır.

Image result for kazuo işiqura

"Məni heç vaxt tərk etmə” romanına daha təsirli annotasiya yazılıb. Romanın qəhrəmanı Keti "Bu sualın cavabını tapmalıdır. Sənət və eşq zamanı saxlaya bilərmi?” Heilşam məktəbinin şagirdləri Keti, Tommi və Rutun məhzun hekayəsidir "Məni heç vaxt tərk etmə” romanı. Məktəbin şagirdləri bir məqsəd üçün böyüdülür. Gələcəkləri əllərindən alınır. Yetkinlik yaşlarında orqanları çıxarılır. "Daha çox ehtiyacı olan” yaşlı və zəngin insanlara verilir. Məktəbdə şagirdlərin əl işləri, sənət bacarıqları üçün şərait yaradılır. Əgər hansısa əl işi yaxşı olarsa Madamın muzeyində sərgilənəcəyini deyirlər. Uşaqlar Madamın gəlişini həsrətlə gözləyirlər. Məktəbdə müəllim yoxdur, əvəzinə nəzarətçilər var. Heilşamdan kənara çıxmağın nəticəsi ölümdür. Uşaqlara hasardan o yanda qorxu dolu aclıq və ölümün varlığı barədə əhvalatlar danışılır. Təkcə xanım Lusi şagirdlərə qayğıyla yanaşır. Mərhəmət göstərir. Lusi uşaqların taleyinə acıyan yeganə şəxsdir. Mərhəmət duyğusu alidir. Hətta sevgidən belə. Çünki sevgi qarşılıq və mənfəət istəyə bilər. Ancaq mərhəmət qarşılıqsız gözəlliyi təmsil edir. İşiquro bu məqamı xanım Lusinin Tommi və digər şagirdlərə olan nəzakətli ünsiyyətində göstərir. Ünsiyyət bir insan barədə çox şey deyir. Məktəb müdiri Emili qanunlara əməl edən, duyğularından imtina etmiş robot-işbazdır. Çünki ağaları onu uşaqları sağlam böyütmək üçün müdir təyin ediblər. Xanım Emili, Madam və digərləri insanların gələcəyini, arzularını oğurlayan rejimlərin, despotluğun xidmətçiləridir. Onlar sadəcə verilən əmri icra edirlər. Xanım Lusi şagirdlərin gələcək arzuları ilə bağlı söhbətlərini eşidəndə sarsılır. Axı onların gələcəyi yoxdur. Şagirdlərdən Piter Qordona böyüyəndə Amerikada aktyor olmağın əla fürsət ola biləcəyini deyir. Xanım Lusinin nitqi sarsıdıcıdır. "Başqa heç kim deməsə də, mən deyəcəm sizə. İş burasındadır ki, sizə həm deyildi, həm də deyilmədi. Sizə bəzi şeylər deyilsə də, çox şeyi başa düşmürsünüz və bəziləri vəziyyətin belə qalmasına razıdır. Ancaq mən razı deyiləm. Bilməyiniz lazımdır, həqiqəti bilməyiniz şərtdir. Heç biriniz Amerikaya getməyəcəksiniz, heç biriniz film ulduzu olmayacaqsız. Bəzilərinizin arzuladığı kimi supermarketlərdə işləməyəcəksiniz. Həyatınıza sizin üçün əvvəlcədən qərar verilib. Yetkinlik yaşına gələcəksiz və qocalmadan, hətta orta yaşa çatmamış həyati orqanlarınızı bağışlamağa başlayacaqsınız. Hamınız buna görə yaradılmısınız. Filmlərinə baxdığınız aktyorlar kimi deyilsiniz, mənim kimi belə deyilsiniz... Bunu unutmayın. Yaxında Heilşamı tərk edəcəksiniz, üstündən çox keçməmiş orqanlarınızı bağışlamağa hazırlanacaqsınız. Bunu unutmayın”. Çox keçmir ki, xanım Lusi işdən azad edilir. O, Heilşamdan getməzdən əvvəl Tommiyə bərk-bərk tapşırır ki, sənətlə məşğul olsun. Səbəbi gizli qalır. Onsuz da gələcəkdə biləcəyini deyir.

Rut və Tommi sevgili olur. Bunda Ketinin rolu az deyil. Ancaq Keti və Tommi gizlicə bir-birini sevir. İllər sonra Keti Rutun baxıcısıdır. Ona görə ömrü bir az uzanıb. Rut etiraf edir. Tommiylə Ketinin arasına girməyini, Tommini dəfələrlə aldatmağını. Tommiylə Ketinin birgə yaşamaları üçün şans yaranır. Belə ki, cütlüklər müraciət edib ömürlərin uzada bilər. Bir neçə il birgə yaşamaqçün. Gərək ki, sevgilərini göstərə bilsinlər. İnandırsınlar. Sən demə, uşaqkən sənətlə məşğul olmağın səbəbi buymuş. Sənətə baxıb duyğularına qiymət veriləcək. Keti və Tommi Madamın evindədir. Tommi üç ayrı formatda çəkdiyi qurbağa rəsmini təqdim edir. Madam Ketinin əl işlərindən hələ Heilşamdaykən xəbərdardır. Ancaq Madam belə bir qaydanın olmadığını deyir. Xanım Emili də burdadı. O da söhbətə qoşulur. Tommi incəsənət dərsində şagirdlərin əsərlərini nə üçün yığdıqlarını soruşur. Xanım Emili "sizin ruhunuz olduğunu isbat etmək üçün etdik bunu”, deyir. Dəhşətli bir həqiqətin qəddar üzü. Gənclərin arzuları puç olur. Görəsən, arzuları varıydı onların? Bir ilğımda, illüziyada yaşayırlar. Varlığı ilə yoxluğu bilinməyənlər. Gələcəyi, arzu və istəkləri əllərindən alınıb.

Yaşamları qaydalara tabedir. Ömürləri də. Ən dəhşətlisi Madamın yanına getməzdən əvvəl Tomminin Ketə dedikləridir. "Tutalım ki, ölümümüz təxirə salındı. Bizə üç il, özümüzə aid üç il verdilər. Tam olaraq nə edəcəyik? Nə demək istədiyimi başa düşürsən Ket? Hara gedəcəyik? Burda qala bilmərik”. "Özümüzə aid üç il”. Deməli, yaşadıqları ömrün onlara dəxli yoxdu. Napolyon Hill deyir ki, dünya əhalisinin 89 faizi nə istədiyini bilmir. Ona görə də qalan 11 faizdən olan tiranlar tərəfindən idarə edilirlər”.

Birmənalı deyil. Həqiqət payı çoxdur. Başqasının hüquqları əlindən alınırsa, insan haqlarına əməl olunmursa, anarxiya demokratiyanın yerini tutursa, ömürləri oğurlamaq deməkdi. Birinin orqanı, birinin duyğuları, birinin fikri əlindən alınır. Bəzən də insan özü öz həyatını puç edir. Yaşamaq sənətinə yiyələnə bilirmi insanlıq? "Günün qalıqları” romanında Stivens özü öz həyatını ilğımlaşdırırb. Yaşamır. Yaşaya bilmir. "Məni heç vaxt tərk etmə”da Heilşam şagirdlərinin varlığı illüziyadan, ilğımdan yaranıb sanki. O hala salınıblar.

Sənətlə ölüm təxirə salına bilərmi? Bilirəm, xəbəri eşidəndə oxucu sevinir. Sənətin onları xilas edə biləcəyini deyirəm. Az da olsa Tommi və Ketin nakam taledən kam alacağına ümid bəslənir. Və xanım Lusi yada düşür. Onda xanım Lusi Tommiyə sənətlə məşğul olmağı boş yerə tövsiyə etməyib. Ancaq oxucu belə düşünəndə yanılır. Çünki xanım Lusi sənətin bu çirkin mühitdə onlardan qalacaq gözəllik duyumu olduğunu bilir. Kazuo İşiquro arzularına təcavüz edilənlərin kitabını yazır. Yaşamağın ən böyük sənət olduğunu kəşf edir. Xətərsiz yaşamaqsa incə sənətlərlə mümkündür. Sənət və eşq zamanı dayandıra bilməsə də, onu dəyərli və gözəl edər.

Zaman məfhumu İşiquroda diaxronlaşır. Gündəlik həyatın zamanı banal və bayağı ola bilər. Ancaq sənət gündəlik zaman məfhumundan çıxıb gələcəyi də öz içinə alır. Onu məişət hadisəsindən sənət hadisəsinə çevirir. Arzular illüziyadan, yalandan xilas olur. Ən azından İşiquronun roman sənətində. İndi iki il əvvəl oxuduğum kitabı vərəqləyirəm. Heilşamda şagirdlərin sərgidə iştirakında şeir və ya əl işi olan zürafəni seçmək arasında qaldıqları səhnənin üstündə karandaşla yazmışam. "Şeir, yoxsa zürafə?” Bir də romanı nəql edən Keti orda bir fikir deyir. Heilşamda sevilmək və hörmət görməyin "yaratmaqla” bağlı olduğunu bildirir. Yəni, sənətlə. Uşaqları həyata bağlayan yeganə dəyərdir. Yaşamları əllərindən alınsa da, sənət onların yeganə sığınacağıdır. Başqa bir yerdə "Tommi və Ketinin arzuları da ilğımdır. Bədbəxtlik Tommini kölgə kimi izləyir. Duyğuları və yaşamaq arasında böyük uçurum var”. Qəribə uyğunluq: "Yüksək emosional təsirə malik romanlarında – dünya ilə bağlı aldadıcı düşüncələrimizin arxasındakı (səbəbi) – uçurumu aşkarlayan şəxs” Kazu İşiquro. Nobel İşiquroya buna görə verilir.

Yol boyunca romandan ayrıla bilmirəm. Marmara Universitetində dostumla görüşürük. O, boğazda balıq yeməyi təklif edir. Vapurda boğaz turu edirik... Çantamı vapurda unuduram. İçində də "Məni heç vaxt tərk etmə”. Vapur limanından Bakıya gələn roman hələ də yaşamaq sənəti barədə ən zərif hekayə olaraq qalır. Zərif və məhzun.

# 1879 dəfə oxunub

Müəllifin son yazıları

# # #