Qənirə Paşayeva: “Vaqif Səmədoğluna dedim, bir də məni belə məclislərə çağırmayın” – Müsahibə

Qənirə Paşayeva: “Vaqif Səmədoğluna dedim, bir də məni belə məclislərə çağırmayın” – Müsahibə
23 iyun 2021
# 09:01

Kulis.az Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə müsahibəni təqdim edir.

- Qənirə xanım, təxminən bir ildir ki, Milli Məclisin Mədəniyyət Komitəsi sədri vəzifəsində çalışırsınız. Gəlib nə gördünüz və bu bir ildə nəyi dəyişə bildiniz?

- Dediyiniz kimi, həmkarlarım etimad göstərib məni komitə sədri seçdiyi vaxtdan bir ildən bir qədər çox vaxt keçib. İş elə gətirdi ki, bu müddət ərzində qlobal pandemiyadan irəli gələn məhdudiyyətlər yarandı, sonra Tovuz döyüşləri, daha sonra 44 günlük Vətən Müharibəsi oldu və beləliklə biz fərqli, yaxud xüsusi iş rejimində işləməli olduq. Bununla belə, planlaşdırdığımız işləri, demək olar, əsasən əhatə edə bildik. Məsələn, mədəniyyət və incəsənətimizin görkəmli nümayəndələri ilə müzakirələr, əlaqədar qurum və quruluşların məsul şəxslərinin də iştirakı ilə ictimai dinləmələr, geniş fikir mübadilələri keçirdik. Doğrudur, belə görüş, müzakirələrin bir çoxunu onlayn rejimdə həyata keçirdik, bununla belə, hər halda fikir mübadiləsi apara bildik.

Parlament rəhbərliyinin, həmkarlarımızın dəstəyi ilə Komitədə keçirdiyimiz yaxud parlamentin plenar iclaslarında toxunduğumuz mövzular, qaldırdığımız məsələlər müvafiq müzakirələrlə müsbət sonluqla nəticələndi. Türkiyə ilə ortaq media platformasının təsdiqi gerçəkləşib.

Xaricdən gətirilən nəşriyyat-mətbəə avadanlıqlarına, poliqrafiya materiallarına, eləcə də kitablara ƏDV tətbiqi ilə bağlı müzakirələr apardıq, qanunvericilikdə vergi güzəştləri məsələsini qaldırdıq.

Naşirlərin üzləşdiyi məsələləri öyrənmiş, müvafiq qaydada müraciətlər etmiş, parlamentdə çıxış etmişik. Bu yaxınlarda, yeni yaranmış Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin rəhbərliyi ilə komitəmizdə faydalı müzakirələrimiz oldu.

Bir sıra başqa yaradıcı qurumların, o cümlədən Rəssamlar İttifaqının, Bəstəkarların İttifaqının, Yazıçılar Birliyinin rəhbərlərinin, nüfuzlu mədəniyyət, incəsənət xadimlərinin qaldırdığı vacib məsələləri zaman-zaman parlamentdə səsləndirmişik.

Xüsusilə, yaradıcı gənclərlə, gənc rəssam, musiqiçi, yazar və başqaları ilə çoxsaylı görüş-müzakirələrimiz olub...

Gallery

- Görülən işlərdən az-çox biz mətbuat işçilərinin də xəbəri var. Saysaq, uzun siyahı alıncaq. Mən istərdim, konkret məsələlərə keçək. Ölkəmizdə kitab sənayesi, kitab bazarı yaxşı vəziyyətdə deyil. Misal üçün, Ağcabədi, Bərdə və digər on minlərlə insan yaşayan rayonlarda bir dənə də kitab mağazası yoxdur. Sizcə, bu sistemin yaranması və işlək mexanizmə çevrilməsi üçün nə etməliyik?

- Bu sahədə bir sıra addımlar atılıb, əlbəttə. Ümumən respublikamızda kitaba dönüş, kitab evlərinin qurulması, kitabxanaların müasir tələblərə cavab verməsi və s. istiqamətində işlər görülür. Çox şadam ki, bu işdə yalnız dövlət orqanları deyil, özəl sektor da maraq nümayiş etdirir, ancaq hələlik bu maraq yetərli səviyyədə deyil. Mən fürsətdən istifadə edərək, buradan bir daha iş adamlarına, imkanlı şəxslərə, nüfuzlu ziyalılara çağırış etmək istərdim ki, bölgələrimizdə kitabxanalar qursunlar, kitab dükanları açsınlar. Əgər, hələ də kitab dükanı olmayan bölgəmiz varsa, bu, əlbəttə yaxşı hal deyil. Hə, deyilə bilər ki, indi internet resursları inkişaf edib, yaxud əhalinin əksəriyyətinin iş həyatı və ya yaşayışı böyük şəhərlərlə sıx bağlıdır, bu da kitab dükanlarına əlçatanlğı təmin edir və s. – bunlar da anlaşılandır – amma mən yenə hər bölgədə kitabxana və kitab dükanı olmasının tərəfdarıyam. Yəni, kitab dükanı yoxsa, kitabxana olsun. Bilirsiniz ki, kitab dükanı alıcı tələbatına uyğun şəkildə açılır. Məsələn, bir sahibkar o dükanı açacaqsa, burada maddi qazanc güdməsi çox təbiidir. Nadir hallarda maddi qazancdan daha çox mənəvi qazanc gözləyən iş adamı ucqarlarda kitab dükanı açmağa qərar verər. Amma mən tanınmış iş adamlarına da səslənmək istərdim ki, indi açacağınız bir kitab dükanı, bəlkə, sizə maddi qazanc gətirməyəcək, lakin adınız həmişə müsbət planda xatırlanacaq; maddi qazanclar gəlib keçəcək, o kitab dükanı isə sizin və ailənizin tərcümeyi-halında qalacaq.

Hər bir bölgəmizdəki ziyalılar belə bir ehtiyacın olmasını yerli icra hakimiyyətinə, regional mədəniyyət idarəsinə, nəhayət Mədəniyyət Nazirliyinə bildirsə, yaxşı olar. Heç şübhəsiz, bu iş yalnız ziyalıların müraciətini gözləməklə də olmaz. Əlaqədar qurumlar özləri də yerlərdə əhalinin sayına, mədəni tələbatına uyğun şəkildə müvafiq təkliflərlə çıxış etməlidir.

Özəlliklə yerli icra qurumları bu məsələdə çox aktiv olmalıdır. Onların belə məsələlərdə dəstək olmaları üçün səlahiyyəti və şəraiti var.

Yerli icra hakimiyyətlərinin, regional mədəniyyət idarələrinin, təhsil idarələrinin kitab festivalları, imza günləri, satış-sərgilər və s. tədbirlər təşkil etməsi ümumi işin xeyrinə olardı. Ayrıca, TV-lərimizin kitab müzakirələri təşkil etməsini, kitab tanıtımı ilə bağlı qardaş Türkiyədə, digər ölkələrdə mövcud olan ən yaxşı ənənələri, təcrübəni tətbiq etməsi arzuolunandır. Bu da cəmiyyətin mədəni inkişafına təsirsiz ötüşməyəcək.

Gallery

- Bakı şəhərinin özündə belə kitab mağazalarının sayı qənaətbəxş deyil. Küçədə kitab satmağa icazə verilmir. Buna görə nəşriyyatların bazarla iş qurmaq şansı yoxdur. Bu isə müstəqil nəşriyyatların yaranması və formalaşması işini ləngidir... Sizcə vəziyyəti nisbətən düzəltmək üçün nə etmək olar?

- Vurğuladığınız məsələlər işin bir başqa tərəfidir. Menecmentlik, marketoloqluq, kitab bazarlaması – bunlar işin iqtisadi əsaslı tərəfləridir. Yaradıcılığa münasibətdə iqtisadi amillər özünəməxsus rola sahibdir. Əhalinin alıcılıq qabiliyyətindən tutmuş, kitabın maya dəyəri, nəşriyyatların qonorar sistemi ilə işləməsi, nəşriyyatlararası rəqabət və bundan irəli gələn qiymət siyasəti və s. – təbii, bütün bunlar önəmli məsələlərdir. Vəziyyəti nisbətən düzəltmək üçün ayrı-ayrı iş adamları, nəşriyyatlar müəyyən addımlar atıb, artıq köklü girişimlərə ehtiyac var.

- Nə kimi girişimlər ola bilər?

- Baxın, indi Qarabağda şəhər və kəndlərimiz yenidən qurulur. Ağıllı kəndlər, şəhərlər salınacaq. Orada bu kimi problemlər olmayacaq. Kənd də, şəhər də bütün gərəkli mədəni infrastrukturla əhatə olunacaq. Yaxud, ötən illər içində inşa edilmiş qaçqın şəhərciklərində müxtəlif mədəni infrastruktur layihələri də icra edilmişdi.

Paytaxta gəldikdə, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə, xüsusi konsepsiya ilə hazırlanmış Bakı Kitab Mərkəzi şəhərimizin əsas mədəni marşrutunda öz yerini alıb. Bir sıra kitab mərkəzlərində dəfələrlə təqdimatlarda iştirak etmişik və pandemiya sonrası o mərkəzlərin yenidən öz aktiv fəaliyyət həyatına dönəcəyinə inanıram.

Nəhayət, 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəmizin bir sıra digər problemlər kimi, dediyiniz problemlərin həllində də öz təsirlərini göstərdiyini getdikcə daha əyani şəkildə görəcəyik.

Amma əlbəttə, paytaxt başda olmaqla bütün şəhər və rayonlarımızda daha çox kitab evi, kitab dükanı olmalıdır, buna ehtiyac da var, problemin həlli üçün imkanlar da mövcuddur.

- Kağız üzərindən ƏDV-nin götürülməsi, gömrük rüsumunun azaldılması, kitab satışı ilə məşğul olan müəssisələrə güzəştlərin tətbiqi bizdən kasıb olan qonşu ölkələrdə həyata keçirilir. Bəs, biz niyə etmirik? Dövlət qarşısında məsələ qaldıran olmayıb, yoxsa. Niyə bu məsələlər sonraya saxlanılır?

Gallery

- Bayaq da vurğuladığım kimi, biz bu məsələni parlamentin plenar iclaslarında qaldırmışıq, hökumətimizin bu məsələni müvafiq qanunvericilik bazası əsasında öz müsbət həllinə qovuşduracağına inanıram.

Bizim kitab nəşri, kitab satışı və s. istiqamətində ənənələrimiz olub. Müstəqillik illərində daha vacib məsələlər təbii axarla ön plana keçsə də, xalqımız, ziyalılarımız kitabdan qopmadı və geniş xalq istək və arzusu ilə son bir neçə il içində kitaba dönüş başladı. Mən bu mərhələnin başlanğıcını latın qrafikalı kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Prezident Sərəncamı ilə əlaqələndirərdim.

Kağız üzərindən ƏDV-nin götürülməsi ilə bağlı çağırışlar, müraciətlər öz həllini nə qədər tez tapsa, bu, cəmiyyətin mədəni-mənəvi tələbatının qarşılanması baxımından bir o qədər faydalı olar.

Yəni, dediklərimiz, sizin toxunduğunuz məsələni tamamilə aradan qalxmış kimi göstərməyə xidmət etmir. Problemə ən yaxşı baxış, onu etiraf etmək və ən universal həll yolu ilə irəliləməkdən keçir. Mən elə bilirəm, biz bu həll yolunda irəliləyirik və daha yaxşı nəticələr uzaqda deyil.

- Bildiniz kimi, Gürcüstanda qeyd etdiyimiz sahə xeyli irəli gedib. Bəlkə, elə bu səbəbdən gürcü yazıçısının əsəri Buker mükafatının uzun siyahına düşmüşdü... Təəssüf ki, bütün bunlar bizim üçün hələ də xəyal olaraq qalır.

- Məncə, bu sualın cavabı bir xeyli dərəcədə, öncəki suala cavabımızda əhatə olundu. Gürcü qonşularımızın bu uğurunu yalnız kağız üzərindən ƏDV-nin götürülməsi, gömrük rüsumunun azaldılması və yaxud kitab satışı ilə məşğul olanlara müəyyən güzəştlərin tətbiqi ilə bağlamazdım. Ola bilsin, bu deyilənlərin də rolu var, ancaq həlledici məqam məhz prinsipial ədəbiyyat yolçuluğundan da qaynaqlana bilər. O gürcü yazıçısının Buker mükafatının uzun siyahısına düşməsi hələ onun yazdığının fövqəladə əsər olmasını ifadə etməyə də bilər. Olsun ki, onun ədəbi təşkilatçılığı, yaxşı çevrəsi, müəyyən əlaqələri var və uğuru da bununla bağlıdır. Mən onun əsərləri ilə tanış olmadığımçün birmənalı fikir söyləyə bilmərəm. Bizdən də bir sıra yazıçılar ayrı-ayrı beynəlxalq festivallarda uğur qazanır, müəyyən siyahılarda yer alır.

Xaricə çıxmağın ən mühüm şərtlərindən biri də tərcümə institutunun güclü olması ilə bağlıdır. Şükürlər olsun, son illər dövlət səviyyəsində bu sahəyə diqqət-qayğı artırılıb, Dövlət Tərcümə Mərkəzi yaradılıb.

Bəlkə də müəyyən məsələlərdə gecikmişik, ancaq gec də olsa, bu yöndə fəaliyyətə başlamağımız təqdir olunmalıdır. Siz də çox sağ olun ki, bu mövzunu işıqlandırırsınız, gündəlikdə saxlayırsınız və təsirli həll yolu tapmağa, ictimai fikri bu işə yönəltməyə yardımçı olursunuz.

Söhbət burada bədii tərcümədən gedirsə, biz nəzərə almalıyıq ki, hazırda bizim müxtəlif dillərdən birbaşa tərcümə edənlərimiz çox azdır. Necə deyərlər, sovet dövründən qalma ənənə ilə bir neçə aparıcı dünya dilindən orijinaldan tərcüməçilərimiz var, onların fəaliyyətini təqdir edirik, lakin etiraf edək ki daha çox dildən birbaşa tərcümə sahəsində hələ yetərsizliklərimiz var.

Tərcümə yalnız dil bilgisi ilə bağlı deyil. Tərcümə daha geniş məna daşıyır. Müxtəlif dillərdən tərcümələr, müxtəlif dillərə tərcümələr nə qədər çox və nə qədər keyfiyyətli olsa, bu mədəniyyətlər mübadiləsinə, həqiqətlərin mübadiləsinə o qədər çox kömək etmiş olar.

Gallery

- Dövlətdən asılılığın ciddi sənət nümunələrinin yaranmasına mane olduğunu düşünənlər də var. Sizcə, yaradıcı qurumların, təşkilatların, kino və teatr müəssisələrinin müstəqil fəaliyyətini necə təmin etmək olar?

- 90-cı illərdə, elə indi də, yaradıcılıq qurumunun dövlət dəstəyi olmadan fəaliyyəti çətindir. Yəqin, milli donor institutları, xarici donorların cəlb edilməsi bir yol kimi görünə bilər və bu istiqamətdə müəyyən təcrübələr də yaranıb. Əsas qənaətlərdən biri, tamaşaçı marağı, tamaşaçıların öz böyük maraqları ilə teatrı yaşatması ilə bağlıdır. Teatr tamaşaçının zövqünü oxşamalı, onu öz çevrəsində saxlamağı bacarmalıdır.

Dövlətdən asılılıq deyərkən, dövlət də bizimdir, cəmiyyət də. Müstəqil dövlətlə, məsələn, keçmiş sovet mərkəzi hakimiyyətini bir tuta bilmərik. Müstəqil dövlət vətəndaş cəmiyyəti institutlarının güclənməsində, yaradıcı qurumların, kino və teatr təşkilatlarının müstəqil fəaliyyətində maraqlıdır. Dövlət maraqlıdır ki, yeni nəsil vətənpərvərlik ruhunda tərbiyə olunsun, yeniyetmə və gənclərin bədii təfəkkürü düzgün formalaşsın, onlar zərərli vərdişlərdən uzaq dursun, maariflənsin və s.

Cənab Prezident bu ilin yanvar ayında yeni mədəniyyət nazirini onlayn qaydada qəbul edərkən, yeni mədəniyyət strategiyası ilə bağlı fikirlərini bölüşdü. Prezidentin verdiyi tapşırıq, göstəriş və tövsiyələr teatr, kino sahələri də daxil olmaqla, mədəniyyət və incəsənətin bütün sahələri ilə bağlı vəzifələri özündə ehtiva edir. Yeni mədəniyyət strategiyası ilə bağlı Mədəniyyət Nazirliyinin rəsmiləri bizimlə də müzakirələr apardı; belə müzakirələr, fikir mübadilələrini çox faydalı hesab edirik. Yaxın vaxtda ictimaiyyətə təqdim olunacağına inandığım həmin strategiyanın tətbiqi sayəsində, hazırda mövcud olan bir sıra problemlər öz həllini tapacaq.

Yeni mədəniyyət strategiyasının mədəni həyatımızı daha da canlandıracağına, mədəniyyət, incəsənət sahəsinin bütün iştirakçılarını yeni uğurlara stimullaşdıracağına inanırıq.

Yəni, təqdir edərsiniz ki, bu məsələ çox geniş müzakirə tələb edir – zatən, belə müzakirələr cəmiyyətimizdə həmişə gedib və bunun özü cəmiyyətin təqdirəlayiq axtarışlarının təzahürüdür.

- Özünüz də yazı adamsınız. Ədəbiyyat adamları ilə yaxınsınız. Kimləri oxuyursunuz, kimləri bəyənirsiniz?

- Kitab oxumaq ruhi-mənəvi ehtiyacdır. Kitab oxumaq vərdişdir, əgər kimdəsə vərdiş deyilsə, onu vərdiş halına gətirmək lazımdır.

Hər nə qədər yorğun olsam da, işdən sonra hansısa kitabı mütaliə etmədiyim gün olmur. Mənim zəngin kitabxanam var, orada həm avtoqrafla verilmiş kitablar, həm də özüm aldığım kitablar var. Doğrudur, məni daha çox klassiklər cəlb edir, habelə, dünya ədəbiyyatını izləməyə çalışıram. Vaxtımın yetdiyi qədər gənc yazarları, yeni imzaları da oxumağa çalışıram.

Gallery

Ümumi şəkildə desək, istedadla yazılmış bütün əsərlər maraqlıdır. Bir də, daha öncüllük verdiyim mövzular var, təbii. Bu sırada, türk dünyası ünvanlı əsərlər, türk tarixi, türk dünyasının tarixi şəxsiyyətləri haqqında əsərləri qeyd edə bilərəm. Bu planda, daha çox, sovet dövründə oxumaq imkanımız olmayan əsərlərə üstünlük verirəm. Özəlliklə təsəvvüflə bağlı əsərləri oxuyuram. Elmi-publisistik, avtobioqrafik, memuar ədəbiyyatı da oxuduğum əsərlər sırasındadır.

- Gənc yazarlardan kimlərin adını çəkərdiniz?

- Son illər bir çox istedadlı gəncimiz meydana çıxıb. Hər birinə uğur arzulayıram. Çox şadam ki, onlar öz kitablarını imzalı şəkildə bizə bağışlayıblar. Yaxud, özümüz yeni imzaları izləmiş, kitablarını almışıq. Bir çox yeni nəsil yazarı ilə komitəmizdə görüşmüş, yaradıcılıq planları, qayğıları ilə yaxından tanış olmuşuq. Daha öncələr neçə-neçə gənc yazarın kitab təqdimatında iştirak etmişik, təqdimatların təşkilinə dəstək vermişik.

Ad çəkməyə gəldikdə, kiminsə adı yaddan çıxar və incəqəlbli yazar gənclərimiz bizdən inciyər deyə, gəlin fərdiləşdirməyək.

Yenə vurğulamaq istərdim ki, TV-lərimiz gənc yazarlarımızın kitablarını tanıtmaqçün geniş imkanlara sahibdir, eləcə də, populyar KİV-lərimiz. Bölgələrimizdəki müvafiq dövlət orqanlarımız – regional mədəniyyət idarələri, təhsil idarələri, gənclər-idman idarələri, yerli icra hakimiyyəti orqanları gənc yazarların, ümumən yazarların iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsini təşkil edə bilər. Ümidvaram, pandemiya məhdudiyyətləri aradan qalxdıqdan sonra bu sahədə də yeni səhifə açılacaq. Hələliksə, belə tədbirləri onlayn rejimdə keçirmək, gənc yazarlara dəstək nümayiş etdirmək olar.

- Ən sevdiyiniz, sizə çox təsir edən bədii əsər hansıdı?

- İstər Azərbaycan, istər türk dünyası və dünya ədəbiyyatından çox sevdiyim əsərlər var. O əsərlərin təsiri yaşa, zamana görə dəyişə bilir. Məsələn, uşaqlıq, yeniyetməlik illərində qalıcı təsir göstərmiş əsərlər var ki, günü bu gün də unudulmur. Şəhriyarın, Səhəndin, Əhməd Cavadın, Mehmet Akif Ərsoyun əsərləri bir zamanlar yaddaşımda dərin izlər qoyub. “Heydərbabaya salam”, “Balaca qara balıq”, “Çırpınırdın, Qara dəniz”, “Azərbaycan marşı”, “İstiqlal marşı” və b. əsərlərin hər birinin özünəməxsus izləri qalıb yaddaşımda. Gənclik illərində də, Azərbaycan, türk dünyası, dünya yazarlarının müxtəlif əsərləri daxili dünyamızı zənginləşdirib; hazırda da öyrəndiyimiz, sevə-sevə oxuduğumuz, oxuyacağımız əsərlər var, əlbəttə.

Mən ziyalı ailədə dünyaya göz açmışam. Valideynlərim müəllim olub. Ona görə də həmişə kitabla, ədəbiyyatla iç-içə olmuşam. Yadıma düşür, mən birinci sinfə gedəndə, atam mənə iki kitab hədiyyə etmişdi və demişdi ki, yadında saxla, bu, sənə verə biləcəyim ən yaxşı cehizdir.

- Özünüz də bədii yaradıcılıqla məşğulsunuz...

- Bu aralar sırf bədii yaradıcılıqla məşğul ola bilməsəm də, müəllifi, tərtibçisi olduğum bir sıra kitablar vardı, onları müəyyən düzəliş, əlavə və yeni redaksiya ilə nəşrə hazırlamaqdayam. “Addım-addım Yaponiya” kitabı artıq işıq üzü görüb. “Addım-addım Özbəkistan” kitabı qarşı günlərdə çıxacaq. “Addım-addım Türkiyə” beşcildliyinin ilk iki cildi üzərində işlər tamamlanmaq üzrədir. Vətən Müharibəsi şəhidləri haqqında kitab bu ay çıxacaq. Ayrıca, mədəniyyət sahəsi ilə bağlı bir sıra kitabların nəşrini düşünürük.

Mən, əsasən, doğma türk ölkə və topluluqları haqqında, yaxud dostluq qrupuna üzvü olduğum ölkələr haqqında maarifləndirici, tanıdıcı kitablarla çıxış edirəm.

Əgər şeir, hekayə yaradıcılığından söhbət gedirsə… fikrinə sayğı duyduğum insanların müəyyən şeirlərim, hekayələrim haqqında müsbət fikirlər bildirməsinə baxmayaraq, mən özümü şair, yazıçı adlandırmıram. Mənim yaradıcılığım daha çox xəlqi duyğulara köklənib. Epos təfəkküründən, habelə türk-islam mədəniyyəti dərinliklərindən qaynaqlanan müəyyən yazılarım gələcəkdə də öz aktuallığını itirməyəcək deyə düşünürəm. Ən adil hakim zamandır. Qardaş Türkiyənin tanınmış ədiblərindən Coşğun Karabuludun sözləri ilə desək, “vəsiyyətimdir – hər şeyi zamana buraxıram”. – Belə bir vəsiyyət, belə bir zamanlama hər bir şeir, hekayə, kitab yazarının ən yaxşı son sözü ola bilər, deyə düşünürəm.

Gallery

- Jurnalistika üçün darıxırsınızmı?

- Jurnalistika fəaliyyəti həyatımda çox önəmli yerə sahibdir. Bəli, mən Millət vəkili olmamışdan öncə jurnalistika ilə məşğul idim. Bizim işimiz elədir ki, jurnalistika fəaliyyəti ilə məşğul olmasaq da, jurnalistlərlə, demək olar, gündəlik təmasdayıq.

Bəlkə də nə vaxtsa memuar yazmaq imkanım olsa, jurnalist fəaliyyətim dövrünə aid yazacaqlarımın geniş oxucu marağına səbəb olacağına şübhə etmirəm. O qaynar illər, tamaşaçılardan gələn zənglər, müxtəlif problemlərin həllinə dair istəklər, tələblər, beynəlxalq tədbirlər, dövlət başçısının səfərlərində iştirak… - bunlar o qədər mövzular verib, elə xatirələr yaradıb, elə bilirəm, nə vaxtsa, oxuyanlar üçün 90-cı illərin ictimai-siyasi, mədəni mənzərəsini canlandırmaq üçün çox yaxşı mənbə ola bilər.

- Kimdən müsahibə almaq istəyərdiniz?

- O müqəddəs anlarda Şuşaya ilk girən əsgərdən, orda bayraq qaldıran zabitdən və Müzəffər Ali Baş Komandanımızdan müsahibə almağı çox istərdim…

- Azərbaycan Yazıçılar Birliyi haqqında nə düşünürsünüz? Bir çoxları düşünür ki, köhnə mexanizmlə işləyir. Hətta gərəksiz olduğunu deyənlər də var.

- Mən belə düşünmürəm. Məncə, yaradıcılıq ittifaqları nə qədər çox olsa, nə qədər geniş fəaliyyət göstərsə, bir o qədər yaxşıdır. Belə ittifaqlar bir platformadır, yaradıcı insanların müəyyən sosial problemlərinin həllində rol oynayır, müvafiq dövlət orqanları qarşısında məsələlər qaldırır və s. Bunların nəyi pisdir?

Doğrusu, yaradıcı ittifaqlar haqqında qanun layihəsi mövzusu məndən öncə də, mən Komitə sədri olduqdan sonra da müzakirə mövzusu olub. Mən yaradıcı qurumlar haqqında qanunvericiliyin təkmilləşdirilməsinə dair fikirləri anlayışla qarşılayıram. İnanıram ki, yeni mədəniyyət strategiyası bu sahədəki sualları da ən uyğun cavaba qovuşduracaq.

Yenə deyirəm, mən mövcud olanı dağıtmaq yox, onu təkmilləşdirmək, oradakı imkanları hər kəs üçün, özəlliklə gənclər üçün daha əlçatan etmək üzərində düşünməyin tərəfdarıyam. Bu sözləri sırf Yazıçılar Birliyi üçün deyil, ümumən yaradıcılıq ittifaqları üçün deyirəm. Elə bilirəm, nə qədər çox yaradıcılıq qurumu olsa, bu rəqabət mühitinin yaranmasına, daha yaxşı layihələrin meydana çıxmasına səbəb olar.

- Parlamentdə qələm adamlarının olmağının nə kimi yaxşı yönləri var? Çox vaxt deyirlər, Millət vəkili gərək hüquqşünas olsun, qanunların istehsalında aktivlik göstərsin.

- Parlamentdə müxtəlif ixtisas sahiblərinin, müxtəlif fəaliyyət sahələri üzrə mütəxəssislərin, ziyalıların olması ümumi işin xeyrinədir.

Mədəniyyət sahəsinin təmsilçiləri də cəmiyyətdən gələn istək və arzuları, öz sahələrinin peşəkarı olaraq parlamentdə, əlaqədar orqanlar qarşısında qaldırır, qanunvericiliyin təkmilləşdirilməsinə töhfələr verir.

- Deputat olmuş yazıçılarımızdan, şairlərimizdən kimlərlə dostluğunuz, münasibətiniz olub?

Gallery

- Zəlimxan Yaqubla yaxşı münasibətimiz var idi. Mənim ən sevdiyim şairlərdən biridir Zəlimxan Yaqub. Vaqif Səmədoğlu ilə də gözəl dostluğumuz olub. Hətta, yadımdadır, bir dəfə gecə yarısı mənə zəng elədi ki, gözəl bir söz məclisindəyik, sən də gəl. Nə qədər illah elədim ki, ay Vaqif müəllim, işlərim çoxdur, çatdıra bilmirəm, yenə də israrını davam etdirdi, mənə də həmin məclisə getməkdən başqa çarə qalmadı. Açığı, çox əla bir məclis idi, saatlarla sözdən, şeirdən, ədəbiyyatdan danışıldı, feyziyab olduq, amma axırda Vaqif müəllimin özünə də dedim ki, xahiş edirəm, bir də məni belə məclislərə çağırmayın, sözə-söhbətə qapılıram, vaxtın necə keçdiyinin fərqinə varmıram.

- Sizi seçiciləriniz Millət vəkili kimi sevirlər. Bunun sirri nədir? Bəlkə, deyəsiniz, həmkarlarınız da öyrənsin?

- Vallah, bu barədə həmişə deyirəm ki, əvəzedilməz insan yoxdur, bəlkə Məclisdə təmsil etdiyim dairənin məndən sonrakı təmsilçisi daha bacarıqlı olacaq, daha çox seviləcək. Mən daşıdığım mandat-missiyaya, mənə səs vermiş insanların etimadına uyğun olaraq, öz üzərimə düşən işləri görməyə çalışıram. Düşünürəm ki, biz Millət vəkillərinin postmüharibə dönəmində də görəcəyi çox işlər var. Azərbaycanın qalibiyyətindən məmnun olmamış bəzi xarici dövlətlərin, ayrı-ayrı qurum və quruluşların qarayaxma, həqiqətləri gizlətmə kampaniyasına qarşı var gücümüzlə çalışmalıyıq. Tanrı utandırmasın!

- Ancaq sizə tənqidi yanaşan, bəzən haqqınızda sərt sözlər yazan qələm adamları da olur. Buna münasibətiniz necədir?

- Onsuz olmaz. Obyektiv tənqiddən heç zaman çəkinməmişəm, obyektiv tənqid işin xeyrinədir. Mən mətbuatımızın tənqidlərinə həmişə dözümlü yanaşmışam.

Tək özümə qarşı olan qarayaxma, şər, böhtanları nəzərdə tutmuram. Belə hallar cəmiyyətimizdə mənfi tendensiya, presedent yaratmasın deyə, qarayaxma ilə, həqiqətləri gizlədib, şər-böhtanla məşğul olanların cəmiyyətin aktiv kəsimi tərəfindən qınanılmasının tərəfdarıyam.

Foto: Nicat Əlili

# 10022 dəfə oxunub

Müəllifin son yazıları

# # #