20 manata öpüş

20 manata öpüş
5 sentyabr 2017
# 15:37

Ulucay Akif

Birinci kursda oxuduğum vaxtlar idi. Sevgilimlə universitetin yaxınlığındakı parklardan birində oturub söhbət edirdik. Bilmirəm, nə oldu, necə oldu, bir də gördüm ki, dodaqlarımız bir-birinə yaxınlaşır. Elə mən də gözlərimi yumub o anı hiss etməyə çalışanda qalın bir səs eşitdim:

- Vətəndaş, zəhmət olmasa bura yaxınlaşın!

Bəli, polis idi. Qıza gözləməsini deyib üzümün suyu süzülə-süzülə polisə yaxınlaşdım. Rəislə bir az söhbət edəndən sonra özümdən utandım. Sən demə, bizim öpüşməyimiz ictimai asayişi pozurmuş, cəmiyyətdəki bütün problemlərin əsası imiş, ölkədəki xaosun yaranma səbəbi biz imişik. Bəlkə rəis bir az da araşdırsa, Yaxın Şərqdəki hadisələrə də təsir etdiyimiz üzə çıxacaqdı.

Tez həmişə istifadə olunan üsula əl atıb özümü bu vəziyyətdən çıxarmağa çalışdım:

- Yaxşı da, rəis, siz cavan olmamısınız?

Uzun müzakirələrdən sonra məlum oldu ki, bizim bu rəis nəyinki cavan, heç uşaq da olmayıb. Elə birbaşa rəis kimi gəlib dünyaya. Nəysə. Həmin gün ictimai asayişin bərqərar olunması üçün cibimdəki son 20 manatı rəisə verdim. O da məmnun şəkildə asayişi qorumağa getdi.

Bu hadisənin üstündən 3-4 gün keçmişdi. Yenə xoşlandığım qızla həmin parkda idik. Qorxumdan qızdan iki metr aralı oturmuşdum. Elə uzaqdan uzağa söhbət etməyə çalışırdıq. Bir-birimizi güclə eşidirdik.

Bu an bizdən aralıda topalaşan 4-5 gəncin arasında dava düşdü. Çox dəhşətli dava oldu. Təxminən on dəqiqə bir-birilərini yerdə sürüdülər. Təpik, yumruq, cürbəcür söyüşlər.

Ətrafa nə qədər boylanıb axtarsam da bir polis, ya mühafizəçi gözümə dəymədi. Dava isə bitmək bilmirdi. Ayıran da yox idi. İçi mən qarışıq heç kim müdaxilə etməyə cəsarət etmirdi, çünki dalaşanlardan birinin bıçaq çıxardığını gördük, amma nə yaxşı ki istifadə edə bilməmişdi.

Belə hay-küylü və uzun çəkən dava olmağına baxmayaraq, nə bir mühafizəçi, nə də bir polis əməkdaşı gəlib hadisəyə müdaxilə etdi. Axırda dalaşanlar özləri haldan düşüb dayandılar. Barışdılar və getdilər.

Mən də bir az rahatlayıb yerimə qayıtdım. Sevgilim gördüklərinin şokundan ağlamağa başlamışdı. Hıçqıra-hıçqıra ağlayırdı. Dözməyib qucaqladım, bağrıma basdım ki, sakitləşsin. Ağlamağının kəsmədiyini görüb saçını sığalladım, saçından öpdüm. Bu an həmin qalın səs yenə eşidildi:

- Vətəndaş, zəhmət olmasa bura yaxınlaşın!

# 3578 dəfə oxunub

Müəllifin son yazıları

# # #