Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Emin Əmrullayevə açıq məktub

Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Emin Əmrullayevə açıq məktub
19 dekabr 2024
# 15:17

Kulis.az Ulucay Akifin Təhsil naziri Emin Əmrullayevə açıq məktubunu təqdim edir.

Rastıma bir xəbər çıxdı:

“Tovuzda məktəbdə zəhərlənənlərin sayı 71-ə çatdı”.

Fikirləşdim, yəqin, şagirdlər nəsə yığıncaq ediblər, çöldən yeməyə nəsə gətiriblər, ondan zəhərləniblər. Ya da, “ən yaxşı halda” (!), məktəbin bufetində uşaqlara köhnə nəsə satıblar.

Açıb xəbəri oxuyandan sonra məyusluğum daha da artdı. Sən demə, Tovuzun Aşağı Quşçu kəndindəki məktəbdə şagirdlər dəm qazından kütləvi zəhərləniblər.

Dəm qazı, onsuz da, başımızın bəlasına çevrilib, Əzrayılın qaz halıdır dəm qazı, amma məktəbdə də yox da...

Axı gözəlim məmləkətimizdə, müharibədən alnı açıq, üzü ağ çıxan xalqın məktəblərində şagirdlər niyə dəm qazından zəhərlənməlidir?

Xəbərdəki şəklə, məktəbin fotosuna baxanda kefim daha da pozuldu. Siz də baxın həmən məktəbə.

Bu, 2025-ci ilin astanasında dayanan qalib ölkənin məktəbidir. Qırıq pəncərələrindən sobanın boruları çıxır, divarları hisdən qaralıb... Çox yox, azca iri bir adam bu məktəbin divarına söykənsə, bina uça bilər. Məktəb Allaha ümid ayaqüstə dayanıb, elə təhsilimizin özü kimi.

Bu məktəbin içini də təsəvvür eləyirəm. Soyuq qış günlərində balaca-balaca məktəblilərin parta arxasında “kurtka”da oturmağını, bir-birinə qısılmaqlarını, qələm tutanda barmaqlarının üşüməyini, nəfəsləri ilə əllərini isitməklərini - hər şeyi görürəm.

Axı qələmi ürəklə tuta bilməyən, kitabı ürəklə vərəqləyə bilməyən bu uşaqlara elmi necə sevdirəcəyik?

Mən bilirəm, hələ bu, kəndlərimizdəki məktəblər arasında ən abırlısıdır.

Bilirəm, taxtadan məktəblərimiz də var. Heç sobası olmayan məktəbləri deyirəm. Heç qırıq pəncərəsi də olmayan məktəblər.

Amma bir şeyin daha pisinin olmağı mənə təsəlli deyil.

Axı niyə daha pisi olmalıdır?

Axı niyə “buna da şükür” deməliyik?

Ölkə başdan-başa nəhəng, dəbdəbəli tikililərlə doludur.

Olmaz ki, o nəhəng, dəbdəbəli binaları, imarətləri, şadlıq saraylarını, plazaları tikəndə, pulundan yox, heç olmasa, qumundan, sementindən, daşından, qapısından, pəncərəsindən bölgələrimizdəki, kəndlərimizdəki məktəblərə də göndərək?

Olmaz ki, kəndlərimizdəki o ağ vərəq kimi təmiz uşaqlar isti, rahat, işıqlı məktəblərdə tanış olsunlar elmlə?

Bakıdakı məktəblərin, liseylərin, universitetlərin ağ mərmərindən, qara mərmərindən kəsək lap.

Təhsil Nazirimiz var, Emin Əmrullayev... Məncə, o daha yaxşı bilər nə etməliyik, necə etməliyik. Getsin bir o məktəblərə baxsın, fikirləşsin, görsün neyləmək olar? Lazımdısa, lap mən də gələrəm, ən azından, daşı daş üstünə qoyaram.

Pul ayrılsın o məktəblərə. Ayrılan pullar axırıncı qəpiyinə kimi təyinatı üzrə xərclənsin.

Nəsə edək, necəsə edək, heç olmasa, bu cür məktəblərimizin kombisi olsun, şagirdlər özüylə odun gətirməsin dərsə, dəm qazından zəhərlənməsinlər.

Axı ayıbdı.

Gözəlim məmləkətimiz üçün ayıbdı, günahdı, heyifdi...

# 4408 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #