Tövbə yolunu göstərən sənətçi - Nəriman Əbdülrəhmanlı

Tövbə yolunu göstərən sənətçi - Nəriman Əbdülrəhmanlı
20 dekabr 2024
# 09:00

Kulis.az Nəriman Əbdülrəhmanlının "Tengiz Abuladze: Tövbə yolunu göstərən sənətçi" yazısını təqdim edir.

Onun hər bir filmi hadisə, tamaşaçıları heyrətləndirən və sarsıdan ekran əsəri idi, adamları təkcə baxmağa yox, həm də daxilən dəyişməyə məcbur eləyir, qəlbinin ən incə tellərinə toxunurdu...

I. Bəxtimə düşən təsadüf

...Sonuncudan əvvəlki Ümumittifaq kinosestivalı 1987-ci il mayın 18-25-də Tbilisidə keçirilirdi. Mən də “Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) qəzeti ədəbiyyat və incəsənət şöbəsinin əməkdaşı kimi festivala təhkim olunmuşdum, filmlərə baxır, kinematoqrafçılarla görüşlərdən xəbərlər yazır, təəssüratlarımı qeyd eləyirdim.

Mayın 23-də işə çatıb nəfəsimi dərməmiş şöbə müdirimiz unudulmaz Arif Mustafazadə dilləndi:

- Teymuraz müəllimin (redaktor Teymuraz Cəfərli) tapşırığıdı, tez Kinematoqrafçılar İttifaqına get, Eldar Şengelayaya (İttifaqın sədi) zəng vurub, adını yazdırıb. Festival heyətiylə səfərə getməlisən. Cəld ol, on dəqiqəyə yola düşməlidilər.

Tələm-tələsik yığışıb çıxdım. Redaksiyanın yerləşdiyi binayla Kinematoqrafçılar İttifaqının arası cəmi-cümlətanı iki yüz addım olardı, amma mən özümü çatdıranda tini burulub Rustaveli prospektinə çıxan avtobusu gördüm, neyləyəcəyimi bilmədən, çaşqın halda donub qaldım: geri əliboş qayıtmaq məndən ötrü ayıb, taksi saxladıb avtobusu haqlamaq isə gec olardı.

Bir qərara gəlməmişdim ki, İttifaqın qapısından görkəmli rejissor, SSRİ Xalq artisti, Gürcüstan Kinematoqrafçılar İttifaqının katibi, bir neçə gün əvvəl Kann kinofestivalında “Tövbə” filmiylə Qran-Pri qazanmış Tengiz Abuladzenin çıxdığını gördüm. Deyəsən, çaşqınlığımı sezib ayaq saxladı. Bu fürsətdən də istifadə eləmək qərarına gəldim:

- Bağışlayın, badono Tengiz, - dedim, - məni Teymuraz Cəfərli göndərib, kinofestival iştirakçılarının bugünkü səfərindən reportaj hazırlamalıyam, amma deyəsən, gecikdim.

Gürcüstan KP MK-nın üzvü Teymuraz Cəfərlinin adı-soyadı təsirini göstərdi, Tengiz Abuladze gülümsəyib qolumdan yapışdı:

- Teymuraz Mamedoviçin göndərdiyi adamı geri qaytarmaq olmaz. Mən də o tədbirə gedirəm, maşınımızda da yer var. Gedək...

Taleyin üzümə belə gözlənilməz qapı açacağını heç gözləməzdim. Qəlbim həyəcandan əsə-əsə onun göstərdiyi maşına doğru getdim...

II. Birinci xatırlatma: Yolun başlanğıcında

Kinoyla təmasım sayəsində Tengiz Abuladzenin yaradıcılığına bələd idim. Bilirdim ki, Kutaisidə doğulub (1924-cü il yanvarın 31-də), dəmiryol texnikumunu bitirib, sonra Şota Rustaveli adına Tbilisi Dövlət Teatr İnstitutuna üz tutub, Georgi Tovstonoqov və Dmitri Aleksidzenin sinfində təhsil alıb, iki il teatrda çalışıb, 1948-ci ildə Dostu Revaz Çxeidzeylə Moskvaya gedib, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olub, əvvəlcə Sergey Eyzenşteyn və Lev Kuleşovun, sonra Aleksandra Xoxlova və Aleksandr Dovjenkonun emalatxanasında təhsil alıb.

Tengiz Abuladze diplom işini görkəmli gürcü musiqiçisi və pedaqoqu Dmitri Alrakşviliyə həsr elədiyi sənədli filmlə diqqət çəkə bilmişdi. “Gürcüstanfilm” kinostudiyasında ilk sərbəst işi də sənədli oldu, “Bizim saray” lenti ilə “böyük kino”nun qapısı açıldı.

1955-ci ildə dostu Revaz Çxeidzeylə Yekaterine Qabaşvilinin “Maqdananın Lurcası” hekayəsi əsasında Karlo Qoqodzenin yazdığı ssenarini ekranlaşdırmağa başlayanda, az qala, bir göz qırpımında məşhurlaşacaqlarını ağıllarına belə gətirmirdilər. Lakin film 1956-cı ildə Kann kinofestivalının qısametraflı filmlər müsabiqəsində “Uydurma süjetli ən yaxşı film” nominasiyası üzrə qalib olanda bu möcüzə baş verdi. Film elə həmin il də Edinburq kinofestivalında fəxri diploma layiq görüldü...

Tengiz Abuladze ikinci filminin mövzusu kimi 1954-cü ildə “Komsomolskaya pravda” qəzetində dərc olunmuş oçerki götürdü, hadisələri Gürcüstana köçürdü, Revaz Caparidzeylə birgə ssenari yazdı, beləliklə də, ilk sərbəst tammetrajlı lentini - “Yad uşaqlar” filmini ortaya çıxardı. Film rejissora 1959-cu ildə Helsinki və London kinofestivallarında diplom, 1960-cı ildə Porretta-Terme (İtaliya) və Tehran kinofestivallarında priz qazandırsa da, yaradıcılıq kredosunda dəyişik eləməsinə səbəb oldu...

III. İkinci xatırlatma: Yeni yol axtarışı

Tengiz Abuladze kino sənətindəki “İtaliya neorealizmi” adlanan cərəyanla yaxşı tanış idi, xüsusilə Mikelancelo Antonioni və Federiko Fellininin filmlərini sevir, gürcü kinosunda da belə bir, lakin milli cizgilərini qoruyub saxlayan cərəyanın yaranmasını arzulayırdı, bu yönümdə də sənətdaşı Otar İoselianiylə həmfikir idi. O, faciəvi, amma bənzərsiz sənətçi həyatı yaşamış Niko Pirosmani haqqında film çəkmək, baş rola Serqo Zakariadzeni dəvət eləmək istəyir, amma bu layihəsi daim Dövlət Kinematoqrafiya Komitəsinin keçilməz divarlarıyla üzləşirdi.

Tengiz Abuladze mübarizə apara-apara yaradıcılıq kredosunu mümkün yollarla gerçəkləşdirmək qərarına gəldi, ilk addım kimi də Nodar Dumbadzenin çox sevilən “Mən, nənəm, İliko və İllarion” povestini seçdi. Xalq müdrikliyiylə yumorun heyrətamiz sintezindən ibarət olan bu “qüssəli komediya” tənqid də, tamaşaçılar da yaxşı qarşıladı, film hətta Bratislava kinofestivalında I dərəcəli diploma belə layiq görüldü.

Tengiz Abuladze isə artıq növbəti filminə, əsl yaradıcılıq kredosunu gerçəkləşdirmək üçün hazırlaşmağa başlamışdı. O, bu dəfə böyük gürcü yazıçısı Vaja Pşavelanın yaradıcılığına (“Aluda Ketelauri”, “Qonaq və ev sahibi” poemalarına) müraciət elədi, kist və xevsurlar arasındakı qan düşmənliyi mövzusuna Xeyir və Şər arasındakı mübarizə motivləri əlavə elədi, beləliklə də, ona dünya şöhrəti gətirən trilogiyanın “Dua” adlı ilk filmi yarandı.

Amma rejissorun gürcüsayağı neorealizmi rəsmi dairələrdə narazılıq doğurdu, bu səbəbdən də film, demək olar, SSRİ-də ekranlara buraxılmadı, tamaşaçıdan gizlədildi, Qərbdə isə zəfər qazandı, 1973-cü il San-Remo (İtaliya) müəllif filmləri kinofestivalında Böyük Prizə layiq görüldü.

Həmin vaxt Tengiz Abuladze artıq yeni ekran poetikası axtarışına çıxmış, Dağıstan yazıçısı Əhməxan Abu-Bakarın “Sərminaz üçün boyunbağı” povestinin motivləri üzrə “Sevgilim üzrə boyunbağı” filmini çəkmiş, “Mən, nənəm, İliko və İllarion” filmindəki xətti davam etdirmiş, xalq müdrikliyindən qaynaqlanan yumorla tamaşaçıları ovsunlamışdı. Tbilisidə keçirilən V Ümumittifaq kinofestivalında lent “Komediya janrına töhfəyə görə” diplomunu və mükafatını qazanmışdı...

IV. Üçüncü xatırlatma: Diləkdən tövbəyədək

Artıq Gürcüstanın “Əməkdar incəsənət xadimi” (1961), “Xalq artisti” (1966) fəxri adlarını daşıyan Tengiz Abuladze 70-ci illərin əvvəllərində sənətdaşları ilə birgə Şota Rustaveli adına Tbilisi Dövlət İnstitutunda kinorejissorluq fakültəsinin yaradılmasıyla bağlı təşəbbüs qaldırmış, arzusu gerçəkləşəndən sonra 1974-cü ildə öz emalatxanasını yaratmışdı. Elə həmin ildən “Gürcüstanfilm” kinostudiyasının bədii rəhbəri təyin edilməsi yaradıcılığında müəyyən fasilə yaratsa da, trilogiyanın ikinci filmi üzərində işə başlamışdı.

O, bu dəfə məşhur gürcü şairi Georgi Leonidzenin hekayələrinə üz tutmuş, yazıçı-ssenariçi Revaz İvanişviliylə birgə qələmə aldığı (1977) süjetə “Dilək ağacı” (müəllifin hekayələrindən biri) adı vermişdi. Ötən əsrin əvvəllərində baş verən sevgi hekayətini ustalıqla poetik pritçaya çevirən, zəngin rəng çalarları və şekspirsayağı pafosuyla tamaşaçılara təqdim eləyən rejissor, sözün əsl mənasında, sənət zəfərinə imza atdı. Film elə həmin il Tengiz Abuladzeyə X Ümumittifaq kinofestivalında Baş Priz, Tehran kinofestivalında “Qızıl kəl”, sonrakı il Karlovı Varı kinofestivalında Xüsusi priz, 1979-cu ildə İtaliya ekranlarında nümayiş etdirilən ən yaxşı film üçün “David di Donatello” milli mükafatı, 1983-cü ildə Kabur (Fransa) romantik filmlər kinofestivalında priz qazandırdı.

Amma 1978-ci il rejissor üçün, az qala, faciəylə nəticələnəcəkdi. “Dilək ağacı” filminin İrəvanda nümayişindən sonra geri dönən Tengiz Abuladze qəzaya uğramış, möcüzə nəticəsində sağ qalmışdı. Uzunmüddətli müalicədən sonra yenidən kinoya qayıdan rejissorun 1979-cu ildə Gürcüstan SSR Şota Rustaveli adına Dövlət Mükafatına, 1980-ci ildəsə “SSRİ Xalq Artisti” fəxri adına layiq görülməsi əlavə yaradıcılıq stimulu kimi çox vacib idi.

Yenidənqurma və aşkarlıq siyasətinin gündəmə gəlməsiylə Tengiz Abuladze trilogiyasını tamamlamaq üçün bu fürsətdən məharətlə yararlandı. Onun Nana Canelidzeylə birgə yazdığı ssenari Dövlət Kinematoqrafiya Komitəsinin müqavimətinə rast gəlsə də, maneələri aşa bildi, tamaşaçılara uydurma diktator Varlam Aravidze və rəssam Dandro Baratelinin hekayətini təqdim elədi. Hər bir xalq öz xoşagəlməz keçmişindən qurtulmaq üçün tövbədən keçməlidi – rejissorun “Tövbə” filmində ekran vasitəsiylə göstərdiyi yol budu. Amma Avelin oğlu bu həqiqəti dərk eləmir, o keçmişin üstünü örtməyə çalışır, nəvəsi Tornike isə həqiqəti öyrənəndə intihardan başqa çıxış yolu tapmır...

Film 1984-cü ilin əvvəllərində tamamlansa da, bütün diktatorlara məxsus şər qüvvəni pritça formasında ekranlara çıxardığına görə iki il rəflərdə yatıb qaldı. Hətta Tengiz Abuladze həbs təhlükəsiylə üzləşə, karyerasının sona çata biləcəyini də gözə almışdı. Amma 60 illik yubileyi bəhanəsiylə ölkə rəhbərliyi üçün qapalı nümayişin təşkili onu bu təhlükədən xilas elədi. Həmin vaxt hələ Gürcüstan KP MK-nın birinci katibi olan Eduard Şevardnadze rejissora təbrikini çatdırıb bildirdi ki, filmi hamı görməlidi. Amma az sonra onun SSRİ Xarici işlər naziri təyin edilməsi bu prosesi xeyli ləngitdi.

“Tövbə” filminin ekranlara və festivallara yolu yalnız məşhur “Get və bax” filminə görə eyni qadağayla üzləşmiş Elem Klimov 1986-cı ildə SSRİ Kinematoqrafçılar İttifaqının sədri seçiləndən sonra açıldı. Film Kann kinofestivalında Böyük Prizə, eyi zamanda, FİPRESSİ-nin və ekumenik münsiflər heyətinin prizinə layiq görüldü...

V. Bir saatlıq yol söhbəti

...Bəxtimin gətirdiyi o may günündə Tengiz Abuladzenin maşınına əyləşəndə yanımda Revaz İnanişvilini görüb daha həyəcanlandım, təqdim eləməsini gözləməyib dilləndim:

- Badono Revazı tanıyıram, kitablarını oxumuşam, üstəlik, həmyerliyik, mən də Yor-Muğanlıdanam (Qaraçöpün inzibati adı bu cürdü).

- Çox şadam, - Revaz İnanişvili əl uzatdı. – Elə bizim rayona gedirik, kalbatono Medeyanın (Saqareco rayon partiya komitəsinin birinci katibi, Gürcüstan KP MK-nın üzvü Medeya Mezvrişvili) qonağı olacağıq.

Bu səmimiyyətdən cəsarətlənib Tengiz Abuladzeni Kann zəfəri münasibətilə təbrik elədim, bütün filmlərinə baxdığımı da bildirdim. Kinoya bələdliyim hər ikisinin döşünə yatdığına görə, söhbət Azərbaycan kinosuna keçdi. Tengiz Abuladze tələbəlik illərində Əjdər İbrahimov və Tofiq Tağızadəylə yaxın tanış olduğunu, Şamil Mahmudbəyovla eyni vaxtda oxuduğunu dedi, “Şərikli çörək” filmi haqqında müsbət fikirlər bildirdi, rejissorun o xətti davam etdirmədiyindən təəssüfləndi. Sonra Rüstəm İbrahimbəyovla yaxın münasibətdə olduğunu, onun dağılmaqda olan kino məkanını qoruyub saxlamaq üçün göstərdiyi fəaliyyəti təqdir elədiyini söylədi.

Revaz İnanişvili isə Tofiq Mirzəylə bir neçə hekayəsini dilimizə çevirdiyimizdən xəbər tutanda ədəbi əlaqələrimizi inkişaf etdirməyin vacibliyini bildirdi, bu yönümdə Leyla Eradze və Dilarə Əliyevanın xidmətlərini dilə gətirdi.

Beləcə, təxminən bir saat sürən əlli kilometrlik yol Saqareco yaxınlığındakı qədim qalada sanki bir göz qırpımında başa çatdı...

VI. Tengiz Abuladzenin məclisi

Qalanın ərazisinə girəndə dəstə-dəstə yığışmış festival iştirakçıları arasında qəzet-jurnallardan, televiziya və kino ekranlarından tanıdığım bir çox məşhur simaları – Lidiya Fedoseyeva-Şukşina, İrina Alferova, İqor Kostolevski, Yelena Safonova...tanıdım. Onların arasında Azərbaycan kinosunun nümayəndələri aktrisa Həmidə Ömərova və rejissor Cahangir Zeynallını da görüb sevindim.

Qalanın ərazisiylə tanışlıqdan, ekskursiyaçının tarixi arayışından sonra festival iştirakçılarının şərəfinə banket verildi. Medeya Mezvrişvili əsl gürcü qonaqpərvərliyiylə gözəl süfrə hazırlatmışdı.

O məclisin tamadası da, əlbəttə ki, şöhrətinin zirvəsində olan Tengiz Abuladze seçildi. Gürcü süfrəsinin özünəməxsus akademiya, hər bir tostun öz vaxtı və yeri, qaydaları gözləməyin vacib olduğunu bilməyən, üstəlik, bol süfrədən, gürcü qonaqpərvərliyindən və çaxırından vəcdə gəlmiş sənət adamlarını idarə eləməyin çətinliyini başa düşən Tengiz Abuladze iştirakçılara əsl ziyalı təmkiniylə unudulmaz anlar yaşatdı.

Şübhəsiz, belə böyük məclisdə gözlənilməz məqamların ola biləcəyini də nəzərə almış, yerli cavanlardan bir neçəsini çağırıb “ipi itirən kinematoqrafçıları” sakitcə avtobuslarda və maşınlarda yerləşdirməyi tapşırmışdı.

Həmin məclisin son kadrı indi də yaddaşımda olduğu kimi qalıb: Tengiz Abuladze bayıra çıxanda mən təkcə dayanmışdım. O, üzümə baxıb gülümsədi, səndələyə-səndələyə gedən permli rejissora işarə eləyib dilləndi:

- Bax, bu da sovet kinosu! Amma belə şeyləri yazmayın!

VII. Zəfərlə bitən ömür

Tengiz Abuladzeni bir də festivalın bağlanış mərasimində, “Tövbə” filminə görə Baş Prizi alanda gördüm...

Təəssüf ki, taleyin o xoş təsadüfündən sonra onunla bir daha rastlaşmaq mənə nəsib olmadı. Amma daim mətbuatda uğurlarını izləyirdim. “Tövbə” filminin həmin il Beynəlxalq Çikaqo kinofestivalında Xüsusi Prizə, Rusiya Kino Akademiyasının “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı ssenari işi” nominasiyaları üzrə “Nika” mükafatına, 1988-ci il Varşava kinofestivalında tənqidçilərin “Ən yaxşı xarici film” prizinə layiq görüldüyündən xəbər tutdum.

1988-ci ildəsə Tengiz Abuladze “Dua”, “Dilək ağacı” və “Tövbə” trilogiyasına görə Lenin mükafatına layiq görüldü.

O, 1989-cu ildə Gürcüstandan SSRİ xalq deputatı seçildi, bununla belə, həmin il aprelin 9-da Abxaziyada baş verən separatçı hərəkətlərə etiraz eləyən xalqa qarşı ölkə rəhbərliyinin qoşun göndərməsinə qarşı kəskin etiraz səsini ucaldanların, respublikanın suverenliyinə səs verənlərin ön cərgəsində oldu.

Təəssüf ki, “Tövbə” filmi böyük ekran ustasının son əsəri oldu. 1994-cü il martın 6-da dünyasını dəyişəndə 70 yaşı yenicə tamam olmuşdu...

70 yaşında cəmi 7 tammetrajlı bədii filmlə (biri şərikli) adını dünya kinosunun nəhəng simaları sırasına yazdıran Tengiz Abuladzenin yaradıcılığı haqlı olaraq gürcü mədəniyyətinin ən parlaq səhifələrindən sayılır...

Mart 2024

# 365 dəfə oxunub

Oxşar xəbərlər

Füzuli sözünün sadə anlamı - Tərlan Quliyev

Füzuli sözünün sadə anlamı - Tərlan Quliyev

16:11 19 dekabr 2024
Qafiyədən çəkdiyimiz zülm... - Şeir necə təhlil olunmalıdır?

Qafiyədən çəkdiyimiz zülm... - Şeir necə təhlil olunmalıdır?

15:35 18 dekabr 2024
Yazmaq kimə və nəyə lazımdır?

Yazmaq kimə və nəyə lazımdır?

09:00 18 dekabr 2024
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
# # #